“Görünür səhvə yol vermişəm, elə kasıbın balası ölməli imiş…” – Eldar Sabiroğlu onu təhqir edənlərə səsləndi

 Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlu sonuncu məqaləsindəki bəzi açıqlamaların sosial şəbəkələrdə geniş müzakirə olunmasına və bu zaman onun hədəfə götürülməsinə münasibət bildirib. Söhbət E.Sabiroğlunun bu açıqlamasından gedir: “Ordu təkcə kasıb balaları üçün olmamalıdır! Müdafiə Nazirliyində çalışdığım 7 ildə cəbhə bölgəsində vəzifəli şəxsin övladını görmədim”.
E.Sabiroğlunun məqaləsinin bu hissəsi “AzPolitika.info” saytında da yayımlanıb və minlərlə oxucunun diqqətini çəkib. Həmçinin, bir xeyli oxucu şərhləri də yazılıb ki, onların əksəriyyətində E.Sabiroğlu qınanılıb.
E.Sabiroğlu bununla bağlı “AzPolitika”ya göndərdiyi ironiyalı məktubunda yazır:
“Hörmətli Elnur müəllim! Rəhbərlik etdiyiniz saytda son yazımdan bir hissəni dərc etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm.
Bütövlükdə yazı geniş əks-səda doğurdu. Toxunduğum məsələlərdən narazı olanlar da var. Mən bunu anlayışla qəbul edirəm və təbii yanaşıram. Lakin sosial şəbəkələrdə ünvanıma söylənilən təhqiramiz ifadələrə təəssüf edərək bu kobudluğu onların öz vicdanına buraxıram. Təhqirə, yekəxanalığa eyni tərzdə cavab vermək mənim üslubuma və tərbiyəmə uyğun deyil.
Görünür səhvə yol vermişəm. Sən demə, elə kasıbın balası döyüşüb ölməli imiş. İmkanlının oralarda nə azarı qalıb ki, gözəl vaxtını yelə, yağışa, palçığa, şaxtaya, çovğuna, gülləyə qurban versin…
Əsas iradları budur ki, nədən vaxtında danışmamışam. Yəqin mənim yerimə bu “vətənsevərlərdən” biri olsa idi, tərəddüd etmədən cəsarətini göstərərdi. Qeydlərimin yalnız keçmişəmi aidiyyatı var!? Kimsənin əlini-ağzını tutmamışam. Mövzu bu gün də aktualdır…”
Tarix: 14-09-2018, 22:35
Xəbəri paylaş





Xəbər lenti