“Əlimdə birqədəh şərab...”mahnısının sonu


Vaxt vardı, camaat göbək rəqslərinə baxmaq istəyəndə televizorda Türkiyə kanallarını tapardı, oturub tamaşa edərdi. İndi xəbər gəlir ki, AS TV telekanalı Pink adlı müğənninin videoklipini nümayiş etdirdiyinə görə 3000 dollar məbləğində cərimələnib.

Pink cinsi düz-əməlli məlum olmayan əcnəbi müğənnidir, klipdə farağat durmayıb, homoseksual xarakterli erotik rəqs elementlərinə yer verir.

Heç AS TV də anlamayıb ki, klipin nümayiş olunduğu saatlarda uşaqlar və gənclər bunu görə və mənfi təsirə məruz qala bilərlər.

Hərçənd burası bir az havayı söhbətə oxşayır. Çünki Türkiyənin 80 milyondan artıq əhalisinin baxa biləcəyi 500-ə yaxın milli telekanal var, camaat da yalnız AS TV-nin verilişlərinin təşnəsi, Pinkin tamarzısı deyil ki, oturub belə klipləri gözləsin.

Üstəlik, hər uşağın və gəncin əlində İnternetə, Youtube kanalına çıxışı olan mobil telefon var və onlar istədikləri vaxt istədikləri xarakterdə kliplərə, videolara baxa bilərlər. Bu üzdən klipin nümayiş olunduğu saatlarda ona nə qədər azyaşlının baxdığını təxmin etmək mümkün deyil. Güman ki, bu, 0-la başlayan və vergülündən sonra da 4-5 dənə əlavə sıfır olan (məsələn, bu cür: 0,00001) rəqəmlərlə ifadə oluna bilər.

Son vaxtlar bizdə də hərdən telekanallardakı açıq-saçıqlığa, abırsızlığa görə vay-nöfsə qopur. İntəhası, bəzən də 40 ilin lotuşkası (ifadə tamaşaçılara məxsusdur) başına kələğayı bağlayıb millətə əxlaq dərsi keçir.

5-6 ildir köhnə filmlərə baxanda da görürük ki, iki sevgili bir-birinə yavuqlaşanda tez kadr kəsilir, başqa kadr göstərilir. Guya ki, o kadrı sona qədər göstərsələr, din-iman əldən gedəcək, xalqın uşağının tərbiyəsi pozulacaq. Ay-hay. Onsuz da köhnə əyyamların filmlərində ağac altında görüşən sevgililərin gözü qıyılan momentlərdə adətən ağacın təpəsini göstərirdilər. Əgər yavuqlaşanlar evdə görüşürsə, dərhal pəncərədən şəhər mənzərəsi görünərdi, hamı da bilərdi ki, məsələ nə yerdədir.

İndi bir dəb də var, filmlərdə əsərin qəhrəmanı damağına siqaret, qəlyan qoyursa, dərhal həmin hissəni mozaikləşdirirlər və məlum olmur ki, doktor Vatsonun ağız-burnu niyə o gündədir və bu tüstü hardan çıxır.

Hələ filmlərdəki spirtli içki qəbulunu da mozaika ilə örtməyə çalışırlar. Tamaşaçı görür ki, budur ha, “Zəfər tağı” filminin qəhrəmanı doktor Ravik gəldi, kalvados şüşəsinin ağzını açdı, qədəhə 50 qram maye süzdü və qədəhi əlinə götürdü. Bundan sonra o qədəhi də, Ravikin o mayeni qurtumlamasını da ha mozaikləşdir, onsuz da hər kəs bilir ki, doktor orda düşes içmir, spirtli içki içir.

Onda gərək Faiq Ağayevin oxuduğu “Əldə bir qədəh şərab səni əvəz eləmir” mahnısı birdəfəlik yasaqlansın.

Yəni bu kimi xırda-mırda yasaqlamaların camaatın uşağının tərbiyəsinə qətiyyən dəxli yoxdur. Uşağın heç küçəyə çıxması da lazım deyil, eyvana çıxması kifayətdir ki, həyətdə siqaret fısıldada-fısıldada o tərəfə-bu tərəfə gedən onlarla adam görsün. Metro tunelindən tutmuş ta aeroport binasının girişinə qədər önümüzə çıxa biləcək yüzlərlə adamın ağzında siqaret var. Sən qoca detektivin qəlyanını mozaikləşdirməklə nəyə nail ola bilərsən?

Əksinə, belə şeyləri yasaqlamaq ona marağı artırır. Gənc tamaşaçının diqqəti əsərin qəhrəmanının dediyi sözlərə yox, əlindəki qəlyana, qədəhə cəmləşir.

Baxın, heç bir filmdə, serialda qəhrəmanların sulu qəlyan çəkməsini göstərmirlər, amma şəhərdə sulu qəlyan təklif edən yerlər dolub-daşır və bu, gənclər arasında çox populyardır, iki sözlərindən biri “gedəh, bir qəlyan çəkəh”dir. Bəlkə də qəlyanın faydaları haqqında xüsusi bir televiziya verilişi açılsa, qəlyana maraq elə bu qədər olar. Necə ki, sağlamlıq veriişlərinə milyonlarla adam baxır, amma nə öz canlarının qayğısına qalırlar, nə də öz zərərli vərdişlərindən əl çəkirlər.

Bəs çıxış yolu nədir? Çıxış yolu zərərli vərdişləri haqqında maarifləndirici məlumatlar yaymaqdır. Düzdür, bunun effekti yüzdə on olacaq, amma bu da qənimətdir.

Bizim ölkənin cəmiyyəti o cəmiyyətlərdəndir ki, burada siqareti və spirtli içkini yalnız labüd ölüm təhlükəsi qarşısında tərgidirlər.

Ona görə də deputat Jalə Əliyeva düz deyir, yaradıcılıq əsərlərini mozaikləşdirib, senzura tətbiq edib, zay eləməyin xeyri yoxdur...

 Samir SARI


Tarix: 15-09-2018, 09:46
Xəbəri paylaş





Xəbər lenti