Narxozun valyutası


“Ay ağalar, gəlin sizə söyləyim,

Yəqin bu dünyanı pul dolandırır.

Kəsilib məhəbbət, qalmayıb hörmət,

Dövlətli dalınca mal dolandırır"

(Aşıq Alı)

Sovet vaxtı bizim indiki Azərbaycan Dövlət İqtisad Universitetinin  (ADİU) qəribə ayamaları vardı. Bu, ilk növbədə orada yaradılan bazarın, rüşvətxorluğun təsiri ilə idi. O vaxt bu məktəb Dadaş Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutu adlanırdı, bunun ruscasından qısaltma olaraq “Narxoz” deyilirdi (“narodnoye xozyaystvo”). Ancaq təbii ki, bu addan danışmıram, başqa ayamadan söhbət gedir və yeri gəlmişkən, mənim Narxozda ilk “imtahanlarımdan” biri elə məktəbin adıyla bağlı olub. Yanılmıramsa, ali riyaziyyat kafedrasının müəllimi imtahanda sual vermişdi ki, əgər məktəbimizin adını düzgün desən sənə qiymət yazacağam. Mən də dedim: “Pulxoz”. Dedi o biri adını da de. Dedim: “Kolxoz”. Çətin günlər idi, AXC-Müsavat cütlüyü hakimiyyətə gəlməyə hazırlaşırdı.

İndi bunu niyə yazıram? Dünən xəbər oxudum: ADİU öz kriptovalyutasını qayırıbdır. Bu haqda universitetin rektoru Ədalət müəllim uca millətimizə informasiya vermişdir. Gözəl xəbərdir. İndiki dünya bitkoin-mitkoin dünyasıdır. Hərə bir elektron valyuta qayırıb mayninq eləyir, internetdən pulu süpürgə ilə yığırlar. Ümid edək Narxozun “bitkoin”i də uğurla bu bazarda öz yerini tapsın, respublikamızın qeyri-neft sektoru inkişaf eləsin, biz də gedək Sabirin heykəli ilə üzbəüzdəki kafedə təzədən kakao ilə sosiska sifariş verib gəncliyimizi xatırlayaq, xoşhal olaq, ilahi, amin!

Bayaq Narxozun kriptovalyutasını niyə dırnaq arasında “bitkoin” yazdım? Çünki hörmətli Ədalət müəllim Narxozun bu möhtəşəm hərəkətini bizə çatdırsa da valyutanın ismi-şərifini sekretdə saxlamışdır. Yəqin belə lazımdır - ərmənilər oğurlayar. O qədər belənçik sərvətlərimizi vaxtında çırpışdırıb öz adlarına çıxıblar ki. Bunlardan xüsusi qeyd edə bilərik Sarı gəlini, dolmanı, xarı-bülbülü, lavaşı, Topxana meşəsindəki armud ağacını. Lakin əlbəttə, bir gün Narxozun kriptovalyutası öz adıyla dünya bazarına çıxacaqdır. Mən təklif edirəm, elə bunu “Pulxoz” valyutası adlandıraq, tariximizə hörmət olsun. İndi söz əlaqədar təşkilatlarındır - bəzən sizə yazının ortasında ehtiyac olur, ancaq buna görə özünüzü çox dartmayın.

Yeri gəlmişkən, Ədalət müəllim bu şad xəbəri millətimizə Bakıda keçirilən Elektron Ticarət Forumu tədbirində çatdırıbdır. Bu forum özü də ölkəmizin nə cür inkişaf elədiyini göstərir - heç AXC-Müsavat hakimiyyəti dövründə bizdə internet yox idi. İndi, maşallah, hamının cibində “şatşap” var. Bəzi adamlar hətta “nazik internet” alıblar (bunu da noutbuka deyirlər). Doğrudan da bizdə elektronika, ticarət, forumlar çox yuxarı səviyyədədir. Kosmosda bu işlər üçün peykimiz uçur, sən nə danışırsan?! Düzdür, forumun iş günü nəsə oldu, rəsmi orqanların saytları bir müddətə əldən getdi, ancaq qəm eləməyə dəyməz, kişinin başına iş gələr. Elnən gedən elektron toy-bayramdır. Saytının domenini göstər, deyim kimsən. Örtülü virus parolu pozar.

Ta söhbət elektronikadan düşüb, bir Narxoz xatirəsi də yazım. O vaxt bizim bir EHM (elektron hesablama maşınları) müəllimi vardı, qubalı Saməddin müəllim. Bir gün bu məndən imtahan götürür, pul-zad verməmişəm, tapşırıq-dayday-zad da təbii ki, yoxdur. Nəsə, rəhmətlik (sağdırsa, üzr istəyirəm) açdı “virtual”, gizli siyahısını, gördü burada mənim adım yoxdur, başladı ilişdirməyə. Sual sual dalıyca. Mən də, yalan olmasın, tapança kimi cavab verirəm. Axır sualı belə oldu ki, informasiya harada saxlanılır. Dedim, kompüterin yaddaş qurğusunda, prosessorda. Dedi, başqa harada. Başladım saymağa: disketdə, informasiya kitabxanalarında, nə bilim, daha hansı cəhənnəmin dibində. Qısası, mən saydıqca, adam “başqa harada” deyə soruşur, məqsəd aydındır ki, qiymət almamalıyam. Gördüm bu iş çox uzanır, növbəti dəfə informasiya harada saxlanır soruşanda dedim: “Çəlləkdə”. Rəhmətlik də arif və hazırcavab adam idi, dedi: “Gəl onda sənə bir duza qoyulmuş ”3" yazım, çıx get". Beləcə, imtahanı verdik.

Yaman vaxtlar idi. Sizə o günlərdən dəm vururam ki, Nemət indi Formula yarışı olan meydanda milləti qaldırıb otuzdururdu. Ax-vax...

Zamin HACI
Tarix: 26-09-2018, 08:41
Xəbəri paylaş





Xəbər lenti