Uzun sabun


“Qıl yaymayırdı əsla zalımların gözündən, 
Rüsvay idik cahanda məlunların sözündən, 
Ax, ax! Nə yaxşı oldu iş düşdü öz-özündən, 
Əlləşməmiş qutardıq zəhmətdən, ay can! Ay can!.. 
Düşdü bütün qəzetlər qiymətdən, ay can! Ay can!.."
(Sabir)

Bir biznesmen var, haqqında tərif yazan saytı məhkəməyə verib 100 min manat təzminat istəyirmiş. Maraqlı hadisədir. Lap məşhur lətifəni yada salır. Deyir, bir gün hansısa tanınmış quldurun məhkəməsində vəkil müdafiə çıxışı edir, adamı tərifləyir. Bu zaman quldur dözmür, hakimə üz tutub vəkildən imtina elədiyini bildirir. Hamı təəccüblənir, hakim imtina səbəbini soruşanda müttəhim deyir: “Hakim bəy, mən bu adama bir ətək pul vermişəm, ancaq indi burda başqa adam haqda danışır”.

Eyni zamanda biznesmenin addımı vəzifələrimizi də biz jurnalistlərin yadına salır. Birdəfəlik anlamalıyıq ki, tərif yazmaq bizim işimiz deyil. Jurnalistikanın bu cür funksiyası yoxdur. Bu cür əməllər mediada, KİV-də yalnız reklam formasında verilə bilər, hamı da oxuyub, görüb başa düşər ki, bunun əvəzində pul ödənilibdir. Əks halda mediada kimisə, özəlliklə biznesmeni tərifləmək yaltaqlıqdır, bəzənsə şantajın incə üsuludur. Yəni, təriflədim, indi pul ver. Yeri gəlmişkən, bugünlərdə güclü külək Bakını alt-üst etməkdədir və yeganə uçan avtobus dayanacağı jurnalistlərin binaları qarşısında qeydə alınmışdır. Nəyə görə? Çünki külək də hörmətli yazar-mazarlarımıza işarə edir ki, dayanmayın, yazın, yaradın, əmək qəhrəmanlarının, dağda çobanların, tağda şamamanın, bağda bağbanların obrazını oçerklərinizdə verin. Dayansanız, aşarsanız. Velosiped kimi. Ya da dayanacaq başınıza uçar. Hələ bizi qabaqda çoxlu yeni binalar gözləyir! Şair bu məqamda telli sazı sinəsinə basıb görün nə deyibdir: “Saç ağardı, ancaq nə qəm! Əlimdədir hələ qələm!”

Hər kəs öz işiylə məşğul olsa respublikamızın inkişafına töhfə verər. Misal üçün, yayda rayonların birində zəhmətkeş kəndli qadından reportaj vardı, bu gözəl insan Ginnesin rekordlar kitabına düşmək üçün 4 metr uzunluğu, 60 santimetr eni olan sabun hazırlamağa başlamışdı. O əhvalatın axırı nə oldu? Sabun kitaba düşdümü? Biz belə şeyləri izləməliyik. Sabun məişətimizdə, siyasi-sosial həyatımızın gigiyenik təmizliyində, proseslərin yumşaq olmasında mühüm rola malikdir. Doğrudur, bizdə uzunluğu metr yarım-iki metr aralığında sabunlar dəfələrlə qeydə alınmışdır, lakin gəlin etiraf edək ki, dörd metrlik sabun rekord idi.

Üstəlik, sabunçuluq qeyri-neft sektorumuzun inkişafında böyük rol oynayar. Bu isə çox vacibdir. Mingəçevir İstilik Elektrik Stansiyasında qəza olanda, hamımız qəfildən “qara dəliyə” gömüləndə alternativ enerji söhbətləri yenidən gündəmə gəldi. Maraqlıdır ki, məhz o qəzadan sonra mən Bakıdan çıxıb Qubaya tərəf gedəndə tarixdə ilk dəfə o yolun üstündəki külək enerjisi qurğularının pərlərini fırlanan gördüm! Fantastik görüntü idi. Təsəvvür elə, bəlkə miladdan öncə o qurğuları qayırmışdıq, lakin heç vaxt fırlanmırdılar. İstəyirsən külək Abşeron yarımadasını sürüyüb Həştərxana aparsın ( bu müqayisəni Putinin cüdo yarışı üçün Bakıya gəlməsinə həsr edirəm), yenə həmin pərlər daş kimi sallanırdılar. Demək, qəza olmasa fırlanmazdılar. Bundan başqa, təzəlikcə Sahil qəsəbəsində yeni günəş panelləri stansiyası da şəbəkəyə qoşuldu. Ümumiyyətlə, alternativ enerji üzrə dövlət proqramına əsasən yaxın illərdə iyirmiyə yaxın belə proje həyata keçiriləcəkdir. Bu məqsədlə dövlət büdcəsindən 13 milyon manat ayrılmışdır. Nəticədə respublikamızda bərpa olunan enerji mənbələrindən istifadə təkmilləşəcəkdir. Mövcud imkanlar sayəsində Azərbaycanda enerji mənbələrinin potensialı 25,3 min meqavatt təşkil edir ki, bununla da ildə 62,8 kilovatt-saat enerji əldə etmək mümkündür. Bərpa olunan və alternativ enerji mənbələrinin payını 2020-ci ilə qədər ümumi enerji istehsalının 20 faizinə çatdırmaq qarşıya məqsəd qoyulub.
(Oxucular fikirləşirlər: “Bu da belə getdi”. Düz fikirləşirsiniz).

Zamin HACI
Tarix: 28-09-2018, 09:19
Xəbəri paylaş





Xəbər lenti