“Gəncəyə hərbi komissar təyin olunmaq üçün 180 min vermişəm” –Keçmiş rəisdən məhkəmədə ilginc etiraf



Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi Rəsul Quliyev bu sahədə işə düzəlməkdən ötrü 180 min manat pul verib. Özü də etiraf edir və bu haqda sentyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində danışıb. Çünki pul verilən Məlahət Məmmədova həbs olunub və hazırda məhkəməsi gedir. R.Quliyev də onun məhkəməsində zərərçəkmiş qismində ifadə verib.

Söhbət 2011-ci ildə verilmiş puldan gedir. R.Quliyev məhkəmədə dindiriləndə geniş danışmaq istəməyib. Məsələn, pulu M.Məmmədovaya niyə verdiyini açıqlamaq istəməyib. «Bir iş üçün 180 min vermişdim» deməklə kifayətlənib. Hakimlərin israrından sonra bildirib ki, Gəncədə hərbi komissarlığın rəhbəri təyin edilməkdən ötrü pul verib.


O zaman hələ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaranmamışdı və hər rayon üzrə hərbi komissarlıqlar fəaliyyət göstərirdi.

Ondan öncə Müdafiə Nazirliyində çalışdığını deyən R.Quliyevin ifadəsinə görə, iş üçün 180 min verdiyi vaxt təqaüdə göndərilmişdi: «Pulu verəndə onunla aramızda borc müqaviləsi bağlandı. İş düzəlmədi. Verdiyim pul geri qaytarılıb, şikayətçi deyiləm».

Təqsirləndirilən M.Məmmədova təsdiqləyib ki, həqiqətən R.Quliyevdən ya Gəncənin, ya da Kəpəz rayonunun hərbi komissarı təyin edilməsi üçün pul alıb. Ancaq o pulu işi düzəldəcəyinə söz vermiş başqa birinə verib: «Mən sadəcə, arada vasitəçi olmuşam. Pulu verdiyim adam da sonradan tutuldu. 130 mini şəxssən Rəsul müəllimə qaytarmışam. 50 min də arada batıb getdi».


Dindirmə vaxtı dəfələrlə R.Quliyevdən soruşulub ki, hazırda harada işləyir. O isə cavab vermək istəməyib, sualdan yayınıb. Sonradan məlum olub ki, o, Qazax rayonunda eyni vəzifədə çalışır.

CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə təqsirləndirilən Məmmədovanın aldatdığı bildirilən şəxslərdən biri də müğənni Könül Kərimovadır. O, müğənninin oğlu Rəşad Rəhimovu Rusiyada universitetlərdən birinə düzəldib, sonra da Azərbaycan Dövlət İqtisad Universitetinə köçürmək üçün ondan pul alıb aldatmaqda ittiham olunur. K.Kərimova bildirib ki, ümumilikdə 32 min manat pul verib, onun 11 min manatı qaytarılıb, qalan pulunu tələb edir.

Təqsirləndirilən şəxs isə deyir ki, qalan pul müğənninin oğlunun Rusiyada təhsilinə xərclənib.

(Azadlıq radiosu)

Tarix: 28-09-2018, 16:57
Xəbəri paylaş





Xəbər lenti