Şirin yazı


“Əgər Qaliley Yerin fırlandığını şeirlə desəydi İnkvizisiya ona dəyib-toxunmazdı”

(Tomas Hardi, ingilis yazıçı)

Şəhərdəki təndirxanalardan birindən çörək alıram, vitrində plastik qabların içində undan hazırlanmış müxtəlif şirniyyatlar, kökələr də qoyulub. Satıcı hot-doqa baxdığımı görüb reklam edir: “Alın, əladır, halal məhsuldur, təmiz sabundur”. Qulağımın məni aldatdığını düşünürəm, çünki son vaxtlar sözləri kəlləmayallaq eşitməyə başlamışam. (Bu yerdə müəllif klaviaturanı sinəsinə basıb “ax, qocalıq” deyir, şairin həzin misralarını köşənin seyrək yerindən düzür: “Daha çoxlarıyla aram sərinlər, Çoxları boyuma sevinməz daha, 23 yaşımda məni sevənlər, 33 yaşımda sevəmməz daha”). Təkrar soruşuram, yenə deyir: “sabındır”. Sən demə bizdə SAB adlı ərzaq firması varmış, satıcı da “sosis SAB-ındır” deyirmiş.

Neyləmək olar, həyat şəraiti bu cürdür. Necə deyərlər, nəyi eşitmək istəsən, onu da eşidirsən. Hər xalq öz həyatına və hökumətinə layiqdir. Qoy millətdə ruh yaşasın! Bax, elə 2-3 gün qabaq mən ölkəmizdə ən uzun sabun bişirilməsi haqda yazmışdım. Yaxud, gündə görürsən idarə dükan-bazarı, sexləri gəzib saxta məhsulları yığışdırır. Ancaq düşünürəm burada “yetim əlində qoğal əcaibdir” prinsipiylə işləyirlər, çünki hansısa balaca sexləri, budkaları cəzalandırmaqla iş bitmir, bizdə ərzaq təhlükəsizliyi daha qlobal problemdir. Misal üçün, az qala bütün marketlərdə 20-30 qəpiklik xamalar satılır, niyə buna son qoyan yoxdur? Axı ən savadsız adama da aydındır ki, xama o qiymətə ola bilməz, olubsa bunun içindəki əhəng qarışığıdır - ən yaxşı halda. 1 manat 85 qəpiyə 250 qramlıq bal satırlar, üstündə də utanmazcasına “xalis bal” yazılıb. Bu pul arının heç nəqliyyat xərcləri eləmir. “Şokolad yağı” adlı insanı şoka salan yerli ərzaqlar peyda olub, baxırsan, tərkibində şokolad-kakao heç 5 faiz deyildir. (Bunlar yenə sağ olsunlar, açıq yazırlar).

Yadıma düşənləri yazdım, bizim ərzaq təhlükəsizliyi məsələmiz əslində çox ciddidir. Xüsusən uşaq qidaları və çərəz aləmində dərəbəylik hökm sürür, kimin ağlına nə gəlsə, hansı saxta adla istəsə mal satmaqdadır. (Yeri gəlmişkən, bizdə bir çox məhşur şirniyyat firması var, Ukraynanın, Rusiyanın elə bir konfeti qalmayıb ki, onun saxtasını buraxmasın. Adlarda bir hərfi dəyişib eyni qablaşdırmada camaata sırıyırlar. Vaxtilə haqlarında yazdım, zəhləmi necə tökdülərsə başını buraxdım. Açıq deyirdilər ki, susmasan sənin də köşən yazarı olaraq saxtanı düzəldərik). Uyğun dövlət idarələri isə bu saxtakarlıqla mübarizə aparmaq yerinə Türkiyənin dünyada tanınan firmalarını qaralamaqdadır. Son günlər türk şirniyyatına qarşı gözəgörünməz əllərin dava açdığını müşahidə etməkdədiyik, axırı xeyirli olsun. Bu yerdə uca millətimizə ümumən şirniyyatın zərərli olduğunu da bildirməyi borc bilirəm, mümkünsə qənnadı məhsullarını heç yeməyin. Üç ağ şeydən: qənddən, undan, duzdan uzaq durmalıyıq. Şair bu məqamda demişdir: “Ayağını isti saxla, başını sərin, Yeməyinə fikir ver, düşünmə dərin”. Bəli. Xüsusən düşünmək ziyanlı fəaliyyətdir, adamın başı şişir. İnşallah, qəzetçiliyimizə dövlət qayğısı bir az da artsın, köşənin yerində mətbəx verilişi açmağı planlaşdırıram. Adı da ilkin olaraq “Zaminin tavası”, ya da “Yeməyinizə Zaminəm” kimi nəzərdə tutulur. Ekspertləri, manısları, manıs ekspertləri və sairə dəyərli qonaqları köşəyə çağırıb qazan qaynadacağıq. Başqa yolu yox artıq!

Bu arada köhnə də olsa, Bakı metrosundan şad xəbərimiz vardır: idarə 6 milyon dollara generator almağı planlaşdırır. İşıq sönəndə daha tuneldə qaranlıqda qalmayaq deyə. Bizi hərtərəfli fikirləşirlər. Tunellərdə müasir işıq dirəkləri və masaj edən skameykalar da quraşdırsalar lap əla olacaq. Metronun təzə müdiri söz verib ki, özünüzü yaxşı aparsanız ventilyasiya və qatarların qrafiki də düzələcəkdir.

Zamin HACI
Tarix: 1-10-2018, 08:32
Xəbəri paylaş





Xəbər lenti