Məcburi köçkünlər zəbt etdiyi mənzillərdən çıxarılır? - “Qaçqınkom” və MM-dən cavab

 


Qarabağ müharibəsi zamanı mənzilləri məcburi köçkünlər tərəfindən zəbt edilən insanların əmlakları özlərinə qaytarıla bilər.
 
BakuPost-a daxil olan məlumata görə, bunun uçun artıq müəyyən addımlar atılıb.

Hadisənin təffərrüatına keçməzdən öncə qeyd edək ki, 1990-cı illərin əvvəllərində erməni işğalı səbəbindən yurdlarından köçkün düşmüş şəxslər Azərbaycanda müxtəlif boş məkanlarda – zavodlarda, yataqxanalarda, yeni tikilməkdə olan binalardakı yaşayış olmayan mənzillərdə məskunlaşdılar. Halbuki həmin mənzillərin pulları əvvəlcədən ödənilmişdi və çıxarışları da başqa şəxslərin adlarına idi. Mərhum prezident Heydər Əliyev 90-cı illərin sonlarında məcburi köçkünlərin məskunlaşdıqları məkanlardan çıxarılmamasına dair qərar qəbul etdi.

Bu hadisələrdən sonra dövlət tərəfindən qaçqın və məcburi köçkünlər üçün qəsəbələr salındı, evlər tikildi, binalar istifadəyə verildi. Bu proses indi də davam edir. Lakin hələ də kimlərinsə adına olan evlərdə, yataqxanalarda, zavod və məktəblərdə yaşayanların sayı kifayət qədərdir.

O hadisələrdən az qala 30 ilə yaxın müddət keçib, lakin hələ də həmin mənzillərin sahibləri öz mənzillərinə köçə bilməyiblər. Hətta aralarından bəziləri çıxarışı adına olduğu halda, öz mənzilinə köçə bilmir, hətta özləri kirayə evlərdə qalırlar. Ev sahibləri məhkəmələrə müraciət etsələr də, hakimlər belə həssas bir məsələdə qərar verməkdə çətinlik çəkirlər. Qanunla məhkəmə çıxarış kimin adınadırsa, onun xeyrinə qərar qəbul etməlidir, lakin Azərbaycanın 1 milyon qaçqın və məcburi köçkün dərdi burada qanunu və onun tətbiqini ikinci plana salır.
 


Saytımıza daxil olan xəbərə görə, artıq bəzi köçkün ailələri ev sahibləri ilə razılığa gəlməyə başlayıblar. Belə ki, başqa şəxslərin mənzillərində məskunlaşmış məcburi köçkünlər ev sahiblərinə evləri onlara satmaları üçün müraciət ediblər. Onlar evi satın alaraq, çıxarışı öz adlarına keçirməklə, məsələnin hüquqi yolla həllini təmin etmək istəyirlər. Bəzi ev sahibləri ilə köçkün ailələri arasında hətta alqı-satqı da baş tutub.

Ev sahibləri illər sonra niyə evi satın almaq istədiklərini soruşduqda, onlara dövlət proqramı ilə məcburi köçkünlərin yaxın vaxtlarda həmin evlərdən çıxarılacağına dair söz-söhbət gəzdiyi cavabı verilib. İddia olunur ki, məsələ Milli Məclisdə müzakirəyə çıxarılacaq.

BakuPost-un əməkdaşı məsələni dəqiqləşdirmək üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edib. Saytımızın soğrusuna cavab olaraq bildirilib ki, prezident İlham Əliyev 2011-ci ildə Bakı və Sumqayıtda başqa vətəndaşlara məxsus olan mənzillərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi məqsədilə yaşayış evlərinin tikilməsi ilə bağlı sərəncam imzalayıb: "Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli 1346 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Əlavələrin 1.4-cü bəndinə əsasən Bakı və Sumqayıt şəhərlərində başqa vətəndaşlara məxsus olan mənzillərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi məqsədilə yaşayış evlərinin tikilməsi nəzərdə tutulub. Adıçəkilən Dövlət Proqramına Əlavələrin 1.4-cü bəndinin icrası ilə əlaqədar evlər tikildikdən sonra başqa vətəndaşlara məxsus olan mənzillərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi təmin ediləcək, boşalan mənzillər sahibinə təhvil veriləcək. Bu məsələ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin daim nəzarətindədir. Bu istiqamətdə mütəmadi olaraq müzakirələr aparılır. Yaxın zamanda yeni qəsəbə salınmaqla, yaxud hazır evlər alınmaqla, Dövlət Proqramının müvafiq bəndinin icrasına başlanılacaq”.
 
ÐаÑÑинки по запÑоÑÑ qaçqınkom

Qurumdan bildirilib ki, bu proses mərhələli şəkildə icra edilir. Belə ki, öncə ən ağır və ən çətin şəraitdə yaşayan məcburi köçkünlər yeni mənzillə təmin edilir.

Məsələnin Milli Məclisdə müzakirəyə çıxarılacağı, bununla bağlı müvafiq qanun layihəsinin hazırlanması məsələsinə gəlincə, "Qaçqınkom”dan qeyd olunub ki, bu barədə hər hansı məlumata malik deyillər.

Milli Məclis bu məsələni müzakirəyə çıxaracaq?
 
ÐаÑÑинки по запÑоÑÑ zahid oruc

Deputat Zahid Oruc BakuPost-a açıqlamasında bildirib ki, parlamentdə hansısa komitəyə belə bir layihənin daxil olmasından xəbərsizdir. Millət vəkili bu məsələnin müzakirəyə çıxarılacağı təqdirdə belə, deputatların buna həssas yanaşacağını deyib: "Kooperativ evlər, yaxud yataqxana tipli ərazilər, müxtəlif müəssisələrin, zavodların, ayrı-ayrı qurumların balansında olan, təyinatı qeyri-müəyyən saxlanılan, sovetin idarəçiliyi illərində sahibliyi bəlli olmayan yerlərdə bu cür status dəqiqləşdirmələri ilə bağlı hansısa hüquqi qanunvericilik aktları hazırlanırsa, bütün məsələlər nəzərə alınaraq, müzakirələr aparılacaq. Əmin olun ki, heç bir parlament üzvü köçkünü, qaçqını yerindən tərpədib əlavə problem yaratmaq istəməz.

Yaxud da əksinə. Biz anlayırıq ki, elə insanlar var, həqiqətən onlar özləri də sanki köçkünlük həyatı yaşayır. Bu da Qarabağ müharibəsinin ən amansız nəticəsidir.

"Qaçqınkom”un rəhbərliyi də Milli Məclisdən gedən bir insandır. Dövlətə, mili maraqlara bağlı şəxsdir. Problemin dərinliyini analiz etməkdə maraqlıdır.

Ümumi halda biz də cəmiyyətin içərisindəyik. Əgər bu məsələni qanunvercilik səviyyəsində yoluna qoymaq istəyirlərsə, burada bütün detallar nəzərə alınmalıdır. Əks halda təzədən ictimai gərginlik, sosial toqquşma mühitini yaratmağa heç kimin ixtiyarı yoxdur”.

Nigar

Tarix: 1-10-2018, 13:54
Xəbəri paylaş





Xəbər lenti