Liftdə beş arvad saxlamağın çətinliyi haqda


“Əlimdə olsaydı əgər iqtidar

Bu köhnə fələyi kökündən yıxar,

Təzədən elə bir fələk qurardım

Ki, hər kəs yaşardı azad, bəxtiyar".

(Ömər Xəyyam)

Deputatlardan biri idarədə çıxış edərkən sovetdən qalma soyadlarının dəyişdirilməsinin vacibliyindən qırıldatmışdır. Bu zaman spiker Oqtay müəllim çox yerində şərh vermişdir: “Öz soyadını niyə dəyişdirmirsən?”. Mükəmməl cavabdır, çünki bu təklifi verən deputat Quliyev soyadını daşıyırmış. Hətta spikerə yersiz, bivaxt hörmətimin yarandığını bildirirəm.

Bivaxt ona görə ki, hazırda deputatxana seçkiləri yaxınlaşmır. Açığı, heç bilmirəm o seçki haçan olacaqdır və bəlkə bizdən uzaqlaşır? Ona qalsa arada idarədə hansısa deputat ölür, hansısa deputat xaricə qaçır, nə bilim, icra başçısı qoyulur, lakin onların yerinə heç bir seçki keçirilmir. Nəticədə neçə dənə rayonumuz bu saat deputatsız qalaraq qanunvericiliyə öz töhfəsini vermir. Deputatsız rayon, sarımsaqsız xaş - atalar demişkən. Xaşı xüsusi yazdım, bu saat sezonudur, görün neyləyirsiniz. Yeri gəlmişkən, xaş rus müxalifətçi Navalnı bəyin də sevimli yeməyi imiş. Təzəlikcə arvadının intervüsündə oxudum, deyir, Lyoşa (yani Aleksey müəllim) hər dəfə türmədən çıxanda xahiş edir ona xaş bişirim. Navalnı bu dəqiqə də Putinin türməsindədir, bizim müxalifət liderlərindən uzaq, tfu-tfu...

Qaldı spikerə hörmətimin yersizliyi, bu da bilavasitə seçkilərlə əlaqədardır, çünki Oqtay müəllimin mənim yaşamağa cəhd elədiyim Binəqədi dairəsindən namizəd olması ehtimalı sıfıra bərabərdir, hətta bəlkə mənfi bir-iki zad olar. Çün, bu dairəni uzun illərdir Madər müəllim icarəyə götürübdür, yaxın minillikdə ondan başqasına biz qətiyyən səs verməyəcəyik! Ya Qarabağ, ya ölüm! Yox, bu, ayrı yazının şüarı idi, yanlış düşdü, bu yerini oxumayın. Yəni yersiz deyərkən burada ərazi nəzərdə tutulur.

Ümumiyyətlə, spikerin o cavabı bizim bütün həyati proseslərimizə işıq salan bir cavabdır. Kaş hamı məsələyə o cür yanaşaydı. Yoxsa baxırsan biri Qaradağdan o yana keçməyib, lakin orda-burda şüar qışqırır: “Müharibə başlamalıdır!” Necə deyərlər, gəlin yığışaq, gedin vuruşun. Bunun bariz örnəyi bir rəhmətlik telekanalizasiyada şüar formasında az qala hava xəbərlərində də verilirdi: “Döyüş alnınıza yazılıb”. Yəni sizin alnınıza. Bizimkinə pul-para, yeyib-içmək, alver-filan yazılıb. Camaat səbəbini soruşanda da deyirdilər bu dini kitabdan sitatdır, bizlik deyil. Əlbəttə. Hərənin öz dini, hərənin bir kitabı vardır. Nə isə, bu boyat temadır, çox dərinə getməyin mənası da qalmamışdır.

Bu mənada lift remontu idarəsinin işdən çıxarılan müdirinin məşhur qızı - yazıq uşaq cəmi 400 min manatlıq toyla dilə-dişə düşmüşdü - olduqca haqlı yanaşma irəli sürübdür. Deyir, mənim atam bəziləri kimi 5 arvad saxlamırdı. Korrupsiya ittihamına cavab olaraq belə deyibdir. Məntiqlə belə çıxır 5 arvad saxlamaq korrupsiyanın bir növüdür. Eyni zamanda, lift işçisi 5 arvadı daşımağa gərək enli lift alaydı, ya da remont edib, lifti genişləndirəydi. Camaat on altıncı mərtəbədəki evinə balkondan artırma edə bilirsə, niyə liftin böyrünü enlətmək olmasın? Bizim memarlıqda hər şey mümkündür. Dövlət Arxitektura və Şəhərsalma Komitəsinin bir məsul işçisinı tanıyırdım, özünə qanunsuz ev tikmişdi.

Özünə rəva bilmədiyini, başqalarına rəva bilmə - bu qızıl qayda neçə min illərdir bəşəriyyət üçün yol xəritəsi sayılmağa layiqdir. Kaş hamı bu prinsiplə yaşayardı, o zaman dünyada problemlər bəlkə yox olmuşdu. Əks halda, həmişə lift qırılacaq, avtobuslar toqquşacaq, tıxac olacaq, məktəb savadsızlıq, əsgərlik qorxaqlıq, jurnalist yaltaqlıq öyrədəcəkdir.

Zamin HACI
Tarix: 6-10-2018, 08:29
Xəbəri paylaş





Xəbər lenti