Aysel, get başımdan...


Bu yazının yıxılana balta vurmaqla əlaqəsi yoxdur. Çünki mənim aləmimdə sözün böyük mənasında yıxılmaq üçün vəzifədən çıxarılmaq, vəzifəsini itirmiş məmur qızı olmaq şərt deyil. İtirmək təkcə maddi sərvəti, pul mənbəsindən məhrum olmaq deyil ki. Bakı Lift-Təmir İstehsalat Birliyinin rəisi vəzifəsindən çıxarılmış Qüdrət Şükürovun qızı Aysel Şükürova bu hadisə ilə bağlı jurnalistlərin suallarını “cavablayanda” məlum oldu ki, ailənin itirdiyi təkcə kreslo deyilmiş. Jurnalistlərdən biri keçmiş rəisin qızından atasının işdən çıxarılması barədə soruşub. O da münasibətini bildirib. Amma söyüşlə. “S....”nin biri beş, “c...”ın biri on qəpikdən. Xanım özünü də atası ilə birgə lift boşluğuna atıb, indi ailəcə aşağıya doğru yumarlanırlar. Atasının bu dəqiqələrdə “Aysel, get başımdan” dediyi qızcığaz jurnalistləri naməlum istiqamətlərə göndərib, kəsəsi. Düzdü, bir sutka sonra İnstaqram hesabından atasının işdən çıxarılmasına münasibət bildirib. Əmma....

Birincisi, Cem Yılmaz demiş, bunun adı suvama bölümüdü. İkincisi, xanım əfəndinin üzrü qəbahətindən də betərdi.
Nə demiş, keçmiş baş liftçinin qızı? “Atam heç kimin pulunu yeməyib, alnıaçıq və təmiz insandır. Heç kim onu şərləyə bilməz”. Amma ən güclü “arqumenti” axıra saxlayıb. Bildirib ki, atası başqaları kimi beş arvad saxlamır, ailəsinə bağlı adamdır. Bax, elə bu son cümlədən sonra Qüdrət müəllim camaatımızın qəlbində taxt qurub. Bizi xalq olaraq onun bir neçə sevgilisi olması ehtimalı ciddi narahat edirdi çünki. Onlara ev-maşın alıb-almaması, xaricə səyahətlərə göndərib-göndərməməsi, bir ürəkdə beş məhəbbət saxlaması, axşamlar evinə, yoxsa sevgililərinə aldığı evə getməsi... Şükür, sənə ilahi! Bizim qorxularımızı gerçək eləmədin. Adam ailəsinə bağlıdırsa, məsələ yoxdur. Hər şey edə bilər, biz də onu beşəlli dəstəkləyəcəyik.

Lənət şeytana, xanım əfəndi bircə gün söydüyü jurnalistlərin yazılarını oxusaydı, görərdi ki, atası heç də süddən çıxmış ağ qaşıq deyil. 500-600 manat maaşı olan bir adamın Türkiyədə, Avropada, Rusiyada mal-mülk alması, banklarda milyonlarla manatlıq hesabı olması heç də başucaldan bir şey deyil. Ən son məlumatlar isə belədir ki, Qüdrət Şükürov mülk-mülklərini, bank hesablarındakı vəsaitləri müxtəlif şəxslərin adına keçirib. Tenderdə saxtakarlıq etməkdən tutmuş, ermənilərlə işbirliyinə qədər ortada xeyli sərt iddialar var. Və indi cavab verin görək, bu qədər iddianı sənədlərlə ortaya qoyan kimdir? Qüdrət müəllimin keçmiş qudası Rafael Əsgərov. Yəni, söyüşcül Ayselin keçmiş ərinin atası. O ər ki, neçə vaxtdır bu ailə ilə bağlı iddialar səsləndirir, özü də ciddi korrupsiya iddiaları. Məsələ Ayselin ikinci dəfə 400 min dollarlıq toy etməsindən sonra qızışdı, son olaraq liftdə ölən xadimə olayından sonra istintaqa daşındı.

Yəni, mən bu məsələdə növbəti “qudurğan məmur övladları” sindromu görürəm. Oğlunun, qızının əndazəsini aşan əməllərinə görə bu torpaqlarda cəzalandırılan məmurlar yetərincədir. Ölkə rəhbərliyi tərəfindən belələrinə dəfələrlə xəbərdarlıq edilib. İndi mən desəm ki, Qüdrət müəllimin qızı özünə yarım milyonluq toy etdirməsə, Maldiv adalarında bal ayı keçirib, İnstaqramda varlı həyatının bütün detallarını nümayişkaranə şəkildə göstərməsə, bütün bunlar baş verməyəcəkdi.... heç kəs məni qınamasın. Bəli, adamın başını birbaşa qızı yedi. Şıltaq Ayselin indiki əri ilə keçmiş əri dalaşdı, iş istintaqda. Keçmiş qayınata sənədləri üzə çıxardı, yenə iş istintaqda. Bu dava-dalaşlar da korrupsiya, dövlət malını talamaq iddialarını ortaya çıxardı. Öncə kresloya “əlvida” deyildi, bir azdan isə ola bilsin, azadlığa deyiləcək. Öz aramızdı, Aysel şıltaqlıq eləməsə, məhəbbətləri dalaşmasa, biz onun atasını, nələr etdiyini hardan biləcəkdik? Əl əli yuyacaqdı, əl də üzü. Palaza bürünüb, elnən sürünəcəkdilər. Guya onun yerinə gələn yeməyəcəkdi tipli demaqogiyalar və sair və ilaxır...

Bu məqamda çox adam bəlkə də A.Şükürovadan bu məsələyə münasibət öyrənmək istəyən və söyülən jurnalisti qınayacaq. Əsla! Birincisi və ən önəmlisi, bütün bu olayların qaynamasında Aysel bilavasitə və bilavasitə günahkardır, səbəbkardır, iştirakçıdır. İkincisi, jurnalistikanın qızıl qaydalarından biri budur: hadisə baş veribsə, onun qəhrəmanını tapa bilməsək də, yan-yörəsindəkilərdən mövqe öyrənmək lazımdır. O yan-yörəsindəkilərin söyüş leksikonu, tərbiyə dərəcəsi bizim təxminlərimiz xaricində ola bilər.

Hə, səhvi nədir həmkarların? “Papasının gül balası”nı biznes ledi, tanınmış bloqqer olaraq təqdim etmək. Maşında oturub mahnı sədaları altında dodağı büzük şəkillər çəkdirmək bloqqerlikdirsə, mən bu günə qədər bloq sözünün mənasını bilmirəm. Yox, ata-ər pulu ilə gözəllik salonu işlətmək biznes ledilik sayılırsa, o zaman biznes nəsə bizim bilmədiyimiz zaddı.
Odu ki, almalarla armudları ayıraq, məncə. Hər kəsi öz adı ilə çağıraq. Biz onlara “Aysel, get başımdan” demədikcə, onlar bizim başımıza çıxacaq və özlərinə layiq olan şəkildə müraciət edəcəklər...                                                                                                Sevinc TELMANQIZI

Tarix: 6-10-2018, 20:40
Xəbəri paylaş





Xəbər lenti