"Atası, qardaşı, oğlu sahib çıxdığı qadın bu cür addımlar ata bilərmi?" - HƏYƏCAN TƏBİLİ...







Həmişə qadınların hüquqlarının kişilər tərəfindən bu və ya digər formada tapdanmasından danışsaq da, bəzən müəyyən cinayətkar şəbəkə əlbir olub insanları şantaj edən qadınlara da rast gəlirik. Bəs cəmiyyət qadınları bu cür yollardan çəkindirmək üçün nə etməlidir?

Moderator.az -ın sualını cavablandıran sabiq millət vəkili Gülər Əhmədova bu problemin aradan qaldırılması üçün kişilərin qadınlarına sahib çıxmalarının vacibliyini vurğuladı:

“Qadınlarla kişilərin hüquqları konstitusiyada bərabərdir, amma təbiət onları o cür yaratmayıb. Bu baxımdan kişilər hər zaman qadınlarına sahib çıxmalıdırlar. Bu gün qadınların əlbir olduğu həmin cinayətkarlar da onların öz yaxın adamlarıdır. Belə hadisələrdə sözsüz ki, qadının qanun qarşısında məsuliyyəti var. Amma atası, qardaşı, oğlu sahib çıxdığı qadın bu cür addımlar ata bilərmi? Qadınlar hansısa addım atırlarsa, bunun məsuliyyəti kişilərin üzərinə düşür. Bu gün Azərbaycan qadının obrazı çox biabırçı vəziyyətdə təhrif olunur və çox biabırçı nümunələr göstərilir. Son 10-15 il ərzində Azərbaycan televiziya məkanında çəkilən filmlərdə qadınlar çox həyasız, danışığını bilməyən, ifritə qaynanalar obrazı kimi təqdim olunur. Heç birində elə bir qadın obrazı tapa bilməzsiniz ki, deyəsiniz bu işığa doğrudur və bunun üzərində qızlarımız inkişaf etməlidirlər. Televiziya verilişlərində göstərilən aparıcıların addımları da bu vəziyyətdədir. Bu baxımdan bu gün qızların tərbiyyəsində cəmiyyətin çox böyük rolu var. Çox təəssüf edirəm ki, Azərbaycan cəmiyyəti təxminən 5-10 ildən sonra elə pis fenomen qadınlarla rastlaşacaq ki, onlar üçün heç bir ədəb və əxlaq kodeksi işlənməyəcək və bu adamlar da övladlar tərbiyyə edəcəklər. Bizim zaman-zaman haqqında danışdığımız milli adət-ənənələrimiz də həyatımızdan silinəcək. Burda böyük problemlərdən biri də kənd və şəhər əhalisi arasında mədəniyyət probleminin olmasıdır.   

Azərbaycanın Qarabağ problemi qədər olan böyük problemi nədən ibarətdir? Bu gün hansısa ara müğənnisinin konsertinə gedin görün bilet tapa biləcəksinizmi? Amma dünyada şöhrət qazanmış Azərbaycan musiqiçilərinin konsertində neçə adam var? Tərbiyyə və mədəniyyət məsələləri bu gün Azərbaycanda çox böyük tənəzzüldədir. Dövlət tərəfindən ayrılan vəsaitlər bu məsələlərə doğru-düzgün xərclənmir. Bu günləri konkret olaraq kəmiyyət dalınca qaçırıq. Azərbaycan təhsilində keyfiyyət məsələlərini çox geri atmışıq. Çox yaxşı oxuyan uşaqların içində psixologiyaları pozulmuş kifayət qədər intihara sövq olunmuş qızlar və oğlanlar var”. 

Vasif Əlihüseyn
Tarix: 20-10-2018, 15:16
Xəbəri paylaş





Xəbər lenti