"Ağrıları olurdu, 4 ay idi narkotikə başlamışdı" -21 yaşlı Nigar hakim qarşısında - TƏFƏRRÜAT


Əvvəllər narkotik vasitələrin satışı, oğurluq, soyğunçuluq kimi cinayətlər törədərək həbs edilən şəxs 21 yaşlı qızla birlikdə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Bakı şəhər sakini, 42 yaşlı Ceyhun Qasımov və 21 yaşlı Nigar Süleymanovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

İttihama görə, dəfələrlə dəmir barmaqlıqlar arxasına düşən Ceyhun Qasımov bu dəfə külli miqdarda narkotik satarkən saxlanılıb.

Ceyhun Qasımova qarşı irəli sürülmüş ittihamda yazılır ki, o, istintaqa məlum olmayan mənbədən külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib, daşıyıb və satıb. Ötən il dekabrın 4-də 6,194 qram heroini və 1,880 qram metamfetamini satmaq məqsədilə Yasamal rayonunda yerləşən "Arzum" restoranına yollanıb. Narkotik vasitəni elə oradaca başqa bükümə qablaşdıran Ceyhun Qasımov tanışı Nigar Süleymanovaya verib.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində adları çəkilən şəxslər "Arzum" restoranın qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıblar.

Ceyhun Qasımova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (Külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.

Nigar barəsində isə Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq əldə etmə və ya saxlama) maddəsi ilə ittiham elan olunub. Onun barəsində isə başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib və həbs edilməyib.

Məhkəmə prosesində Ceyhun Qasımov özünü qismən təqsirli bilib. Deyib ki, narkotik istifadəçisi olub, amma narkotik satmayıb.

Təqsirləndirilən Ceyhun Qasımov istintaqdakı ifadəsində isə fərqli danışıb.

O, narkotik vasitə istifadəçisi olduğunu, heroini və "şüşə"ni adətən "Kubinka" və "Papanin" ərazisində tanımadığı şəxslərdən aldığını deyib. Nigar Süleymanovaya ilə həbs olunmamışdan bir ay əvvəl tanış olduqlarını bildirib: "Nigarla aramızda dostluq yaranmışdı. Narkotikdən istifadə etdiyini bilirdim. Bu haqda özü mənə demişdi".

C.Qasımovun ifadəsinə görə, növbəti dəfə heroin almaq üçün "Papanin"ə yollanıb. Üzdən narkomana oxşayan, 40-45 yaşlarında, saçları ağarmış bir nəfərdən 6 qram heroin, 2 qram metamfetamin alıb. Ertəsi gün Nigarla əlaqə saxlayıb, Yasamalda yerləşən çay evlərinin birində görüşüblər: "Söhbət əsnasında Nigar ağrılarının çox olduğunu, amma narkotik tapa bilmədiyini dedi. Heroinin təxminən bir qramını büküb ona verdim. Mən çay evindən çıxanda Nigar ayaqyolunda idi. Avtomobilə oturmaq istədikdə mülki geyimli şəxslər yaxınlaşıb polis əməkdaşı olduqlarını dedilər. Həmçinin, mütəmadi olaraq heroin və psixotrop maddələrin satışı ilə məşğul olduğumu bildirdilər. Heroini və "şüşə"ni gizlədə bilməyəcəyimi görüb cibimdən çıxarıb polis əməkdaşlarına təqdim etdim".

C.Qasımov həmçinin ifadəsində göstərib ki, narkotik vasitələrdən istifadə etməsindən ailə üzvlərinin, yaxın qohumlarının, çevrəsindəki yaxın insanların xəbəri olmayıb: "Üstümdən tapılan narkotikin əsas hissəsini özüm istifadə etmək, yerdə qalanını isə satmaq fikrim vardı. Aramızda dostluq münasibəti olduğundan narkotiki Nigara əvəzsiz vermişdim. Nigar mənə narkotik satmaqda köməklik etməyib".

C.Qasımov bu ziddiyyəti belə izah edib: "Mən elə ifadə verməmişəm, onlar yazıb".

Təqsirləndirilən Nigar Süleymanova isə istintaqdakı ifadəsində deyib ki, dörd aydır narkotik vasitələrdən istifadə edir: "Narkotik tapmağda çətinlik çəkirdim. Ona görə də, Ceyhuna müraciət etdim. Ağrılarım olduğundan Ceyhun bir neçə dəfə az miqdarda heroin vermişdi. Elə onun öz yanında istifadə etmişdim. Ceyhun mənə narkotiki əvəzsiz olaraq verib, qarşılığında pul almayıb".

N.Süleymanovanın ifadəsinə görə, ötən il dekabrın 4-də Ceyhunla Yasamalda görüşüblər. Görüş əsnasında yenə də Ceyhundan ona narkotik verməsini xahiş edib: "Təxminən bir qram heroin verdi. Bükümü şalvarımın cibinə qoydum. Ceyhun çay evindən çıxdı, maşının yanında məni gözləyəcəyini dedi. On beş-iyirmi dəqiqədən sonra mən də çay evindən çıxdım. Bu zaman mülki geyimli şəxslər yaxınlaşdılar, xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını dedilər. Ceyhundan aldığım narkotiki gizlədə bilməyəcəyimi görüb polislərə təhvil verdim. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışam, Ceyhuna köməklik etməmişəm. Ağrılarım vardı, dost olduğumuz üçün hərdən mənə heroin verirdi, əvəzində pul almırdı".

Sonuncu məhkəmədə dövlət ittihamçısı çıxış edib. Prokuror C.Qasımovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror N.Süleymanova barəsində isə 2 il müddətinə azadlığının məhdudlaşdırılması barədə hökm çıxarılmasını istəyib.

C.Qasımovun vəkili müdafiə çıxışında müdafiə etdiyi şəxs barəsində narkotik vasitə satmaq ittihamının hökmdən çıxarılmasını istəyib. Vəkil C.Qasımova narkotik istifadəsinə görə cəza təyin edilməsini istəyib.

N.Süleymanovanın vəkili isə müdafiə etdiyi şəxs barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Hər iki təqsirləndirilən şəxs vəkilləri ilə razı olduqlarını deyiblər.

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən, C.Qasımov 7 il müddətinə azadlıqdan məhrum edilib. Barəsində narkomaniyadan məcburi müalicə qərarı da çıxarılıb.

Hökmə əsasən N.Süleymanovanın azadlığı 1 il müddətinə məhdudlaşdırılıb.


Tarix: 17-07-2019, 22:57
Xəbəri paylaş





Xəbər lenti