Deputat olmaq istəyən qadın və qardaşı nədə ittiham edilir? - 2 nəfər həbsdədir


Xalidə Şirəlizadə 2010-cu ildə 70 saylı Masallı Seçki Dairəsindən deputatlığa namizəd olub.

Deputatlığa namizəd olmuş qadın hakim qarşısına çıxarılıb. O dələduzluqda suçlanır.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham ediləm Xalidə Şirəlizadə, qardaşı Firdovsi Şirəliyev və Suiddin Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hər üç şəxsə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə ittiham irəli sürülüb. İttihama görə, onlar işə düzəltmək və başqa adlarla bir neçə nəfərə qarşı dələduzluq ediblər.

Məhkəmə kollegiyası bu işi araşdırmaqdan imtina edib. Səbəb istintaq dövründə qanun pozuntularına yol verilməsidir.

"Müstəntiq göstərib ki, istintaq yekunlaşandan sonra cinayət işinin materiallarını Bakı İstintaq Təcridxanasına aparıb. Firdovsi Şirəliyev orada 6 saat ərzində materiallarla tanış olub. Ancaq təcridxanadan alınan arayışdan üzə çıxıb ki, həmin gün müstəntiq cəmi 10 dəqiqə təcridxanada olub" - deyə hakim qərarı elan edərkən deyib.

Şirəliyev də bunu təsdiqləyib: "Heç 10 dəqiqə də olmadı. Gəldi, mənə dedi ki, bura qol çək. İstədim ki, orada nə yazıldığını oxuyum. Əlimdən aldı, çıxıb getdi. Mənim işimlə bağlı istintaq getməmişdi, heç kimlə üzləşdirilməmişdim. Mən bu vəziyyətdə işin məhkəməyə verilməsinin əleyhinə idim".

Xalidə Şirəlizadə də özünü təqsirli bilmir. Deyib ki, cinayət işində adı keçən adamlardan təkcə qardaşını tanıyır. O da istintaq vaxtı heç kimlə üzləşdirməyib.

Şirəlizadənin vəkili Emil Bədəlov çıxış edib. Vəkil deyib ki, cinayət işinin materiallarından görünür ki, müstəntiq Nicat Nayıbov təkcə bir gündə 21 səhifəlik müxtəlif sənədlər hazırlayıb: "Guya həmin gün ayrı-ayrı cəzaçəkmə müəssisələrinə də gedib, təqsirləndirilən şəxsləri, vəkilləri protokolla tanış eləyib. Bu qədər istintaq hərəkətini bir gündə eləmək fiziki cəhətdən mümkün deyil, buna görə də iş təkrar istintaqa qaytarılmalıdır".

Vəkilin bu vəsatətini prokuror da müdafiə edib. Prokuror çıxışında Nizami Rayon Polis İdarəsinin müstəntiqi Nicat Nayıbovun cəzalandırılması məsələsini də qoyub.

Hakimlər kollegiyası qərar çıxarıb ki, iş istintaqa qaytarılsın. Əlavə olaraq müstəntiq haqqında da xüsusi qərar çıxarılıb.

Məlumata görə, təqsirləndirilən üç nəfərdən ikisi bundan öncə də məhkum edilib. F.Şirəliyev Bakı Hərbi Məhkəməsinin hökmüylə 3 il 6 ay, Suliddin Məmmədov isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 7 il 6 ay azadlıqdan məhrum ediliblər. Onlar hələ o cəzalarını çəkib qurtarmayıblar.

Qeyd edək ki, Xalidə Şirəlizadə həbsdə deyil, onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

 

Tarix: 24-07-2019, 22:38
Xəbəri paylaş





Xəbər lenti