Söyüş müxalifəti "oxumuşların" müxalifətini necə bitirdi...


Biri var idi, biri yox idi. Adına Azərbaycan deyilən məmləkətdə müxalifət adından abırlı-həyalı, səviyyəli, oxumuş insanlar danışardı. Biz onların çıxışlarına uşaqlarımızın, ata-analarımızın yanında rahatca qulaq asardıq. Hətta uşaqlarımızı boynumuza mindirib, əllərinə də Azərbaycan bayrağı verib, onların mitinqlərinə gedərdik. Onlar da dünyada qəbul edilmiş müxalifətçilik qayda-qanununa əsasən deyərdilər ki, “bu rejim gedəcək, başqa yolu yox!” Uzaqbaşı da vəd verərdilər ki, siz filan yerə qədər gəlin, o filan yerdən hakimiyyətə sizi mən aparacam.

Ya da “iqtidar bu il ən çətin sınağını verəcək” deyə proqnoz səsləndirərdilər. Bu proqnozlar baş tutardı-tutmazdı, bizi gəldiyimiz yerdən qələbəyə aparardılar-aparmazdılar.... bunlar başqa söhbətin mövzusudur. Əsas odu ki, abrımız getməzdi onlar danışanda. İyrənməzdik kompüterin, telefonun ekranından. Küçə təhqirləri, ana-bacı söyüşləri eşidəcəyik deyə kompüterin səsini minimuma endirib, gözümüz otağa girəcək uşaqda-böyükdə qalmazdı.

İndi belədirmi bəs? Ənənəvi, ölkədaxili müxalifət qalıb arxa planda, xaricdən bir söyüş, təhqir dalğası gəlir. Özü də iki il əvvəl olduğu kimi, hakimiyyətə qarşı yox, bu dəfə özləri özlərinə qarşı. Aralarında nə haqq-hesab var, kim kimin qrantına göz dikib, kim canlı yayında o birinin xətrinə dəyib, bilinmir. Bilinən və eşidilən dəhşətli təhqirlər, hədələr, ana-bacı söyüşləridir. Biri o birinə deyir, gəlib səni zorlayacam. Cavab gəlir ki, özüm səni minəcəm. (dəfələrlə üzrlər-müəl.) Bir başqası qayıdır ki, sənin ana-bacını... Ekrandan üç barmağının konfiqurasiyasını göstərən kim, avazı gəlincə “ay filankəs, sənin qeyrətin, namusun yoxdur” deyə bağıran kim... Şoka girirsən. Amma əminsən ki, bir azdan ekrandan üzünə tüpürəcəklər. Sənin özünü də söyəcəklər ki, nə gözünü bərəldirsən, a belə-belə olmuş, çıx da küçəyə... Ona doğru gedir, zarafat etmirəm. Yaşı 60-ı haqlamış kişilər bir-birini zorlamaqla hədələyir. Ətin ürpəşir dinləyəndə - Allah heç qoymasa bunlar azərbaycanlıdır, müsəlmandır, mentalitet anlayışları var. Özgəsi vaxt əllərində bayraq edirlər ki, bəs mənim canlı efirdə dediklərimə görə niyə qadın qohumlarımı polisə çağırırlar? Xub, hesab edək ki, onda haqlısız. Bəs burda niyə camaatın anası-bacısı eşidə-eşidə ağzınızı “dağıdırsız”? Sizin ailənin qadınları xanımdır, başqa ailəninkilər yox? Sizin etdiyiniz rəqiblərinizin etdiyindən nə ilə yaxşıdır? Nə aşılayırsız axı cəmiyyətə, kimə nə mesaj verirsiz?

Amma dəhşətli olan bu deyil ki. Uzaqbaşı demək olar ki, kimsə söyür, sən də başını çevir, get! Gəl gör ki, insanlar getmirlər! O cür söyüş, təhqir dolu videolara 6-7 min insan canlı şəkildə baxır. Gözünü qırpmadan, nəfəsini dərmədən! Yəni, insanlara virus kimi yoluxub. Yoluxduqca adiləşib bu videolar. Artıq nəinki baxırlar, bir-birinə göndərir, paylaşır, yayırlar bunları. Ali savadlı, oxumuş, karyerası olan adamlar tanıyıram ki, “gördün o gün filankəs nətər söydü?”, deyib, ləzzətlə o canlı yayınlardan danışır. Söyüş söyəni cəsarətli (okeanın o tayından nənəm də söyər), vicdanlı, obyektiv analitik hesab edir. Axırda da deyir, “kişi adamdı eee”.

Və bu təhqirlər o qədər adiləşir ki, artıq ölkədəki müxalifət də geri qalmaq istəmir prosesdən. Onların kölgəsində dayanmaqdan imtina edir. Məsələn, o gün ferma təsərrüfatı ilə məşğul olduğu üçün insanlarla ünsiyyət qaydalarını unudan bir “siyasətçi”ni canlı efirə qoşub, barəsində deyilən ittihamlara münasibət öyrənmək istədik. Qəzetçilik prinsipi ilə, normal adam hesab edib, söz haqqı verdik. Elə ilk dəqiqədən gül ağzını açıb dedi ki, “o ittihamı səsləndirən qələt edir, .... yeyir və...” Düüttt.... Efirin aparıcı özüm idim, həmin anda bədənimdən necə cərəyan keçdiyini anlada bilmərəm. Ona görə yox ki, ömrümdə belə söz eşitməmişəm. Eşitmişəm, nə çox şəhərdə ağzına yiyə dura bilməyən adam? Sadəcə iqtidara, lap elə prezidentliyə iddialı olan bu şəxslər də artıq reytinq toplamağın söyüş söyməkdən keçdiyini düşünür. Söyüş söyməklə rəğbət yığmaq, “yaxşı oğlan” olmaq istəyirlər. Adiləşir, adiləşir, adiləşir.... Ən qorxulu tendensiya da budu...

Kimdi günahkar? Ənənəvi müxalifətin səsini kəsib, onları hər yerdən kənarlaşdıranlar! Efiri onların üzünə bağlayıb, bir balaca telefonun ekranına məhkum edənlər! TV yox, meydan yox, toplantı zalı yox! Bunlar efirlərdən, gündəmdən silindikcə “sənin ananı...” deyənlər tutur meydanı. Mədəni, cild-cild kitablar oxumuş, pis-yaxşı mübarizə yolu keçmiş siyasətçiləri çıxdaş edəndə kənardan bunlar alaq otu kimi çıxır.

Təmizlə, təmizləyə bilirsənsə!

Biz jurnalistlər siyasətçilərin, ədəbiyyatçıların söz davaları ilə bağlı yazanda adətən başlığı belə qoyuruq: “Filankəs od püskürdü...” Bir az poetik olur, amma klassikadır, illərdir dəyişməz. İndi o xaricdən danışanlar barədə bunu demək olmur. Sadəcə yazmaq istəyirsən ki, kanalizasiya lyukunun qapağı yenə də açıldı.... Açdırmayın da o qapağı!

Sevinc TELMANQIZI
Tarix: 11-08-2019, 21:40
Xəbəri paylaş





Xəbər lenti