Xaricdə təhsil alanların iş problemi


Dövlət nə eməlidir?

Azərbaycanda bəzi sahələr üzrə bacarıqlı kadr qıtlığı hiss olunmaqdadır. Hazırda xüsusilə kənd təsərrüfatı, informasiya texnologiyaları, tibb və sair sahələrdə kadr çatışmazlığı hiss olunur.  Qeyd edək ki, Azərbaycanda gənclərin xaricdə təhsilinin maliyyələşdirilməsi üzrə dövlət proqramı icra olunur. 2007-2015-ci illəri əhatə edən proqram Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilir. Fonddan verilən məlumata görə, bu il yanvarın 1-nə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramı” (Dövlət proqramı) çərçivəsində 3302 nəfərin təhsil ilə bağlı xərcləri qurum tərəfindən maliyyələşdirilib. 01 dekabr 2018-ci il tarixinə dövlət proqramı çərçivəsində xaricdə təhsili maliyyələşdirilmiş və məzun statusunu almış tələbələrin sayı 1913 nəfər olub. Məzunların əksər hissəsi - 733 nəfəri Böyük Britaniya, 295 nəfəri Türkiyə, 149 nəfəri Almaniya, 110 nəfəri Niderland K., 98 nəfəri Rusiya, 73 nəfəri ABŞ-da təhsil alıblar. Dövlət proqramının maliyyələşdirilməsi məqsədilə 2008-2018-cı illər ərzində Dövlət Neft Fondu tərəfindən ümumilikdə 212 milyon 681,4 min manat vəsait sərf olunub.

Göründüyü kimi, yalnız dövlət proqramı çərçivəsində məzun olanların sayı 2 min nəfərə yaxındır. Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən proqram çərçivəsində məzun olan gənclərə işlə təminat sahəsində müəyyən üstünlüklər tanıyıb. Belə ki, iyul ayında prezident “Dövlət qulluğu haqqında” qanuna edilmiş dəyişiklikləri təsdiqləyib. Həmin dəyişikliklərə əsasən, Azərbaycanda bundan sonra Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali məktəblərində təhsil almış gənclərin dövlət qulluğuna qəbulu müsabiqə (test imtahanı və müsahibə) əsasında aparılmayacaq. Həmin şəxslər vakant dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edərək, tələb olunan sənədləri təqdim etməlidir. Sənədlər təqdim edildikdən sonra həmin şəxs 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunur. Dövlət orqanının rəhbəri isə həmin şəxsi stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir.

Bəzi məlumatlara görə, xaricdə təhsil alan bir çox gənclər nəinki iş, hətta diplomlarını təsdiqlətmək sahəsində də ciddi çətinliklərlə üzləşirlər. Lakin Təhsil Nazirliyi bildirir ki, Azərbaycan xarici universitetlərin diplomlarının ölkəmizdə tanınması ilə bağlı beynəlxalq konvernsiyalara qoşulub. Avropa təhsil almış tələbələrin diplomlarının tanınması ilə bağlı BMT-nin Paris Konvensiyasına, Asiyada təhsil almış tələbələrin diplomlarının tanınması ilə bağlı Asiya Sakit okean - Bankqok Konvensiyasına, YUNESKO-nun Avropa Şurası ilə birlikdə hazırladığı Avropa regionu üzrə ali təhsil sahəsində ixtisasların qarışılıqlı tanınması haqqında Lissabon Konvensiyasına, eləcə də “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” Haaqa Konvensiyasına qoşulub. Bu konvensiyaya qoşulan dövlətlər arasında sənədlərin qarışılıqlı tanınması üçün “Apostil” olmalıdır. Hazırda xaricdə elə bir universitet yoxdur ki, Təhsil Nazirliyi tərəfindən oranın diplomu nostrifikasiyadan keçmədən birbaşa tanınsın. Təhsil Nazirliyinin akkreditasiya və nostrifikasiya idarəsi bildirir ki, diplomun tanınmamasının əsas  səbəbləri tələbənin təhsil aldığı müddətdə Azərbaycana giriş-çıxışı arasında uyğunsuzluğun olması və təhsil aldığı dili bilməməsidir.

Qubad Ä°badoÄlu ile ilgili görsel sonucu

İqtisadçı-alim, ABŞ universitetlərində müəllim işləyən Qubad İbadoğlunun “Yeni Müsavat”a dediyinə görə, “Dövlət qulluğu haqqında” qanuna müvafiq dəyişiklik proqram çərçivəsində ilk məzunlar ölkəyə dönən zaman qəbul edilsəydi, daha böyük effekt əldə etmək olardı: “Proqramın ilk illərində məzun olub gələn gənclərin xeyli hissəsi normal iş tapa bilmədikləri üçün məcburi olan 5 illik müddət bitəndən sonra getdilər xarici ölkələrə. Amma, məsələn, Qazaxıstanda icra edilən ”Bolaşak" proqramı üzrə oxuyub ölkəyə qayıdan gənclər arasında xaricə gedənlər, demək olar ki, yoxdur. Çünki onlar gələndə ölkələrində layiqli işlə təmin olunurlar. Bu gün Qazaxıstanda “Bolaşak” məzunları olan nazirlər, nazir müavinləri, yüksək vəzifəli dövlət məmurları kifayət qədərdir. Azərbaycanda isə bu nəticə əldə olunmayıb".

Ekspert bildirir ki, layiqli iş tapmaq yalnız dövlət proqramı məzunları üçün deyil, bütövlükdə xaricdə təhsil alıb gələnlər üçün ciddi problemdir: “Əslində onların hamısı dövlət qulluğuna müsabiqədənkənar qaydada qəbul olunmalıdır. Çünki eyni universiteti biri dövlət, digəri öz hesabına bitiribsə, işəqəbulda bunlara niyə fərq qoyulmalıdır? Belə şəxslər pulsuz tibbi sığorta ilə təmin olunmalı, kadr təyinatlarında onlara imtiyazlar verilməlidir”.

Q.İbadoğlunun sözlərinə görə, Azərbaycanda orta təhsil, bakalavr təhsili alıb xarici ölkəyə magistratura təhsili üçün gedənləri orada həvəslə yaxşı işə qəbul edirlər: “Çünki bu gənclər tutalım ki, alman dövləti üçün hazır kadrdır - onların orta, bakalavr təhsilinə Almaniya dövləti hər hansı xərc çəkməyib. Belə hazır kadr inkişaf etmiş ölkələrdə yüksək qiymətləndirilir və dərhal da layiqli işlə təmin olunur. Yəni Azərbaycan dövlətinin puluyla orta, ali təhsil alan şəxs xaricdə magistr təhsili alır və qalır orada. Bu, Azərbaycan üçün böyük itkidir. Bu itkinin qarşısını almaq üçün dövlət stimullaşdırıcı addımlar atmalıdır.

Azərbaycanda  bəzi dövlət orqanlarında işə qəbul sovetlərdən qalma “prinsiplərlə” aparılır. Bu şəraitdə nə qədər bacarıqlı olsa belə, arxasız şəxsin karyera qurması mümkün olmur. Böyük özəl şirkətlər də iri məmurlara bağlı olduqları üçün yüksək vəzifələrə işə qəbulu eyni prinsiplə həyata keçirirlər. Çünki sağlam biznes təfəkkürü yoxdur, qazanılan pullar sağlam rəqabət şəraitində əldə olunmur. Sağlam rəqabət mühiti olarsa, biznesinin inkişafı naminə hamı ən bacarıqlı kadrları işə cəlb etməyə çalışar. Bu isə iş axtarışları sahəsində sağlam rəqabət mühiti formalaşdırar. Bu gün Azərbaycanda yalnız beynəlxalq səviyyəli transmilli şirkətlər, əsasən də neft-qaz sektorunda çalışan şirkətlər işə qəbulu tam şəffaf aparırlar".

Diplomların tanınması sahəsindəki problemə gəlincə, iqtisadçı-alim bunun çox asan həll yolu olduğunu deyir: “Bir çox universitetlər var ki, oranın verdiyi təhsil mötəbər hesab olunmur. Belə universitetlərdə təhsil alıb gələnlərin diplomları tanınmır. Gənclərin onlara üz tutmaması üçün Azərbaycan tutalım ki, dünya reytinqində ilk 500-lükdə olan universitetlərin diplomlarının tanınması haqqında qərar qəbul etməli və həmin universitetlərin siyahısını müvafiq resurslarda yerləşdirməlidir. Bundan sonra kiminsə gedib diplomu tanınmayacaq universitetdə təhsil alması real olmayacaq. Bu gün Azərbaycanın ən böyük problemi kadr problemidir. Yerli universitetlərimiz xarici universitetlər qədər bacarıqlı kadr yetişdirmək imkanında deyillər. Buna görə də xaricdə xüsusilə öz hesabına təhsil alanları bütün mümkün vasitələrlə ölkəyə cəlb etmək lazımdır”. 


Tarix: 15-08-2019, 08:26
Xəbəri paylaş





Xəbər lenti