Nə daha yaxşıdır: etinasız cəmiyyət, yoxsa...


Etiraf edim ki, ötən həftələrdə Qırğızıstanda qızışan prosesləri detallarına qədər bilmirəm.

Ona görə ki, bu ölkədə siyasi həyəcanlanmalar, mitinq və etirazlar bir növ adı hal alıbdı, qısa müstəqillik dövrü ərzində ölkə beş prezident görüb ki, bu da digər Mərkəzi Asiya ölkələri ilə müqayisədə qətiyyən  xarakterik hal deyib, çünki digər ölkələrdə bu illər özünün qəbiristanlıq sükutu və “sabitliy”ilə seçilibdi.

Prinsipcə, otuz illik müstəqillik dövründə beş prezident elə də böyük ədəd deyil, hətta normal siyasi hesabdır - əgər nəzərə alsaq ki, Avropanın az qala, göbəyində yaşayan belaruslar bu illər ərzində cəmi bir prezident görüb ki, o da keçmişdə sovxoz direktoru olubdu.

Qırğızıstanın prezidentlərinin arasında isə yetərincə intellektual və savadlı adamlar olubdur. Düşünürük, burada birinci prezidenti, Ə.Akayevi xatırlamaq yetər - o, texnika elmləri doktoru və Qırğızıstan Elmlər Akademiyasının prezidenti olmuşdu. Bir qədər irəli qaçmaq kimi yozulsa da, qeyd edək ki, o, hakimiyyətdə düz 15 il oldu və bu müddət hələ də Qırğızıstanda rekord kimi qalır və digər prezidentlərə onu təkrar etmək müyəssər olmayıbdır.

Əlbəttə, demirik ki, qırğız prezidentləri hörmətli Aleksandr Lukaşenkodan tamam-kamal fərqləniblər, yox, onlar da əsasən Rusiyameyilli liderlər olublar, hakimiyyətdən əsasən varlanmaq məqsədilə istifadə ediblər, yüksək vəzifələrə öz qohumlarını təyin ediblər, onlara qarşı da hakimiyyətdən gedəndən sonra ciddi korrupsiya ittihamları irəli sürülübdür və onların, demək olar, heç biri qırğız milli demokratiyasına özünün ciddi töhfəsi ilə yadda qalmayıbdır.

Nəticəsi də bu olub ki, qırğızların inqilabi sayıqlığına və passionarlığına baxmayaraq, onların ölkəsi Mərkəzi Asiyanın ümumi despotik fonundan elə də ciddi, institusional bir şəkildə seçilməyibdir.

Prinsipcə, bu da başadüşüləndir. Demokratiya qurmaq, ümumiyyətlə, çətin bir işdir, xüsusən də onu Asiya ölkəsində qurmaq daha çətindir, çünki burada belə mürəkkəb ictimai-siyasi prosesə yardımçı ola biləcək, məsələn, Avropa Şurası kimi regional demokratik institutlar yoxdur.

Yeri gəlmişkən, biz azərbaycanlılar bu institutların həyatımıza təsirini heç də yetərincə dəyərləndirmirik. Demirəm ki, sadə bir azərbaycanlı kimi mən bu təşkilatların fəaliyyətindən tamam-kamal razıyam, amma inanın, onlar olmasaydı, hər şey daha mürəkkəb və daha pis ola bilərdi.   

Bir daha qırğızlara gəldikdə, bütün hallarda, onların etiraz etməsi və mitinqlər keçirməsi yaxşı haldır, nəinki total siyasi apatiya və etinasızlıq və əminik ki, müəyyən zamandan sonra onların da işi alınacaq - axı biz hamımız öz səhvlərimizdən və təcrübəmizdən öyrənirik.

Digər tərəfdən, inanın ki, kimisə, xüsusən də nəyisə müdafiə etmək və bu yolda məhrumiyyətlərə dözmək özü dərin mənəvi-əxlaqi göstəricidir və bunun əksi olan etinasızlıq, eqoizm və qorxaqlıq mənəviyyatsızlıqdır.  

Bir daha deyirik ki, bu ölkədəki proseslərin bütün detallarını bilmirik: tamam mümkündür ki, burada da geosiyasi izlər və hətta klan savaşının izləri var - axı Qırğızıstanda da şimal və cənub klanları kimi iki klan var və onlar daim bir-birilə çəkişir. Gəl, bir məsələ də var ki, siyasət nəcib qızlar klubu deyil ki, burada ifrat paklıqdan danışasan.     

Daha qorxulusu əbədi olaraq mürgüləməkdir, apatiyadır və ya etinasızlıqdır - ən azı ona görə ki, Amerika diplomatiyası da birdən -birə qurulmayıb. Hələ Aleksis de Tokvill təəccüblə yazırdı ki, bu ölkədə nəsə qəribə hadisələr baş verir, hara baxırsan, hansısa mitinqlərdir, hansısa müzakirələrdir!..

Amma nəticə göz önündədir - qüdrətli ABŞ demokratiyası belə qurulmuşdu. Bir daha qeyd edək ki, demokratiyaya aparan yol uzundur və yetərincə çətindir. Demokratiyaya “hamar yol”, “qısa yol”, “ağrısız  yol” arayanlar və gec-tez geri dönmək istəyənlər son nəticədə despotiyaya və ya müstəbidliyə tuş gəlirlər, çünki zəif cəmiyyətlərin və individlərin nəsibi despotiya, “dəmir əl” və digər avtoritar institutlardır.

Ən çox da etinasızlıqdan ehtiyat etmək lazımdır. Çünki etinasız, müqavimətsiz cəmiyyətlər və ya fərdlər plastilin kimidir, onları hansı formaya desən, salmaq olur. Odur ki, qırğız qardaşlarımıza uğur diləyək: əgər onlar ictimai proseslərə daim belə həssas olsalar, ən əsası da sayıq və tələbkar olsalar, gec-tez onların da işi alınacaq...

Hüseynbala Səlimov
Tarix: 15-08-2019, 09:15
Xəbəri paylaş





Xəbər lenti