“RÜTBƏ QAZANMAĞIN YOLU BU ANCAQ, ALÇAĞA UCA DE, UCAYA ALÇAQ” !!!


YALTAĞAM

Rəis görsəm, mən bilirəm işimi,
Fərqi yoxdur – nakişimi, kişimi?
Lap uzaqdan ağardaram dişimi,
Belə olacağam nə qədər sağam,
Yaltağam!!!

Alnıma yazılıb: quyruqda gəzim,
Min süni ehtiram, min süni təzim,
Güclüyə baş əyim, gücsüzü əzim,
Vəzifəli yiyəm, vəzifə ağam,
Yaltağam!!!

Şərəf mənliyimdən süzülüb çölə,
Pula kölələrə olmuşam kölə,
İçimdə qoymaram rəzalət ölə,
Hədyana şərikəm, şərə ortağam,
Yaltağam!!!

Qürur nədir? Qürursuzun nökəri,
İti gedir yağlı yalan təkəri,
Kəm etmərəm dilimdəki şəkəri,
Belə təlim keçib ustadım, qağam,
Yaltağam!!!

Xoşhal etsəm müdirimi nə qəmim?
Nuhun tufanında heç batmaz gəmim,
“Malades!” məlhəmim, ənam həmdəmim,
Doğru yasağımdır, haq söz qadağam,
Yaltağam!!!

Rütbə qazanmağın yolu bu ancaq,
Alçağa uca de, ucaya alçaq,
Onda haramların halal olacaq,
Belə təlim görsün bələkdə çağam,
Yaltağam!!!

İçiboşlar heç vaxt olmaz boş duran,
Yağlı yalan müdirimi coşduran,
Dilimlə özünə dastan qoşduran,
Gerçəyi qurudam, yalana yağam,
Yaltağam!!!

Əmrə müntəzirəm əldə aftafa,
Məni başa düşməz qürurlu qafa,
Cəfadan boy verir ömrümə səfa,
Adamlıqda geri, nəfdə qabağam,
Yaltağam!!!

Əyilirsən ucalasan özün də,
Ucalıram söz umanın sözündə,
Məst etdiyim yüngüllərin gözündə
Ceyrandan gözəldir mənim qurbağam, 
Yaltağam!!!

Öndəyəm adamlıq cərgəsində mən,
Yaxşı peşə seçdim vədəsində mən,
Kefdəyəm kölgəsiz kölgəsində mən,
Cüyürü də keçər mənim tısbağam,
Yaltağam!!!

Yox urvatı əsil şərəfin, şənin,
Qanqalıyam gül bitirən gülşənin,
Mən dinəndə qanad açıb şişənin,
Könlündə dəryayam, gözündə dağam,
Yaltağam!

Əyni qalın əgər görsən soyundur,
Dayazları məst eləmək oyundur,
İnanırsa, demək o da qoyundur,
Aldanan qoyunu gərək mən sağam,
Yaltağam!!!

Ağu verən axır olur bal yeyən,
Bu dünyada boş qafalar tac geyən,
Pristav itinə “Malades!”-deyən,
Qurbanəli ağacında budağam,
Yaltağam!!!

Harda səfeh olsa, mən orda varam,
Haqla, ədalətlə olmayıb aram,
Qatıra varisəm, söyüdə baram,
Korlara eynəyəm, daza darağam,
Yaltağam!!!

Nitqimdə gül susur, qanqallar dinir,
Alçaqlar ucalır, ucalar enir,
Doğru buz bağlayır, yalan isinir,
Bəşər kitabında saxta varağam,
Yaltağam!!!

Cibdən imkanlını tutubdur azar,
Doğru qan qaraldar, əhvalı pozar,
Mən doğru söyləsəm, o əyri yozar,
Qara niyyətlinin gözündə ağam,
Yaltağam!!!

Ağamın bezinə ipək deyirəm,
Düşməni ceyrana köpək deyirəm,
Zəhər söhbətinə pətək deyirəm,
Haqqın sinəsinə çəkilmiş dağam,
Yaltağam!!!

Sözüm tək-tükünə eyləməz əsər,
Ağzımı açmamış sözümü kəsər,
Gözümdə qürurlu əbləh, gicbəsər,
Onların əlindən qana qaltağam
Yaltağam!!!

Məhərrəm HÜSEYNOV

Xoşhal etsəm müdirimi nə qəmim?
Nuhun tufanında heç batmaz gəmim,
“Malades!” məlhəmim, ənam həmdəmim,
Doğru yasağımdır, haq söz qadağam,
Yaltağam!!!


 

Tarix: 15-08-2019, 21:28
Xəbəri paylaş





Xəbər lenti