Toy məhbusları


“Padşah özünü saxlaya bilməyib dedi:

- A kişi, sənin bu boyda dərdin var idi, bəs niyə üzünə baxana elə hırıldayıb gülürdün?"

(“Padşah və dəmirçi” Azərbaycan xalq nağılından)

Təzəlikcə alimlər Qrenlandiya adasında dünyanın ən yaşlı akulasını tapmışdılar, yanılmıramsa, bu heyvan ümumən ən yaşlı canlı idi. 500 yaşı varmış. Şair demişkən, nələr çəkmiş başın sənin, bilinməyir yaşın sənin. Bunu da onun uzunluğuna görə müəyyən eləyiblər, yoxsa akula at deyil ağzını ayırıb dişlərinə baxasan, çinar ağacı deyil kəsib içində halqaları sayasan, nə bilim, müxalifət partiyasının sədri deyil verdiyi kəskin bəyanatların tarixinə göz gəzdirəsən. Akulanın yaşını uzunluğuna görə ölçürmüşlər, sən demə, bu heyvan hər il bilmirəm neçəsə millimetr uzanırmış, indi tapılan akula müəllim də 500 yaş qədər uzunluqdaymış. Mən faktı oxuyan kimi ağlıma bir ideya gəldi. Deyirəm onu dəvət eləyək, üzə-üzə gəlsin Xəzər dənizinə, Bakı buxtasına, tarixçi alimlərimiz toplaşsın, Şah İsmayıl Xətainin məsələsini bundan dəqiq öyrənək. Çünki Xətai 1487-ci ildə doğulub, yəni uca hökmdarımız anadan olanda bu akulanın hardasa 32 yaşı var imiş. Deməli, biz o dövrdə, elə ondan sonrakı dövrlərdə tariximizdəki mübahisəli məqamları akuladan öyrənə bilərik. Bizdə belə məqamlar çoxdur. Kim KGB üzvü olub, filan vaxtı hansı partiyaya işləyib, filan rayonu kim satdı, behmənkəs adamlığını harda itirdi və sairə - soruşası şeylər çoxdur. Ümid edək, akula bu sirləri bizə açar, yoxsa elə birinci sualımızdan sonra “Məni balalarınızın başına çevirib üzü qibləyə kəsin, heç nə soruşmayın” deyə yalvarmaz. Nə qədər akulalar bizim tarixi öyrənərkən intihar eləmişdir, özünü sahilə atmışdır. İndi yadıma düşdü, 2000-ci ilin deputatxana seçkiləri saxtalaşdırılanda Şəki camaatı etiraz aksiyası keçirtmişdi, o aksiyanı yatırdanlardan biri rayonun polis rəisi Hamlet müəllim idi, camaat ona nəyəsə görə Akula Hamlet ləqəbi qoşmuşdular. Əlbəttə, bunun bizim temaya heç bir dəxli yoxdur, vaxt öldürürəm. Gələcəkdə ədəbi istedadım fışqırsa “Akula Hamlet” adında pyes yazacağam.

Tema isə daha bir toyumuzda düşən davadır. Binəqədidə “Üzeyir” şadlıq sarayında düşən davada azı 2 nəfər deşici-kəsici-sürtücü-əmici yara alaraq xəstəxanalıq olmuşdur. Görün Azərbaycan xalqı Üzeyir Hacıbəyovun yaradıcılığına, şəxsiyyətinə necə böyük ehtiram bəsləyir, onun adını şadlıq sarayına qoyur, bununla kifayətlənməyərək obyektdə qanını axıdır. Axı şair demişkən, torpaqları torpaq yapan üstündəki qandır. Sözgəlişi, mən özüm böyük sənətkarımızın “Əlvida keçmişim”, “Sevgi yoxdur, inanmıram, abi” mahnılarını sevə-sevə dinləyirəm.

Ancaq mən dünən təəssüf doğurucu xəbər oxudum, deyir polis orqanları hərəkətə keçmiş, həmin toyxana davasına görə cinayət işi açılmışdır, saxlanılanlar vardır. Niyə, nə üçün?

Qoy bir-birilərini öldürsünlər, qırsınlar da bə. Millət bu yolla təmizlənir, ucalır, Cəmil müəllim demişkən, uca millət olur. Məsələn, 1930-cu illərdə bizim yazıçılar, şairlər bir-birini qırırdılar, nəticədə ədəbiyyatımız təmizlənirdi, gözəl “Lenin” poemaları yazılırdı, yazıçılara komsomol mükafatı verilirdi, rayona gedəndə kolxoz sədri şairə toğlu kəsir, hələ qayıdanda baqaja cəmdəyin yarısını atırdı. İndi isə idarədə qan axmır, nəticədə deqradasiya baş verir, bəzən görürsən üç burnufırtıqlı şair birdən sədrin yerinə göz dikir. Heç olmasa bəzi illərdə dövlət yardım fondunun köməyi ilə AYB-də imkansız şairləri sünnət edirdilər, indi bu proqram da aradan qalxmışdır, idarənin pilləkənlərindən neçə illərdir qan şoralanmır.

Mən hökumətdən qətiyyətlə tələb edirəm ki, o məhbusları azad eləsinlər. Ümumən bütün toy məhbuslarına azadlıq tələb edirəm, Novella xanımı, Səidə xanımı, başqa QHT-lərimizi bu siyasi etiraza qoşulmağa çağırıram. Belə getsə heç kim evlənmək istəməyəcək. Güc-bəla 10 milyon olmuşuq, bizə bu lazımdırmı?

Zamin HACI
Tarix: 16-08-2019, 09:17
Xəbəri paylaş





Xəbər lenti