Ali təhsil məcburiyyəti: “Utanc” mənbəyinə çevrilən abuturiyentlər



Ali təhsil məcburiyyəti: “Utanc” mənbəyinə çevrilən abuturiyentlər

Bir neçə gün əvvəl ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri açıqlanıb. Biz də öz növbəmizdə ali məktəbə qəbul olan bütün abuturiyentləri və onların valideynlərini təbrik edirik.

Əsas diqqəti isə lazımi balı toplamadığı üçün ali təhsil müəssisələrinə qəbul ola bilməyən gənclərə çəkmək istəyirik... Hər il imtahaların nəticələri açıqlandıqdan sonra bir çox ailələrdə vəziyyət kritik həddə çatır. Universitet üçün yetərli balı toplaya bilməyən abuturiyentlərin valideynləri bunu rüsvayçılıq, başıaşağılıq kimi qəbul edirlər və düşürlər övladlarının üstünə. Onsuzda aylardır stres içərisində olan və qəbul ola bilmədikləri üçün sarsıntı keçirdən gənclər isə bu basqının qarşısında aciz qalırlar. Hətta indiyə qədər imtahandan az bal topladığı üçün intihar edən gənclərində sayı az deyil.
Valideynlər anlamaq istəmirlər ki, hamı ali təhsil almalır deyilən bir anlayış tamamilə səhvdir. Bunun üçün haray salmağın, basqı etməyin heç bir mənası yoxdur. Bu basqıların imtahan nəticələrinə təsiri olmur. Əksinə siz min bir əziyyətlə böyütdüyünüz övladlarınızı, öz əllərimizlə uçuruma doğru itələyirsiniz.
“Övladım ali məktəbə girdi” ifadəsini işlədib, fərəhlənə bilmədiyiniz üçün uşaqlarınızın gələcəyini məhv edirsiniz. Axı biz övladlarımızı onun uğuruna fərəhlənmək üçün dünyaya gətirməmişik...
Əlbəttə ki, oxumaq, ali təhsilə yiyələnmək çox müsbət haldır. Amma unutmaq olmaz ki, insanların hamısı eyni deyil və beyinləri də eyni yöndə işləyə bilməz. Kimisi fizika, kimya kimi ixtisasları yaxşı mənimsəyə, kimisi isə yaxşı dərzi, dülgər ola bilər.
Hətta valideynlər var ki, bütün imkanlarından istifadə edərək, təhsildən xəbəri olmayan övladlarını hansısa formada universitetə “işildirməyə” çalışırlar. Anlaya bilmirlər ki, bununla cəmiyyətə hansı zərbələri vururlar. Axı savadsız həkim, mühəndis, müəllim və s. cəmiyyətə nə töhfə verə bilər?
Övladlarınızın ali təhsil müəssisəsinə daxil ola bilməməsi, onun gələcəkdə uğursuz biri olacağı anlamına da gəlmir. Bunun üçün də qollarınızı bütün yaxşı və pis nəticələri ilə övladlarınıza açın.
Tarix: 6-09-2021, 22:42
Xəbəri paylaş





Xəbər lenti