“Atamın yoxluğu anama baxanda daha çox hiss olunur” - Habil Əliyevin qızı

“Atamın yoxluğu anama baxanda daha çox hiss olunur” - Habil Əliyevin qızı
“Bu gün atamın anım günüdür. Bizim üçün ağır gündür. Hər bugünkü gün sanki elə bil bu gün rəhmətə gedib. 6 il bundan əvvəl atam dünyasını dəyişib. Biz hər il ailədaxili anım günü keçiririk, övladları, nəvələri toplaşıb məzarı üstünə gedirik. O gün anamızın yanında oluruq. Anam onsuz qaldı. Atamın yoxluğu anama baxanda daha çox görünür, hiss edirik. Çünki hər an, hər dəqiqə onun dilində, sözündə atamdır”.
 
Bunu Moderator.az-a Xalq artisti Habil Əliyevin qızı Vəfa Əliyeva deyib. O daha sonra əlavə edib.

“Atamın sonuncu ad gününü, 88 yaşını biz ailəlikcə qeyd etdik. Elə sevinirdi, fərəhlənirdi ki. Şadyanalıq edib, özünə doğum günü keçirməyi də sevməzdi. Atamsız həyatımızda çox böyük boşluq var. O boşluğu hər an, hər dəqiqə hiss edirik. Onun insanların qəlbində də yeri bir başqadır, atamı sevənlər çoxdur. Sənəti ilə yaşayırdı, kamança alətindən də gözyaşları ilə ayrılmışdı. Atam kamançanı ermənilərin əlindən alıb, sübut etdi ki, bu alət bizimdir. Bu sənətdə əsl inqilab idi. Bilirsiniz ki, mən ixtisasca həkiməm. Fəaliyyətimlə bağlı peşəmi xaricdə davam etdirməyə getmişdim. Təbii ki, xaricə ailəmlə yollanmışdım. Çox uzaq ölkədə idim, atamın səhhətində yavaş-yavaş yaşla bağlı narahatlıqlar başlayırdı. Hər gün mənimlə telefonla danışırdı, hiss edirdim ki, darıxır. Atamın yanında olub, onun qayğısını çəkmək mənim üçün daha önəmli idi. Ona görə də qərar verdim ki, yenidən Azərbaycana qayıdım. Qayıtdım da, heç peşman deyiləm. Elə sevinirdi ki", - deyə Habil Əliyevin qızı bildirib.

Tarix: 8-09-2021, 22:23
Xəbəri paylaş





Xəbər lenti