“Ağ ölüm”ün zülmət yolu: İstifadəçilər artır, tədbirlər nəticə vermir - Nə etməli? - AÇIQLAMA


“Ağ ölüm”ün zülmət yolu: İstifadəçilər artır, tədbirlər nəticə vermir - Nə etməli? - AÇIQLAMA

Son vaxtlar narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində bir sıra tədbirlər həyata keçirilsə də, hələlik bu istiqamətdə problemlər tam olaraq öz həllini tapmayıb.
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin son günlər keçirdiyi növbəti əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul olan daha 14 nəfər, Zabrat, Bilgəh, Bakıxanov, Balaxanı və digər qəsəbələrdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 nəfər saxlanılıb.
DİN-in məlumatına görə, transmilli mütəşəkkil cinayətlərdən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri də səmərəli olmaqla, əsas diqqət qeyri-leqal dövriyyədən daha böyük çəkidə narkotik vasitələrin çıxarılmasına yönəlib.
Nəticədə narkotiklərlə əlaqədar müəyyən edilmiş 4066 (+1281), o cümlədən onların satışı ilə bağlı 1428 (+515) fakt üzrə cinayətkarlardan ötən ilin 6 ayı ilə müqayisədə 776 kiloqram çox, bütövlükdə 1 ton 843 kiloqram narkotik vasitə götürülüb.
Həmçinin, ümumi çəkisi 140 tondan çox olan çətənə və xaş-xaş kolu aşkarlanaraq yaşıl kütlə halında məhv edilib. Bu növ cinayətləri törətmiş 2722 nəfərdən 2000-i əmək qabiliyyətli işləməyən və oxumayan, 964-ü əvvəllər cinayət törətmiş şəxs, 66-ı qadınlardır.
Beləliklə, bu gün ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının satışı ilə məşğul olanlarla yanaşı aludəçilərin də sayı artmaqdadır. Bu problemin həlli yolu cəza tədbirlərini artırmaqdan, yoxsa maariflənmədən keçir?
Polisə Dəstək İctimai Birliyinin sədri Şəmsəddin Əliyev Cebhe.info-ya bununla bağlı bildirdi ki, bu istiqamətdə apardığı hesablamara görə, 2016-cı ildən cari ilin 6 ayınadək təxminən 22 mindən bir qədər çox narkomanlıqla və onun qanunsuz dövriyyəsi ilə bağlı cinayət faktı aşkar edilib:

"17 mindən çox insan cinayət məsuliyyətinə cəlb edilib. Bunların sırasında işləməyən, oxumayanlar, əvvəllər məhkum olunmuşlar, qadınlar da çoxluq təşkil edib. Burada işsiz, kifayət qədər təhsili, elmi olmayan, maarifləndirmə tədbirlərindən faydalanmayan insanlar yer alır. Bu insanları ələ almaq daha rahatdır, iradəsi zəif insanlardır.
Digər tərəfdən əvvəllər məhkum olunmuşların da sayı çoxdur. Deməli Penitensiar Xidmətin müəssisələrində insanların islah olunması ilə bağlı tədbirlər o qədər də səmərə vermir. Burada cəmiyyət üçün bəlli olmayan pərdəarxası məqamlar var. Bu ondan ibarətdir ki, xarici dövlətlərin Azərbaycanda olan vətəndaşlarının da narkomanlıqla bağlı cinayət məsuliyyətinə cəlb olunması faktları var.
İran, Əfqanıstan və digər ölkələrin penitensiar xidmətində cəzasını çəkən bu xarici məhkumlar azərbaycanlı məhkumlarla bir araya gəlir və hətta ailələri ilə də əlaqə bağlanır, narkotik maddələrin və onun prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əlbir olurlar. Bu cinayətlər ona görə artıb ki, burada mütəşəkkil dəstələr daha çox fəaliyyət göstərir, həmçinin bu cinayətlər sərhədi aşa bilir, trans mütəşəkkil cinayətkarlıq növünə aiddir. 2016-cı ildən bu günə qədər təxminən 800-dən çox mütəşəkkil dəstə ifşa edilib. Cənub tərəfdən sərhəddən boşluq, zəif yerlərdən ölkəyə narkotik maddələrin gəlişi var. Təbii ki, insanların yaxalanması faktları da var. Yenə də onlar müxtəlif yollarla, o cümlədən cənub bölgəsində yaşayan, iradəsi zəif insanların köməyi ilə onlar ölkəyə daxil ola bilirlər.
Ancaq son zamanlar bu mübarizədə çətinlik yaradan internet vasitəsilə insanlar bir-biri ilə əlaqə saxlayır, onlayn qaydada alverlə məşğuldurlar və bu da alınır. Son zamanlar Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin nəzdində məhz bu internet saytları ilə bağlı şöbə yaradılıb və bu şöbə sırf onlayn qaydada öz məqsədlərinə çatmaq istəyən insanların ifşa olunması ilə bağlı tədbirlər həyata keçirir. Bu istiqamətdə kifayət qədər faktlar var".
Ş.Əliyev deyir ki, son iki il ərzində vətəndaş cəmiyyəti, QHT-lər bu istiqamətdə demək olar ki, maarifləndirmə işini dayandırıb:
"Dövlət tərəfindən QHT-lərin maliyyələşməsi, layihələr olmadığından vəziyyət də dəyişib. Məndə olan məlumata görə, yaxın günlərdə QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu sahədə kiçik layihələr, müsabiqələr elan edəcəklər. Bundan başqa pandemiya ilə bağlı orta, ali təhsil ocaqlarında maarifləndirmə işinin həyata keçirilməsi ləngiyib. Yalnız DİN-in Baş İdarəsi son il yarım il ərzində 300-ə yaxın maarifləndirmə tədbirləri həyata keçiriblər.
Bu, sosial şəbəkələr vasitəsilə reallaşdırılıb. Düşünürəm ki, burada din xadimləri də burada öz sözlərini deməlidir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu sahəni unudub, ümumiyyətlə dayanıb. Niyə bundan kənarda qalırlar? Bu da çox ciddi məsələdir. Bununla yanaşı Səhiyyə Nazirliyi Baş Apteklər İdarəsi tərəfindən narkotik tərkibli müəyyən preparatların satışı qadağan olunmalı, müəyyən klinikalarda olmalıdır. Kompleks tədbirlər həyata keçirilməldir. Təhsil Nazirliyi ən azından ali təhsil ocaqlarında narkomaniya ilə bağlı tədris saatı salmalıdır. Hüquqşünaslar, Narkoloji Dispanserin həkimləri, sosioloqlar auditoriyada olmalıdırlar".
O da vurğulandı ki, narkomanlığa aludə olan insanlar müalicə olunmalıdır:
"Onları qohumlarından, azadlıqdan təcrid etmək aparılan mübarizəyə xələl gətirir. Çünki Penitensiar Xidmətin müəssisələrində insanlar islah olunmurlar. Onlar cinayət məsuliyyətinə cəlb olunmasınlar, Narkoloji Dispanserdə müalicə olunsunlar, sonra onlarla söhbət aparılsın ki, iradələrini cilovlaya bilsinlər, yenidən asılılıq mühitinə düşə bilərlər. Təbii ki, narkotika, psixotrop maddələrin qanunsuz dövriyyəsi, təchizatı, satışı ilə məşğul olanlar məsuliyyətə cəlb olunsunlar və cəza da sərt olmalıdır.
Ancaq mən aludə olan narkoman xəstələrin tutulmasının əleyhinəyəm. Ona görə də çox zaman valideynlər narkoman övladlarının anonim şəkildə müalicəsinə üstünlük verirlər, bu da həmişə səmərə vermir. Çünki qorxurlar ki, polislər xəbər tutarlar. Ona görə də narkomaniya ilə bağlı cinayət məcəlləsindəki fəsildən o insanlar kənarda qalmalıdır. Eyni zamanda BMT-nin bu növ cinayətlərlə bağlı bəyannaməsi var, bir çox dövlətlər buna qoşulub, ancaq nə etmək sualına belə onlar cavab axtarıb tapmırlar.
Hətta ekspertlər həyəcan təbili çalır ki, "bazar bağlanmalıdır". Ancaq bu "bazar" bağlanmır və bazarın bağlanması üçün kifayət qədər dominant dövlətlər var ki, onlara sərf etmir. Həmin bazar bağlanmayanda həyata keçirilən bütün tədbirlər sönük olur. Azərbaycan DİN bu istiqamətdə 6 aydır ki, prinsipial mübarizə aparır. Bizim insanlar əldə etdikləri məlumatı anonim şəkildə də olsa, müvafiq orqanlara, "qaynar xəttə" ötürmələri lazımdır. Bu da bizim həmin quruma dəstəyimizin bariz nümunəsi olar".
Tarix: 11-09-2021, 23:16
Xəbəri paylaş





Xəbər lenti