1280 manat üçün icra başçısı olmaq istəyərsənmi?..


1280 manat üçün icra başçısı olmaq istəyərsənmi?..

Deyirlər, məmur xalqın qulluçusudur, xidmətçisidir. Daha doğrusu belə olmalıdır. Rəsmi iş yeri olaraq da “dövlət qulluqçusu” yazılır. Dövlətə, dolayı yolla dövlətin adamlarına qulluq edən.

Başqa ölkədən gələn və reallıqlarımızdan xəbərsiz olan biri sual edərdi ki, qulluq eləmək belə yaxşı işdimi ki, hamı ora can atır? Qulluq eləməli olan qulluqçu niyə vəzifə üçün tanış tapır, imkan tapır, pul tapır, “xod” tapır. İş başına keçən kimi nəinki əli, hətta ayağı da yağ-bal içində üzür. 3 il öncəki hesabata görə, Azərbaycanda Baş nazir 2460 manat, Nazir, Dövlət Komitəsinin sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Dövlət Sərhəd Xidmətinin rəisi 1925 manat, mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanın rəhbəri 1595 manat, Yerli icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları əhali sayı 50 min nəfərədək olduqda 880 manat, 100 min nəfərdən çox olduqda 1045 manat, Bakı şəhərində 1925, Gəncədə 1280 manat təyin edilib.
Yekə-yekə nazir-filan vəzifəsini demirəm, icra başçısı orta hesabla 1280 manat maaşa baxmaq üçün ora- bura elçi salır? Məlum məsələdir ki, böyük başın böyük də dərdi olur. Başçının vəzifəli qonaqları, keçirməli olduğu plandan kənar tədbirləri, nə bilim daha nə qədər böyük-böyük işləri var. Biz fanilər bunları bilmərik. Amma qandığımız bir məsələ var ki, bu dövrdə bu maaşla başçı bala başı saxlayammaz, nəinki böyük-böyük qonaqları. İndi bu maaşa hansısa müəssisədə işləyən əməkdaşı qane eləmək olmur. Başçı başına haranın “pulunu” töksün? Bu maaşla bu sistem özü məcbur edir ki, “gül kimi, tərtəmiz” təzə məmur dönüb olsun sələfləri kimi rüşvətə bulaşmış məmur. O başçı olmasın, siz olun, o maaşla hamını razı salacaq şəkildə işləməyi bacarardınızmı? Başçı olmaq həm də “başda vurulan olmaq” deməkdir.
Bu təbiidir ki, dövlət başçısının ona təqdim edilən hər məmuru şəxsən tanımaq imkanı yoxdur. Buna fiziki olaraq nə zaman, nə güc yetməz. O təqdimat Prezidentin masasının üstünə gedib çatana qədər hansı əllərdən keçir, hansı özəlliklər əsasında seçilir, hansı məqamlara üstünlük verilir? Durduq yerdə kiminsə başına şahlıq quşu qonmur və ya heç də hansısa müəssisənin ən düz, ən işlək, ən ağıllı adamını qabağa çəkmirlər. Hətta Sovet dönəmində belə bəzən insana ağır gələn bir məsəl çəkilirdi: “Kolxozda öküzdən çox işləyən yoxdur, amma onu sədr seçmirlər”.
Hardasa adı mənfi hallarda hallanmış birisini qapıdan qovursansa, o pəncərədən özünə yol tapıb qayıtmağı yaxşı bacarır. Çünki vəzifədə olarkən ilk vəzifə yaxşı tanışlar, dostlar qazanmaqdır ki, yaman gündə arxa-dayağın olsun, dağ dağa söykənsin. Bir də yaxşı kompramatlar toplamaq var. O da “saxla samanı, gələr zamanı” prinsipi ilə...
“Bir yandan icra başçıları mənimsəməyə görə tutulur, o biri yandan belə işlərdə ad qazanmış şəxslər icra başçısı göndərilir. İnsanların əmlakını zorla əlindən aldırmaqda, saxta özəlləşdirmələrd, sahibkarı döydürməkdə və bu kimi bir çox əməllərdə adı hallanan Rafiq Cəlilov Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Bu adamın adı Kərəm Həsənov və Rüstəm Şahbazovla birlikdə Əmlak Komitəsində "korrupsiya triosu"na daxil deyildimi? Bir neçə il öncə MTN-nin keçmiş şefi Eldar Mahmudovun məhkəmə işi ilə bağlı onun da adı hallanmışdı. Bakının mərkəzində, Nəsimi rayon polis idarəsinin yanında, S.Zeynalov küçəsi, ev 17, mənzil 8-də aparılmış 120 kv.metrlik qanunsuz tikilinin sökülməsi əvəzinə, MTN əməkdaşının mülkiyyəti kimi qeydə alınması barədə 31 yanvar 2011-ci il tarixli sərəncam imzalanmışdı və bu işdə onun da adı çəkilmişdi. Cəlilov o zaman Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində idi. Hərçənd bu hadisədən sonra Məhəməliyev deputat olmuşdu, Cəlilov da 8 il sonra İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavini kimi fəaliyyətinə davam edirdi.
Bu günə kimi İcra başçılarının tutulmasında "bölgələrdən gələn siqnalların, məlumatların" rolu istisna olunmur. Yəqin ki, elə sosial şəbəkələrdən, müxtəlif mənbələrdən bir insanın hansı şəkildə fəaliyyət göstərməsi barədə məlumat əldə etmək olar. Bu anlamda Rafiq Cəlilov barəsində deyilənlər hələlik ürəkaçan deyil. Ümid edək ki, dəyişəcək. Dəyişməyəcəksə, kreslo əbədi deyil.
Yaxşı haldır ki, ölkədə kütləvi etirazlar, toqquşmalar fonunda deyil, dövlət başçısının iradəsi əsasında islahatlar aparılır. Prezident İlham Əliyev hələ ötən il mayın 13-də Kəlbəcərə yeni təyin etdiyi icra başçısını qəbul edərkən çıxışında belə bir ifadə işlətmişdi: “Hər addım cinayət, hər addım rüşvət. Buna son qoyulacaq!”.
Çətini bu çətin yola başlamaqdır, başlamışıq. İçimizdəki gizli düşmənlərlə savaş asan olmayacaq. Yolun sonu hamımızın iradəsindən, istəyindən, səsindən asılıdır.
Tarix: 16-09-2021, 09:22
Xəbəri paylaş





Xəbər lenti