Rəsul Quliyev Bakıdakı əmlaklarını SATIŞA ÇIXARTDIRIB

Rəsul Quliyev Bakıdakı əmlaklarını SATIŞA ÇIXARTDIRIB

Hakimiyyətlə əldə olunmuş anlaşmaya əsasən bu işdə eks-spikerə onun hüquqi və səlahiyyətli nümayəndəsi Ağasif Şakiroğlu yardım edir
Anlaşmaya əsasən, eks-spiker, o cümlədən onun nəzarətində olan Gələcək Azərbaycan Partiyasının sədri heç bir halda iqtidarın əleyhinə fəaliyyət göstərməməli, tənqidi fikirlər səsləndirməməli, imkan düşəndə hakimiyyəti tərifləməli, atılan addımları daim dəstəkləməlidir
Sabunçu Rayon Məhkəməsində hakim Nilufər Cəfərlinin sədrliyi ilə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadənin qudası, sabiq deputat Hacı Qalib Salahzadənin eks-spiker Rəsul Quliyevin Azərbaycandakı hüquqi və səlahiyyətli nümayəndəsi, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğluna qarşı iddiası üzrə məhkəmə prosesi yekunlaşıb.
Bu barədə musavat.com-da yer alan informasiyaya görə, Hacı Qalib Salahzadə illərdir ki, Bilgəh qəsəbəsinin ayrı-ayrı ünvanlarında yerləşən bağ torpaq sahələrinin ona, ailə üzvlərinə məxsus olduğunu iddia edib məhkəmə davaları açır. Bir çox hallarda torpaq sahələrində digər vətəndaşlara məxsus evlər, tikililər olduğu halda həmin torpaq sahələrinin ona məxsus olduğunda israr edir. Ağasif Şakiroğluna eks-spiker Rəsul Quliyev tərəfindən bağışlanmış torpaq sahəsi üzrə də vəziyyət fərqli deyil. Hacı Qalib Salahzadə iddia edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zağulba şosesi 2, 3 və 9 ünvanlarında yerləşən 72 sot torpaq sahəsi onundur. Ağasif Şakiroğlunun əlində isə həmin ünvanlara dair dövlət qurumlarından verilmiş və qüvvədə olan torpağın ona məxsus olmasını təsdiq edən şəhadətnamə var. Məhkəmə araşdırması zamanı aydın olub ki, həmin bağ sahəsi ilə bağlı Bakı Apelyasiya Məhkəməsinin 2010-cu ildə çıxardığı qərar var və həmin qərarda göstərilir ki, bağ torpaq sahəsi Hacı Qalib Salahzadənin deyil və o, ərazidən çıxmalıdır. Lakin həmin qərar 2021-ci ilin iyununa qədər icra olunmayıb.
Məhkəmə hesab edib ki, iddiaçı Qalib Aslan oğlu Salahzadə, Xatirə Allahşükür qızı Salahzadə, Zenfira Hacıbala qızı Salahzadə və Kübra Mirəbdül Hüseyn qızı Camalova adından məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından iddia tələbi təmin edilə bilməz. Buna görə də iddiaçı Hacı Qalib Salahzadənin cavabdeh Ağasif Şakiroğluna qarşı mübahisə predmeti barədə müstəqil tələbi irəli sürməyən üçüncü şəxs Bakı şəhər Sabunçu Rayon İcra Şöbəsi cəlb edilməklə "maneənin aradan qaldırılması və torpaq sahəsinin qaytarılması" tələbinə dair iddia ərizəsi təmin edilməyib. Beləliklə də eks-spiker Rəsul Quliyevin bağı məhkəmə qərarı ilə Hacı Qalib Salahzadədən rəsmən alınıb.
Qeyd edək ki, məsələ ilə bağlı Hurriyyet.az-ı bilgiləndirən mənbənin iddiasına görə, Sabunçu Rayon Məhkəməsinin eks-spikerin Azərbaycandakı hüquqi və səlahiyyətli nümayəndəsi Ağasif Şakiroğlunun, dolayısıyla Rəsul Quliyevin xeyrinə qərar verməsi, yəni sözügedən bağın Hacı Qalib Salahzadədən alınması əbəs yerə baş verməyib. Mənbə bildirib ki, prosesin bu cür cərəyan etməsi Rəsul Quliyevlə hakimiyyət arasında əldə olunan anlaşmanın nəticəsidir: "Artıq hər kəsə bəllidir ki, eks-spiker bir neçə dəfə Azərbaycana dönməyə cəhd edib, bu istiqamətdə hakimiyyətlə danışıqlar aparılıb. Lakin hər dəfəsində ya danışıqlar yarım qalıb, ya da tərəflər anlaşa bilməyiblər. Odur ki, artıq Rəsul Quliyevin Azərbaycana dönməyə ümidləri qalmadığından Bakıdakı əmlaklarını satdırmağa başlayıb".
Məlumatlı şəxsin sözlərindən belə aydın olur ki, bu işdə eks-spikerə yardım edən əsas sima məhz Ağasif Şakiroğludur: "Yəni, Rəsul Quliyev Bakıdakı əmlaklarını, obyektlərini Ağasif Şakiroğlu vasitəsiylə satışa çıxarıb. Onu da qeyd edim ki, buna Rəsul Quliyevlə hakimiyyət arasında əldə olunan razılaşmadan sonra qərar verilib. Həmin anlaşmaya əsasən, eks-spiker, o cümlədən onun nəzarətində olan Gələcək Azərbaycan Partiyasının sədri heç bir halda iqtidarın əleyhinə fəaliyyət göstərməməli, tənqidi fikirlər səsləndirməməli, imkan düşəndə hakimiyyəti tərifləməli, atılan addımları daim dəstəkləməlidir. Məhz bundan sonra Rəsul Quliyevə Bakıdakı əmlaklarını, obyektlərini satmağa şərait yaradılıb".
Mənbə onu da əlavə edib ki, anlaşmanın digər detalları barədə bir qədər araşdırma apardıqdan sonra Hurriyyet.az-a məlumat verəcək.
Tarix: 1-10-2021, 14:56
Xəbəri paylaş





Xəbər lenti