Bakıda milyonluq obyektlər kimlərindir? — FOTOLAR




Azərbaycanda son illər elan saytları xeyli artıb və zaman-zaman bu saytlarda maraq doğuran elanlara rast gəlirik, həmçinin daşınmaz əmlak saytlarında. Belə saytlar daha çox ev, torpaq satışı və kirayəsi üzrə ixtisaslaşıb. Son dövrlərdə isə qiyməti milyonlarla dəyərləndirilən daşınmaz əmlak elanları maraq doğurur. Məsələn, bu gün daşınmaz əmlak saytlarının birində paylaşılan elanda dəyəri 47 milyon 600 min olan (28 milyon dollar) 5 ulduzlu otelin satışı ilə bağlı məlumat verilib. Bu, daşınmaz əmlak saytlarında satışa çıxarılan ən bahalı mülkdür. Novxanıda yerləşən, 250 sot ərazidə tikilən otel 85 otaqdan ibarətdir. 


Novxanıda 47 milyon 600 min manatlıq 5 ulduzlu otel


Bir neçə gün əvvəl paylaşılan başqa bir elanda qiyməti 16 milyon manat olan obyektin satıldığı bildirilib. Badamdar qəsəbəsində yerləşən bu obyekt 4 mərtəbədən ibarətdir. 
Digər bir elanda isə 4 ulduzlu, 5 mərtəbəli otel 14 milyon manata satılır. Bu otel də Badamdar qəsəbəsində yerləşir.


Badamdar qəsəbəsində yerləşən 4 mərtəbədən ibarət 16 milyonluq obyekt


Badamdar qəsəbəsində 4 ulduzlu, 5 mərtəbəli otel 14 milyon manata

Maraqlıdır, bu mülklərin sahibi kimlərdir və belə mülklərin potensial alıcı sayı nə qədərdir? 

Bu kimi mülklərin satış elanı əmlak vasitəçiləri tərəfindən yerləşdirilir və vasitəçilərin əlaqə nömrəsi qeyd olunur. Həmin elanlardan birini paylaşan rieltorla əlaqə saxladıq. Maraqlıdır ki, elanın aktiv olduğunu bildirən vasitəçi, mülklə və satışı ilə bağlı yalnız ofisdə məlumat verə biləcəyini qeyd etdi. Vasitəçi, həmçinin, yalnız mülkün satışının həyata keçirilməsi və qiymətin razılaşdırılması ilə bağlı məlumat verə biləcəyini, mülkün sahibi ilə bağlı informasiyasının olmadığını bildirdi. 

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov "Demokrat.az"-a açıqlamasında belə mülklərin iş adamlarına, böyük şirkətlərə məxsus olduğunu qeyd edib:

“Biz azad iqtisadiyyat dövründə yaşayırıq, hər kəsin istənilən həcmdə mülkiyyəti ola bilər və bu mülk toxunulmazdır. Satışa çıxarılan yüksəkqiymətli mülklər isə həm yerli, həm də xarici investorlara məxsus ola bilər. Bahalı villaların, otellərin sahibləri yalnız azərbaycanlı iş adamları deyil. Daha çox Türkiyə və Rusiya vətəndaşlarının Azərbaycanda böyük mülkləri, otelləri var. Belə mülklərin satışa çıxarılması da artıq normal hal hesab edilir. Burada əsas məsələ tələbatla bağlıdır. Məsələn, əksər böyük villalar turizm şirkətləri tərəfindən icarəyə götürülürdü. Devalvasiya dövründə isə Azərbaycan gələn turistlərin sayı çoxaldı, bu da normaldır. Dünyanın istənilən ölkəsindən devalvasiya baş verən ölkəyə getmək sərf edir. Turistlərin sayının çoxalması ilə əmlakların miqdarı, həmçinin kirayə verilən otellərin də sayı artdı və hətta bazar tələbatından çox oldu. Həmçinin, böyük villaların bir çoxu zamanında ya tikinti şirkətləri tərəfindən icarəyə götürülüb, ya da villa sahibi onu otelə çevirərək istifadə edib. Bu proses pandemiya dövrünədək davam etdi. Pandemiya dövründə isə əks proses baş verdi. 

Pandemiya dövründə isə tələbat azaldı və həmin mülklər, otellər “yatmış əmlaka” çevrildi. Kiçik araşdırma ilə məlum oldu ki, hazırda orta hesabla 10 oteldən 2-3-ü fəaliyyət göstərmir. Sahibi belə olan halda mülkün xərcini qarşılamaq istəmir və onu sataraq, başqa sahəyə investisiya yatırmağa çalışır”. 

Ekspert hesab edir ki, qiyməti yüksək olan mülklərin satışı ilə bağlı elanların paylaşılması yaxşı fikir, lakin bu mülklərə alıcı tapmaq çətindir:

“Bu cür mülklərin satışı ilə bağlı əmlak saytlarında elan yerləşdirilməsi yaxşı fikirdir. Vasitəçilər milyonları olan müştəri bazasına sahib olmadığı üçün alıcını bu cür saytlarda axtarır. Ancaq qeyd etmək lazımdır ki, bu cür bahalı mülklərin satış elanları çoxalsa da, alıcı tapmaq çətindir”.

Aygül Qarayeva
Demokrat.az
Tarix: 3-10-2021, 09:55
Xəbəri paylaş





Xəbər lenti