Cəbhə xəbərlərini televiziyadan , radiodan, saytlardan yox ,isti-isti döyüşdən gələn hərbçilərimizdən öyrənirdik- cərrah həkim Rauf Ağayev


Müharibələrdə həkimlərin rolu, onların üzərinə düşən missiya əvəzsiz olur. Bu peşənin sahibləri xilaskar mələklərin işini görürlər. Müharibə qurbanları həyatlarının xilas olunması üçün göydə Allaha əl qaldırıb yalvaranda, ümidlərini ağ xalatlı həkimlərə bağlayırlar.Necə deyərlər, göydə Allahı,yerdə həkimləri deyirlər. Cərrah həkim Rauf Ağayev də belə gərəkli peşəkarlardandır.
Travmatologiya və Ortepediya İnstitunun cərrah həkimi, şöbə müdiri Rauf Ağayevin oktyabrın 7-si doğum günüdür. Ötən ilin həmin gününündə yaralıların həyatını xilas etmək uğrunda mücadilə apararkən dünyaya gəlişini qeyd etmək mümkün olmayıb. Təbrik üçün telefona gələn zənglərə növbətçi qızlar cavab verib. Zəng edənlərə də bir cavab verilib.- “Doktor əməliyyatdadır. ” Bu ilin oktyabrında isə həkimin ad gününü qeyd etməyə vaxtı var. O günləri qürur, şərəf, alnıaçıq,üzağ vətənə xidmət göstərmiş bir cərrah kimi xatırlamağın özü isə bambaşqa hisslər deməkdir.
Rauf Ağayev 1979-cu ildə Bərdə şəhər 1 saylı tam orta məktəbi qızıl medalla bitirib.Həmin ildə bir fəndən,Kimyadan imtahan verib,əla qiymət alaraq  N.Nərimanov adına Tibb Universtitetinə qəbul olub.Tibb Universtitetini fərqlənmə diplumu ilə bitirəndən sonra  bir il Zərdab rayonunda işləyib. Zərdabdan sonra təyinatını səhiyyə nazirliyindən Bərdəyə dəyişiblər. Bərdədəki fəaliyyəti I Qarabağ müharibəsinə təsadüf etdiyindən cəbhədən gələn  yaralı əsgərlərin müalicəsin aparıb.I Qarabağ müharibəsində əvvəldən axıra qədər iştirak edib.Rauf Ağayevin fəaliyyəti tək Bərdə ilə məhdudlaşmayıb. O, Tərtərdə təşkil olunmuş 2 saylı hərbi səhra hospitalında da yaralı döyüşçülərin müalicəsini aparmalı olub. O günləri xatırlayan Rauf Ağayev bildirir ki,Bərdə də xəstəmiz olmayanda Tərtər istiqamətində  atəş səsi eşidincə bilirdik ki, artıq yaralı var. Dərhal oraya gedir, hospitalda yaralıları qəbul etməyə görə, hazır vəziyyətdə olurduq.Yaralıları əməliyyat edirdik.Ağdamda qatarda fəaliyyət göstərən başqa bir hospital da var idi. Ağdam hospitalına da tez-tez  gedir, hərbçilərimiz üzərində əməliyyatlar aparırdım.Xocalı, Marquşavan, Marağa və sair yerlərdən gedən göyüşlərdən gələn yaralılarımıza tibbi yardım göstərir, onların həyatının xilas edilməsi uğrunda mücadilə aparırdıq. O vaxtalar mən var gücümlə fəaliyyət götərmişəm.
Rauf Ağayev o zamanlar Bərdədə mövcud olmuş travmatologiya şöbəsinin olduğunu, indi isə ləğv edildiyin bildirir. Və bu qərarı təəssüf hissilə qarşıladığını deyir. “Cəbhə bölgəsində belə bir əhəmiyyəti olan şöbəni niyə ləğv ediblər,səbəbini anlaya bilmirəm. İndi burada travmatologiya xəstəsi üçün cəmi 6-7 palata var. Hesab edirəm ki, cəbhə bölgəsində olduğuna görə tarvmatologiya kimi şöbənin əhəmiyyəti düzgün qiymətləndirilməlidir.Bu baxımdanda fikrimcə, belə bir şöbəni ləğv etməkdə düz etməyiblər.”- deyə Rauf Ağayev vurğulayıb.
Həkim, travmatoloq-cərrah I Qarabağ müharibəsində keçirdiyi günləri xatırlamaqla bildirdiyinə görə, 70 – 80 yaralı ilə işlədikləri gün olub.
Doktor Rauf Ağayev işləmək üçün Bakını seçmək qərarına gəlib.Bərdədən Bakıya gələndən bir il sonra Elmi Tədqiqat Travmatalogiya Ortopediya  İnstitunda işə götürülüb. Ortepediya şöbəsinə müdir təyin olunub. İndiyə qədər də həmin vəzifədə şərəfli həkim işini həyata keçirir.
Həmsöhbətimiz bildirir ki, Elmi Tədqiqat Travmatalogiya Ortopediya  İnstitunun  ölkə səhiyyəsində xüsusi yeri var. Buradakı şöbələr başqa tibb müəssisələrində yoxdur. Demək olar ki, burada aparılan əməliyyatları ancaq institun peşəkar cərrahları həyata keçirə bilir . Travmatologiya İnstitutu ölkəmizdə böyük bir məktəb rolunu oynayır. Keçmişdən qazanılan ənənələr layiqincə təkmilləşir, yeni nəslə ötürülür. İnstitutun həkim kadrları zəngin təcrübəyə, bilik və bacarığa malik olmaqla yanaşı onlar özlərini daha da təkmilləşdirirlər. 80-100 nəfərə  qədər professor, elmlər namizədlərinin iştirakı ilə müzakirələr aparılır.Bu gün də sağlamlığının bərpasına ehtiyyacı olan hər kəs bu səbəblərdən üstünlüyü Travmatologiya İnstitutuna vermiş olur.
Vətən müharibəsi adını almış II Qarabağ müharibəsində də haqqında danışdığımız Travmatologiya və Ortopediya İnstitunun həkim cərrahlarının əməyi az olmayıb. Onlar sözün həqiqi mənasında vətənin yaralarını sarıyıblar.
“Sentyabrın 27-də Vətən müharibəsi başlayan günün axşamından yaralılar qəbul etməyə başladıq.Şöbəmizdə 16-17 qoyka var idi.Digər şöbələrimizin 16-17 qoykalıq yerlərimizdən də istifadə etməli olduq.Demək olar ki, sentyabrın 30-na qədər institumuz yaralılarla doldu.Rəhbərlikdən mənə dedilər ki, səni lap ön cəbhəyə yox, təcrübənə görə ağır bərpa əməliyyatları olunacaq hospitala göndərəcəyik. Yevlax şəhərində təzə təmirdən çıxmış xəstəxananı hospital etmişdilər. Həkimlərimizdən işlərin təşkili üçün Fərhad Verdiyev bizdən əvvəl ora göndərildi.  Sentyabrın 30- da  mən də  həmin hospitala ezam olunmalı idim. Lakin hər iki baldırından ağır qəlpə  yaralanmasından sonra sümüklərin açıq ,ağır sınığı , dərin yaralar, toxuma deffekti ilə  Seyfəli adlı bir zabitimizin üzərində əməliyyat aparmalı oldum. Həmin zabitimizin üzərindəki  əməliyyat  4 saat, 4 saat yarım çəkdi. Əməliyyatı başa çatdırandan sonra saat 3-də Bakıdan Yevlax hospitalına yollandım. Xəstəxanadan qeydiyyatdan keçənə qədər yaralı qəbul edilməmişdir.Həmin vaxtlarda xəstəxana da yaralıların qəbul edilməsi üçün hazırlıq işləri görülürdü. Gecə saat ikidən başlayaraq yaralıları qəbul etdik. Bizə ağır yaralılar gətirilirdi. Əvvəlcə , cəbhə xəttində onlara ilkin yardım göstərilr, yaralılara ilkin tikişlər qoyulur, sarınır,sonra gətirilirdi. Burada neyrocərrah, ümumi cərrah ,ortoped-travmatoloq  Fərhad doktorla ikimiz idik.Rezidentimiz Əhməd doktor da bizə köməyə gəldi.Beləliklə fəaliyyətə başladıq.Gecə-gündüz işləyirdik. Acilə gələn yaralıları dərhal qruplaşdırır,onların durumu müəyyənləşdirilirdi .Əməliyyata gedənləri bir ayrı seçir, tomoqrafiya olunasıları bir ayrı,UZİ olunasıları da bir ayrı , belə çeşidləyirdik.iki-üç saat şeşidləmədən sonra qalxırdıq əməliyyatxanaya,əməliyyata başlayırdıq.”- deyə doktor Rauf Ağayev o günləri belə xatırlayır.
Rauf Ağayev bildirir ki, əməliyyatxana yüksək səviyyədə təchiz olunduğundan yaralılara yetərincə keyfiyyətli tibbi yardım göstərmək mümkün olub. “Hospitalın lazım olan müasir avadanlıqlarla tam təmin olunduğunu nəzərə alsaq demək olar ki, özünü öyən yüksək səviyyəli özəl xəstəxanalarda belə imkanların olması mümkün deyildi. Dövlət yaralılarımızın müalicəsi üçün ən yüksək şərait yaratmışdı.” Biz də bunun sayəsində yüksək səviyyədə əməliyyatlar aparırdıq.Adətən yorğunluğa görə həkimləri 7 gündən sonra dəyişməli idilər. Ancaq mən Fərhad doktorla birgə orda 14 gün işlədik.Yevlax hospitalında işlədiyim müddətdə 43 xəstəyə baxdım.Hər bir əməliyyat 4-5 saat çəkirdi.Orda 1-2 saatlıq əməliyyat olmurdu. Yüngül əməliyyatlar acildə aparılırdı.Tələbələrimiz orda özləri işləyirdilər.Bizim etdiyimiz əməliyyatlar tam bərpa idi.42-43 xəstədə 72 seqmentdə əməliyyat apardım.Ordakı həkimlər tam gücü ilə işlədi.Təbii ki orda ən çox güc bizə düşürdü.Ən çox əməliyyatları ortoped-travmatoloqlar edirdi.Ətrafların sınıqları,sümüklərin zədələnmələri ilə yaralılar gəlirdi.Neyrocərrahımız Neyrocərrahiyyə Mərkəzinin şöbə müdiri Fərid Qaralov beyin yaralanmalarını yüksək səviyyədə əməliyyat edirdi.Ancaq buna baxmayaraq ətraflardakı sınıqlar daha çox olurdu.”- deyən Rauf Ağayev əsas ağırlığın travmatoloq ortoped həkim cərrahların üzərinə düşdüyünə diqqəti çəkir.
Həkim cərrah Rauf Ağayev fasiləsiz əməliyyatlar aparıb.Yaralılar üzərində dayanmadan əməliyyatlar həyata keçiriblər. Gərgin iş rejimində iztirablar yaşansa da ancaq , buna dözüblər.”Demək olar ki, işə başımız qarışdığından saatı, günü itirirdik.Təsəvvür edin ki, 7 oktyabr mənim doğum günümdə qohumlar,dostlar zəng edirdi.Telefona cavab verən qızlar hamıya deyirdi ki, həkim əməliyyatdadır. Telefonlara cavab verməyə vaxtımız yox idi. Axırı, gecə saat 11-də dedim, telefonu bağlayın.Əməliyyatdan çıxa bilmirdik.5-10 dəqiqə ərzində əməliyyatdan çıxıb çay içir,bunu fürsət bilib dincimizi almağa çalışırdıq.Ayaqlarımız şişmişdi.İnanın ki, əməliyyata geyindiyimiz paltarı əynimizdən çıxara bilmirdik. Bunlar hamısı cəbhədə can qoyan əsgərlərimizin,igidlərimizin gördüyü işlərin qarşısında heç nədir.Qələbəmzə görə biz onlara borcluyuq.Təbiki biz də üzərimizə düşən vəzifəni şərəflə icra etdik.Bir insan kimi özümə hesabat vermək baxımından daxilən rahatam.Allahın verdiyi güc-qüvvət sayəsində şərəfimlə, əməlimlə bacardığımı elədim.”-deyir doktor Rauf Ağayev.
O günlər gərgin iş rejimində işləyib, fiziki cəhətdən dözümün səbəbini Rauf Ağayev belə izah edir: “Yaşımıza baxmayaraq fiziki gərginliyə davam gətirə bildik.Müharibə olmasa, vətən uğrunda canından keçib yaralanmasalar o qədər əməliyyatı etmək qeyri-mümkün olardı.Həmin anda insanın bütün hissləri səfərbər olur. Vətən uğrunda çalışdığını düşünürsən. Ac-tox olmaq belə yaddan çıxır.Belin,kürəyin,əzələlərin ağrısa da dözürsən.Möhkəm iradə yaranır.”
Söhbət zamanı məlum olur ki, doktor Rauf Ağayev 14 günlük ezamiyyə müddəti başa çatsa da Bakıya qayıtmaq istəmirmiş.”Bizi demək olar ki, zorən qaytardılar. Dedilər ki, ayaq üstə dayana bilmirsiniz,çıxın gedin.14-cü gün ezamiyyələrimizi tamamlayıb, həmişəki kimi işlədiyimiz Travmatologiya- Ortopediya İnstituna qayıtdıq.Bakıya qayıdan gün də 4-5 saat müddətində yolüstü bir yaralını əməliyyat etdim.Əməliyyatdan saat 2-də çıxdıq, saat 3- də isə Bakıya qayıtdıq.1 gün istirahətdən sonra mənim edə biləcəyim ağır ortopedik dərəcəli 14 yaralının əməliyyatını bir həftə ərzində yerinə yetirdim.”- deyən Rauf Ağayev Vətən müharibəsində yaralanmış hərbçilərimizin müalicəsini Bakıda davam etdirib.
“Bakıya qayıtmağıma baxmayaraq Yevlaxda əməliyyat etdiyim yaralı döyüşçülərin vəziyyətini düşünürdüm. Bizim əməkdaşlardan Yevlax hospitalında qalmış Əhməd doktordan tez-tez xəstələrin sağalma durumunu soruşurdum. Aldığım cavab da məni sevindirirdi. Əməliyyat etdiyim yaralılar sağalırdılar. Yaralarında irinlənmə olmur, xəstələrin hamısı birincili sağalır, ikincili sağalma olmurdu.Bunun da səbəbi təchizat, təminat, və bizim I Qarabağ müharibəsində həkim kimi qazandığımız təcrübə, bilik və bacarıqlarla bağlı idi.”-deyən Rauf doktor sevinir.
Həmin günlərin ağırlığını, acısını yaşamış Rauf Ağayev keçirdiyi hissləri belə izah edir: “Əməliyyat vaxtı hər bir azərbaycanlıya məxsus hissləri biz də keçirirdik. Hospitalı ət maşınına bənzətmək olardı. Biz də bu maşının içərisində idik.Çox təəssüf hissi keçirirdik.Cüssəli,gözəl oğullarımız yarımcan olmuşdular. Elə yaralılar var idi ki, onların sağlamlığının bərpası uzun illər çəkəcəkdi, elələri var idi ki, sağlamlığın tam bərpa etmək mümkün olmayacaq,əlilə çevriləcəkdilər. Düşünəndə ki, onlar bizim övladlarımız, qardaşlarımızdır,buna görə, sarsıntı keçirirdik. Mümkün qədər çalışırdıq onlara təskinlik verək.Qorxma , yaxşı olacaq, sağalacaqsan, müəyyən zamandan sonra ayağa qaxacaqsan, yeriyəcəksən, belə.
Ordumuzun irəlilədiyinə görə həmdə sevinc hissi keçirirdik.Gəlib, deyirdilər ki, filan yeri aldıq, irəliləyirik,belə xəbərləri eşitdikcə gücümüz artırdı.Cəbhə xəbərlərini Rəsmi məlumatlardan tez bilirdik .Buna baxmayaraq, hərbi sirr kimi bu barədə heç kimə məlumat vermirdik.Bir sözlə keçirdiyimiz hisslər qarışıq idi: sevinc və kədər hissləri ilə yaşayırdıq. Vətən azad etməyin başqa yolu da yoxdur. Şərəfsiz düşməndən torpaqlarımızı azad etmək üçün döyüşməli idik.
Qürur hissi keçirirdik.Sevinirdik.Gözlərimiz yaşarırdı.Ordumuz sağ olsun ki, bu sevinci bizə yaşatdılar. Yerli sakinlərin yaralılara münasibətini qeyd etmək istəyirəm.Biz orda olanda qurulmuş çadıra şəhidlər gəlirdi.Gələn şəhid anaları övladlarının orda olduğunu bilirdilər.Ancaq , çox məğrur idilər. Ağlamır,fəryad etmirdilər.Vətən uğrunda oğullarının şəhidliyini təbii qəbul edirdilər.”
” Qapının ağzında bir ananın səsini eşidirdim. Ana təhlükəsizliyin əməkdaşına deyir ki, oğlum 5-ci palatadadır. Görüm, gəlim. Anaya deyəndə ki, o biri yaralıarın da anası var, sənin kimi onlar da övladların görmək istəyəcəklər. Belə deyəndən sonra uzaq yoldan, Zaqataladan gəlmiş ana israr etmədi. Qayıdıb, getdi.”- təəssüratlarından qürur hissi keçirən travmatoloq cərrah xalqımızın yüksək əxlaqi dəyərlərinin şahidi olduğunu vurğulayır.
Yevlax sakinlərinin hospitala axışdığını, zənbillərlə ərzaq, paltar gətirdiyinə diqqət çəkən həkim travmatoloq, zabitlərin gətirilən yardımları dayandırdığını, soydaşlarımıza dövlətin kifayət qədər təminat yaratdığını izah etdiyini bildirir.
Doktor Rauf Ağayev yaralıların da yüksək döyüş əhval-ruhiyyəsində olduğunu deyir. Ağır yaralılar belə döyüşə qayıtmağı düşünürmüş.
44 günlük müharibədə xidmətləri müqabilində travamatoloq cərrahın əməyi necə qiymətləndirilib.Məlum olur ki,44 günlük vətən müharibəsindəki gərgin əmək, fasiləsiz iş rejimində çalışmağa görə indiyə qədər mükafatlandırılmayıb. Az da olsa səsindən hiss olunur ki, həmin dəyərləndirilməyə ehtiyyacı var. Buna baxmayaraq, doktor Rauf Ağayev giley güzarda eləmir. Sadəcə deyir: ” Bəlkədə başları qarışıq olub. Nə mənim,nə də institumuzdan gedən həkimlərin heç bir yerdə adı çəkilməyib. Dövlətin etimad göstərib yaratdığı TƏBİB-in işi idi. Yenə də sağ olsunlar. Çəkməsələr də olar.Biz işimizi təmənnasız görmüşük.Xalqımız, vətənimiz üçün həmişə də buna hazırıq.”

Musa Muradlı
Tarix: 7-10-2021, 10:45
Xəbəri paylaş





Xəbər lenti