Hərbi prokurorun qardaşına ittiham: “Evimi, maşınımı, bağımı əlimdən aldı...”


Hərbi prokurorun qardaşına ittiham: “Evimi, maşınımı, bağımı əlimdən aldı...”Xanlar Vəliyev

Ölkədəki məşhur Vəliyev qardaşlarından biri - Hərbi prokuror Xanlar Vəliyev və Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qardaşı Şahmar Vəliyev xüsusi plan quraraq vətəndaşın bütün əmlakını ələ keçirməkdə ittiham olunur. Bunu həmin əmlakların sahibi Cəfər Əliyev iyulun 4-də məhkəmədə dilə gətirib.

Bizimyol.info xəbər verir ki, Cəfər Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. O, Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham olunur. Lakin o, özünü təqsirli bilmir.
İyulun 4-də məhkəmədə ifadə verən Cəfər Əliyev bildirib ki, plastik boru istehsalı üçün lazım olan material (“kroşka”) biznesi ilə məşğul olub. Həmin məhsullar İrandan gətirilirdi. Oradan göndərən isə Əkbər adı İran vətəndaşı olub.
Cəfər Əliyevin sözlərinə görə, hazırda iş üzrə zərərçəkmiş qismində tanınan şəxslər - Şahmar Vəliyev, Elnur Qəhrəmanov, Sadıq Yusifov, Vaqif Rzaquliyev və Əkrəm Əliyev ona “kroşka” üçün pul verib. O da hər dəfə İrandan malı gətirdib, onlara çatdırıb. Lakin sonuncu dəfə pulları Əkbərə göndərsə də, o, “yoxa çıxıb” və zənglərə cavab verməyib. Cəfər Əliyev deyir ki, Əkbəri çox axtarsa da, tapa bilməyib. Pul sahibləri isə ondan tələb etməyə başlayıb. Bir müddət sonra ondan şikayətçi olublar.
Cəfər Əliyev bildirib ki, İran vətəndaşı onu aldadıb pis vəziyyətə qoyandan sonra özünü öldürmək istəyib: “Mən 26 ildir Bakıdayam, heç kimin 1 manatını yeməmişəm...”
Cinayət işinin materiallarında 5 nəfərdən ümumilikdə 1 milyon dollardan bir qədər artıq pul alındığı iddia olunur. Bunun da təxminən 580 min dolları Şahmar Vəliyevindir.
Cəfər Əliyev bildirib ki, Şahmar Vəliyev bu pulun əvəzinə nəyi varsa, əlindən alıb. Buna baxmayaraq, yenə də həmin pulu tələb edir.
Onun sözlərinə görə, Şahmar Vəliyev ona xüsusi plan qurmaqla bütün əmlaklarını ələ keçirib. Cəfər Əliyev bildirib ki, Şahmar Vəliyevin “Azneftmaş” şirkətində şirkətində Etibar Quliyev adlı adamı var. Məni məcbur elədi ki, onunla 550 min dollarlıq borc müqaviləsi bağlayım. Guya ondan borc almışam. Belə bir şey olmamışdı. O adamın heç 550 min dolları var ki, mənə də versin?! Sonra da o borc müqaviləsilə məni məhkəməyə verdi ki, əmlaklarımı ələ keçirsin. Məhkəmə qərar verdi və borcu əmlaklarıma yönəltdi. Beləliklə, Şahmar Vəliyev nəyim vardısa, əlimdən aldı – evimi, bağımı, maşınımı. Onunla kifayətlənmir, gəlib indi yenidən o 580 mini tələb edir...”
Şahmar Vəliyev dəfələrlə məhkəməyə çağırılsa da, gəlməyib. Onun əvəzinə vəkili iştirak edir. Vəkili şikayətçi olduqlarını və pulu tələb etdiklərini bildirib.
İyulun 4-də məhkəmədə çıxış edən digər zərərçəkmiş Sadıq Yusifov isə ona dəymiş ziyan ödənilməsə belə, şikayətçi olmadıqlarını bildirib: “Məndən 145 min dollar almışdı, iş görmüşük. Təxminən 15 min verib mənə, 130 min qalmışdı. Mən güzəşt eləyib, 100 min sayıram. Bu kişi iş görüb, kiməsə pul verib, qaytarmayıb. Sonra pandemiya düşdü. Evini, bağını, maşınını da əlindən alıblar. O, içəridə yatanda bizə pul qaytara biləcək? Mən şikayətçi deyiləm...”
Digər zərərçəkmişlər də şikayətçi deyil.
Cəfər Vəliyev Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə suçlanır. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Şahmar Vəliyev və ailəsinin Mingəçevirdə “Azneftemaş” ASC, Yevlaxda mərkəzi bazar, Bakıda “Bakı Mexanikləşdirmə-1” ASC, “Rusel Plaza” və başqa böyük obyektləri var.
Tarix: 4-07-2022, 23:06
Xəbəri paylaş





Xəbər lenti