Nəzarətsiz uşaqlar: Məsuliyyət yükünü kim daşıyır?


Nəzarətsiz uşaqlar: Məsuliyyət yükünü kim daşıyır?


Valideynlik özündə bir çox dəyərləri birləşdirir. 
Övladının sağlamlığı, təhsili, tərbiyəsi valideynin vəzifəsidir. Ana, ata olan insan bunlara görə məsuliyyət daşıyır.
Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Lakin bəzən övladından imtina edən valideynlə yanaşı, ona məsuliyyətlə yanaşmayan ata və analarla rastlaşırıq. Övladına vaxt ayırmayan, onu maarifləndirməyən, diqqətsiz qoyan valideynlərin səhvi bəzən övladın itkisinə belə səbəb olur. 
Mətbuatda uşağın ona lazım olmayan dərmanı içərək zəhərlənməsi, hündür yerdən yıxılması, ətçəkən maşında əlinin yaralanması kimi xəbərlər az deyil.
Bu gün də Fövqəladə Hallar Nazirliyi (FHN) Kür çayının Salyan rayonu, Aşağı Kürkəndi kəndi ərazisindən keçən hissəsində 1 nəfər azyaşlının batması barədə məlumat yayıb. 
Bu halların baş verməsində valideynlərin günahı nə qədərdir və onları hüquqi olaraq nə gözləyir? 
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu mövzu ilə bağlı Cebhe.info-ya açıqlamasında bildirib ki, hər bir valideyn öz məsuliyyətini və vəzifəsini anlamalıdır:

"Valideyn məsuliyyəti valideyn (ata, ana, qanuni nümayəndə) üzərinə düşən hüquq və məsuliyyət kimi başa düşülür.
Uşağın böyüdülməsi, cəmiyyətdə layiqli fərd kimi yetişdirilməsində hər iki valideynin rolu önəmlidir. Bu məsələdə hər hansı iş bölgüsünün aparılması yolverilməzdir və hər iki valideyn bu məsuliyyəti bərabər bölüşməlidir.
Beynəlxalq təcrübədə valideyn məsuliyyəti kimi ən mühüm vəzifələr sırasına uşağın yaşayış və xoşbəxt həyatının təmin edilməsi, onun saxlanılması və müdafiə edilməsi nəzərdə tutulur. Bundan başqa, bu məsuliyyətlər sırasına uşağın tərbiyə, təhsil, sağlamlıq və müalicəsi daxildir.
Valideynlərin uşaqla ünsiyyət və düzgün davranış hallarının qurulması, onların bu isitqamətdə məlumatlandırılması və maarifləndirilməsi, hər kəsin qanunla üzərinə düşən məsuliyyətini anlaması istiqamətində fəaliyyətlərin artırılması önəmlidir. Hər bir valideyn yaşadığı dövlətdə onun üzərinə qanunla düşən məsuliyyəti və vəzifələri anlamalı və buna uyğun addımlar atmalıdır".
Teymur Mərdanoğlu valideyn məsuliyyətsizliyindən uşaqların hüquqlarının pozulması, uşaqlarla bağlı neqativ hadisələrin baş verdiyini qeyd edib:
"Yaşadığımız dövr və cəmiyyətdə valideyn məsuliyyətindən, həmçinin ailədə valideyn-uşaq münasibətlərinin düzgün qurulmamasından yaranan və bu diqqətsizlik və məsuliyyətsizlik səbəbindən uşaq hüquqlarının pozulmasına gətirib çıxaran bir sıra hallara rast gəlinir. Təbii ki, cəmiyyətdə bu istiqamətdə baş verən hadisələr narahatlıqla qarşılanır və təəssüf doğurur. 
Təbiidir ki, bu zaman cəmiyyətdə geniş müzakirələr açılır və hər birimiz bu məsələdə kimin məsuliyyət daşıdığını araşdırmağa başlayırıq.
Bu gün müşahidə olunan bir sıra köklü problemlər - uşaqların təhsildən yayınması, erkən nikahlar, məişət zorakılığı və s. valideyn məsuliyyətsizliyindən irəli gəlir. Bəzi ölkələrdə valideyn övladına qarşı məsuliyyətsizlik etdiyi zaman müxtəlif formada cəzalandırılır. Uşaq nəzarətsiz qaldığı zaman valideyndən alınaraq sosial xidmət müəssisəsinə təhvil verilir. Həmin müəssisə uşağın tərbiyəsi üçün nümayəndə təyin edir. Eyni zamanda, öz məsuliyyətini dərk etməsi üçün uşağın valideyni ilə də psixoloq və digər mütəxəssislər iş aparır. Vəziyyət müsbətə doğru dəyişərsə, uşaq yenidən valideyninə qaytarılır. 
Azərbaycanda da nəzarətsiz qalan uşaqların valideynlərinin qanunla məsuliyyətə cəlb olunması nəzərdə tutulur. Dövlət Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında yeni qanun layihəsi hazırlayıb. Həmin layihədə uşağın sağlamlığı və təhlükəsizliyi də nəzərə alınıb. Valideyn təkcə uşağın tərbiyəsi ilə məşğul olmalı deyil, həm də onun təhlükəsizliyinə ümumi nəzarəti gücləndirməlidir.
Bu gün Azərbaycanda valideyn məsuliyyətsizliyi ucbatından həyatını itirən uşaqlar var.Təəssüflər olsun ki, çox vaxt hadisə baş verəndən sonra  valideyinlər övladlarına  diqqət artır. Odur ki, gələcəyimiz dediyimiz övladlarımızı diqqət və qayğıdan kənar qoymayaq. Çalışaq  dəyərli, boş vaxtımızı olnarla keçirək. Ən əsası onları suallarını cavabsız qoymayaq".
"Azərbaycan Uşaqlar Birliyinin” sədri Kəmalə Ağazadə isə bildirib ki, valideynlər uşaqları gözləyəcək təhlükə barədə onları xəbərdar etməlidirlər:

"Əslində, bu, çox böyük faciəvi sonluğu olan hadisədir. Hansı valideyn istəyər ki, uşağı bilərəkdən belə bir hadisə ilə qarşılaşsın. 
Valideyn qədər əziyyət çəkən ikinci bir insan ola bilməz. Belə hallarda valideyn məsuliyyətsizliyindən çox diqqətsizliyindən söhbət getməlidir. Uşaqlarla həmin təhlükəli məqamlarla bağlı danışmaq lazımdır ki, bunu etsən belə olar, qaza toxunanda yanğın çıxar, dərmana toxunsan səni zəhərləyə bilər. 
Yəni bunları uşağa izah eləmək lazımdır. Bu məsələdə də valideyn diqqətsizliyi var, ölüm həddinə çatdırılma deyil ki, bununla bağlı cinayət işi açılsın. Uşağı valideyn daima yanında saxlaya bilməz”.
Tarix: 12-07-2022, 14:19
Xəbəri paylaş





Xəbər lenti