Ə, bu toydu, burada neynəyərlər: Qol qaldırıb oynayarlar! – Nazirə dəstək!


Bakının Şüvəlan qəsəbəsi 4 nömrəli internat məktəbində toy mərasimi keçirilib.
Xüsusi internet məktəbinin məzunu iki sağlamlıq imkanları məhdud gənc ailə həyatı qurub.
Toyda ictimaiyyət və incəsənət nümayəndələri ilə yanaşı, təhsil naziri Emin Əmrullayev də iştirak edib. Nazir rəqsi ilə gənclərin sevincinə şərik olub. "Sadəlik gözəllikdir" deyən sosial şəbəkə istifadəçiləri nazirin səmimi rəqsini alqışlayıb. Lakin istifadəçilər arasında "Kaş təhsilimiz də belə bomba olardı, çox təəssüf. Gənclərə isə ailə səadəti" şərhinə bənzər rəylər yazanlar da az deyil. Dia.az xəbər verir ki, məsələni "Sherg.az"a dəyərləndirən təhsil üzrə ekspert Elşən Ramizoğlun qənaətincə, cəmiyyət bu kimi olaylarla az qarşılaşıb:

"Təhsil nazirinin şəxsi həyatı da var. Nazirsənsə, toyda oynamaq olmaz?
Belə mənzərəylə çox az hallarda qarşılaşmışıq. Hansı nazirin toyda oynayan zaman videosu yayılıb? Nadir hallarda belə vəziyyət yaşanıb. Ona görə cəmiyyətin onların hərəkət və davranışlarına maraq dairəsi böyükdür. Cənab nazir görüntülərdə ritmik oynayır. Bizdə elə təsəvvür var ki, nazirsənsə daha "ağır" davranmalısan. Tənqidlik bir məsələ yoxdur, niyə olmalıdır ki? Toyda oynayarla da... Hər kəs hadisəyə eyni aspektdən yanaşmır. Təriflə bərabər tənqidi rəylərin yazılması da normaldır".

Təhsil eksperti Elçin Əfəndi də nazirin rəqsini təqdirəlayiq qiymətləndirib:

"Kimsə qınamamalıdır, nazir də insandır. Onun harada olduğu məsələsi vacib əhəmiyyət daşıyır. İnternat məktəbində valideyn himayəsindən məhrum şəxslərin yanındadır. Valideyn nöqteyi nəzərindən yanaşsaq, belə münasibət sərgiləməli idi. Həm sadəliyini göstərdi, həm də məzunların könüllərini xoş etdi. Qol qaldırıb oynamağı da alqışlanası durumdur.
İmtahan, sertifikasiya, müəllimlərin işə qəbulu ayrı məsələlərdir. Nazir imtahanın gedişatında oynamayıb, o , xüsusi şənlikdə rəqs edib".


0
Tarix: 13-07-2022, 22:54
Xəbəri paylaş





Xəbər lenti