Vətəni qoruyanları necə qorumalı - aktual problem


Dövlətin ayırdığı vəsaitlər, güzəştlər yerinə yetişirsə, o zaman 36 qazimiz niyə özünə qəsd edib?

İşğaldan azad olunan ərazilərə beynəlxalq diqqəti və əməkdaşlığı cəlb etmək baxımından böyük uğurlara imza atan Azərbaycan hakimiyyəti bir müşkül yaşamaqdadır. Bu da zaman-zaman ortaya çıxan qazilər və şəhid ailələri ilə bağlı məsələlərdir.
Rəsmi qaynaqlar və təbliğat nə qədər desə də, görünən budur ki, hazırda Azərbaycanın və onun hakimiyyətinin qarşılaşdığı ən böyük problem bu həssas zümrənin narazılığı, bəzi hallarda isə öz canlarına qəsd etməklə cəmiyyəti silkələyən etirazlarıdır. Qeyri- rəsmi, lakin təkzib olunmayan məlumatlara görə, ən müxtəlif motivli narazılıq səbəbindən qısa müddət ərzində 36 vətən müharibəsi iştirakçısı, əlil və veteranı özünə qəsd edərək, həyatlarına son veriblər. Onların bəzilərindən geniş ictimaiyyətin xəbəri də olmayıb. Sabirabadlı qazi Elvin Cəfərovun özünü yandıraraq öldürməsindən sonra qazi ölümləri gündəmin mərkəzinə gəlib və bütün ölkə bu məsələdə tərəf kimi görünür. 
Qəribədir ki, Azərbaycan dövləti və onun qurumları tərəfindən qazi və şəhid ailələrinin problemlərinin həll olması üçün milyonlar xərclənir, bu həssas zümrənin hər cür iddia və kaprizlərinə dözür, əllərindən gələn qədər vətəni qoruyan, torpaqları azad edən seçilmiş insanların yanlarında olurlar. Daha doğrusu, bütün bu sadaladıqlarımız rəsmi məlumat və görüntülərdədir. Əgər bütün bunlar doğrudursa və qazilərə, şəhid ailələrinə dövlətin ayırdığı vəsaitlər, güzəştlər yerinə yetişirsə, o zaman 36 qazimiz niyə özünə qəsd edib? Digərləri niyə narazıdır  və nazirliklərin, Milli Məclisin önündə aksiyalar keçirirlər? Azərbaycanda Vətən müharibəsi əlili adını almaq, hətta müharibədə iştirak edib medallarla təltif olunsalar da, veteran sənədi almaq böyük bir müşkülə çevrilib. Problemin kökü də elə buradadır.
Bəs nə etməli? Azərbaycanı qoruyan igidlərimizi Azərbaycan xalqı necə qorumalı?

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, müharibə görmüş insanlar “Vyetnam sindromu” yaşayırlar, müharibədə iştirak edənlər özləri yaralanmasalar belə, dəhşətli səhnələr görürlər, döyüş yoldaşlarını itirirlər: “ABŞ-da demək olar ki, hər gün 20 müharibə veteranı intihar edir. Müharibə iştirakçılarına münasibət xüsusi olmalıdır. Bəzən insanlar bunu başa düşmürlər. Xüsusilə də məmurlar bu məsələdə diqqətli olmalıdırlar. Ola bilər işlərin çoxluğundan lazımi diqqəti göstərə bilməsinlər, dəmirdən deyillər, hansısa məqamda əsəbləri dözməyə bilər. İcra hakimiyyəti orqanlarının daxilində veteranlardan, qazilərdən ibarət Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi var. Şəxsən mən onların işi ilə tanışam. Buna görə də problemləri başa düşənlər kifayət qədərdir.  Müəyyən işlər görülür. Statistikaya nəzər saldım, Ermənistanda müharibə əlili statusu alanların sayı 1243 nəfərdir. Bizdə isə bu rəqəm dəfələrlə çoxdur”.
QAT sədri bir çox problemin zamanında həll olunması üçün mərkəzləşdirilmiş qurumun yaradılmasını təklif edir: “Müharibə iştirakçıları, xüsusilə müalicə ehtiyaclarının qarşılanması prosesində biganəliklə qarşılaşırlar. Təcili müalicəyə ehtiyacı olan müharibə iştirakçıları bəzən bu müalicəni gec alırlar. Müəyyən yollarla təkid, yaxud təzyiq etdikdə buna nail olmaq olur. Bu problemlərin aradan qaldırılması üçün mərkəzləşdirilmiş qurum yaradılmalıdır. Nəzərə almaq lazımdır ki, icra strukturlarının tərkibindəki şöbələrin səlahiyyəti həddən artıq azdır. Anlaşılmazlıqlar bundan yaranır. Məsələn, ABŞ-da bu təcrübə var, Veteranlar Nazirliyi yaradılıb. Bütün problemlərin həlli ilə bu qurum məşğul olur. İcra hakimiyyətləri çox sayda işlə məşğul olur. Nə qədər tələb etsək də, istənilən nəticənin əldə olunması çətindir. Eyni zamanda məmurlar anlamalıdırlar ki, qaziləri incitməklə, onlara biganə yanaşmaqla dövlətin mövqeyini zəiflədirlər. Qazilərin də üzərinə məsuliyyət düşür ki, təxribatlara uymasınlar”.

“”YAŞAT" Fondunun fəaliyyət istiqamətləri üzrə 62 milyon manatdan çox vəsait xərclənib". Bunu “Yeni Müsavat”a açıqlamasında fondun müdir müavini Rəbiyyə Cəfərova bildirib: “Ölkə ərazisində 2 927 şəhidin ailə üzvləri, habelə 5 650 yaralı olmaqla, ümumilikdə 17 015 şəxslə  görüşülüb, ehtiyacları qeydə alınıb (yashat.gov.az saytında) və 12 652 şəxsin 27 232 müraciəti icra üçün öhdəliyə götürülüb. Reallaşmış ödəniş sayı 22 454-dür. Qalıq vəsait isə 11 359 266.44 AZN təşkil edir. Xərclənən vəsaitdən: məişət şəraitinin yaxşılaşdırılması istiqamətində 37 378 900.00 AZN; təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı üçün 558 046.40 AZN; istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması üçün 6 378 921.46 AZN; müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi üçün 18 281 745.31 AZN xərclənib. 27 sentyabr 2020-ci il tarixindən sonra dünyaya gələn 102 şəhid övladı ilə bağlı Fond tərəfindən həyata keçirilən”Onlar bizə əmanət" layihəsi çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədi ilə 1000 AZN məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5000 AZN məbləğində depozit hesabı açılıb. Hər iki valideynini itirən 7 şəhid övladının adına 5000 AZN məbləğində depozit hesabı açılıb. Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 5 093 və yaralıların 4 670 müraciəti olmaqla ümumilikdə 9 763 müraciət təmin edilib. Ümumilikdə 178 şəxs müalicə edilməsi məqsədi ilə Türkiyə Respublikasına göndərilmiş, onlardan 172-si ağır yaralı, 6-sı isə şəhid ailəsi üzvüdür. Müalicə alanlardan 156-sı ölkəyə geri qayıtmışdır. Hazırda 21 ağır yaralının və 1 şəhid ailəsi üzvünün müalicəsi Türkiyə Respublikasında davam edir. Fondun dəstəyi ilə ölkəmizə gətirilən türkiyəli həkimlər tərəfindən 150-dən çox yaralı müayinə edilib. 10 mart 2021-ci il tarixdə Türkiyə Respublikasından dəvət olunan həkim tərəfindən komada olan ağır yaralılar müayinə edilib. 28 fevral - 07 mart 2021-ci il tarixlərdə İsrail dövlətindən hərbi xəsarətlərin müalicə edilməsi üzrə ixtisaslaşmış 8 mütəxəssis gətirilib, qeydiyyatı aparılmış ağır göz problemləri olan 148 nəfər şəxs müayinə edilib. Müayinə nəticəsinə uyğun olaraq 30 nəfər əməliyyat edilib, əməliyyat nəticəsində 2 nəfərin görmə qabiliyyəti bərpa olunub. 55 nəfərə protez göz qoyulub, 82 nəfər isə sadəcə müayinə edilib. Fondun Himayəçilik Şurasının üzvü, Kopenhagen Universitetinin nevrologiya üzrə professor və baş məsləhətçisi, Beynəlxalq Baş Ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru Məsud Aşina tərəfindən 34 nəfər yaralının müayinəsi həyata keçirilib və müalicə istiqamətləri müəyyən edilib.
2021-ci ilin 12 avqust tarixində İsrail dövlətindən gələn həkim tərəfindən 9 nəfər yaralının müayinəsi həyata keçirilib və müalicə istiqamətləri müəyyən edilib.
Türkiyə Respublikasında (İstanbul, Bursa və İzmit) Fondun dəstəyi ilə müalicə alan 28 ağır yaralının əlillik dərəcəsinin qiymətləndirilməsi məqsədi ilə komissiya (2022-ci il 13 yanvar-16 yanvar) təşkil olunub. Komissiya üzvlərinin tərkibinə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iki əməkdaşı və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin iki əməkdaşı daxildir.
Eyni zamanda istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 836, itkin ailə üzvlərinin 3 və yaralıların 1 183 müraciəti olmaqla ümumilikdə 2 022 müraciət təmin edilib. Fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 125 926.74 AZN vəsait qarşılanıb".
Qeyd edək ki, fondun fəaliyyət istiqamətləri üzrə 62 597 613.17 AZN  məbləğində vəsait xərclənib.
Tarix: 15-07-2022, 11:31
Xəbəri paylaş





Xəbər lenti