“İcra başçısının müavininin əxlaq məsələlərinə qarışmağa haqqı yoxdur” - ETİRAZ


Xəbər verdiyimiz kimi, Lənkəran Rayon İcra Hakimiyyəti başçısının müavini Rasilə Əliyevanın yeniyetmə qızı döydüyü iddia edilir.
İddialardan sonra mətbuata açıqlama verən İcra başçısının müavini bildirib ki, həmin yeniyetmə onun qızı ilə bir sinifdə oxuyur. 
O, yeniyetmənin telefonunu alaraq içində əxlaqsız foto və videolar olduğunu və bunu onun valideynlərinə göndərdiyini bildirib.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirib ki, bu faktları ictimaiyyətə açıqlamaq yeniyetmənin hüquqlarının və məxfiliyin pozulmasıdır:
“Bu, ümumiyyətlə, çox biabırçı bir hadisədir. Mən belə hərəkət gözləmirdim. Bu kiminsə məlumatlarını yaymaq və onun haqqında pis fikir yaratmaqdır. Vəzifədən sui-istifadə edərək kiminsə haqqında belə danışmaq olmaz. Oxudum ki, ortada döymək faktı da var, uşaq xəstəxanadadır. Əgər bu iddia doğrudursa, mütləq şəkildə həmin adam istintaqa cəlb olunmalıdır. Kimin hansı vəzifəni tutmasından asılı olmayaraq bu hal yolverilməzdir. Adam döymək nədir?! Hansısa vəzifədə olub kiməsə əl qaldırmaq, azyaşlı uşaqla o cür davranmaq olmaz. Ola bilər uşaqda davranış pozğunluğu var, çətinlik çəkir, amma bu heç kimə haqq vermir ki, vəzifəndən istifadə edərək evində kimisə döyəsən”.
O bildirib ki, icra başçısının müavininin əxlaq məsələlərinə qarışmağa haqqı yoxdur:
“Əlbəttə, icra başçısının müavininin əxlaq məsələsinə qarışmağa haqqı yoxdur. O, yeniyetmə bununla bağlı reabilitasiyaya göndərilə bilər. Bu cür bəyanatlar verilib 15 yaşlı yeniyetmənin “əxlaqsız” adlandırılması heç bir əxlaq normasına sığmır”.
M.Zeynalova qeyd edib ki, vəzifədə işləyən qadınların bu cür davranması gələcəkdə digər qadınlara vəzifə verilməsinə də mane ola bilər:
“Əgər uşağa əl qaldırılıbsa, burada cinayət məsuliyyəti var, belə adamların bu cür aqressiya ilə İcra Hakimiyyətində işləməsi məsələsi belə müzakirəyə çıxarılmalıdır. Biz qadınlara səlahiyyət verilməsindən, onların bərabərliyindən danışıb kişi hərəkətləri ediriksə, başqalarına dözümsüzlük göstərib əl qaldırırıqsa, bu məsələ ciddi müzakirə predmetinə çevrilmılidir. Mən bunu pisləyirəm. Gənc qadının bu cür hərəkət etməsi gələcəkdə qadınların irəli getməsini də əngəlləyir. Artıq müzakirələr gedir ki, niyə qadına vəzifə verilib ki, o da belə edir. Bir uşaq haqqında informasiyanın cəmiyyətə bu şəkildə paylanması məxfiliyin pozulmasıdır. Bu qızın gələcəyinə böyük bir travma vurulması deməkdir. Bu da bir cinayətdir”.
Tarix: 16-07-2022, 17:16
Xəbəri paylaş





Xəbər lenti