“Turizm obyektlərimiz, taksilərimiz xam bir insanı görəndə ona qiymət oxuyurlar” — Deputat


“Turizm  obyektlərində xidmət səviyyəsinin aşağı olması, eyni zamanda müştərilərin aldadılması, bəzən incidilməsi və digər neqativ hallara yol verilməsi bir faktdır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin üzvü Razi Nurullayev deyib.  Deputat vurğulayıb ki, özü də bu cür hallara üzləşib:
“Mən özüm də bu cür hallarla üzləşmişəm, üzləşirəm. Bəs bunun səbəbi nədir? Məncə, bunun səbəblərindən biri məhz xidmət personalının uyğun olmamasıdır. Elə olur ki, bir turizm müəssisəsində bir nəfər daimi işə götürülmür, 15- 20 nəfər işə götürülür və onlar davamlı işləmir. Bir həftə işləyir işdən çıxır, yerinə başqa birisini götürürlər. Yeni işə götürülənlərə təlim keçirilir. Onlar sadəcə olaraq öz bildikləri kimi rəftar edir, öz bildikləri kimi xidmət edir, öz bildikləri kimi də müştərilərlə davranırlar. Təbii ki, bu da narazılıq yaradacaq. Bir çoxları isə oranın daimi işçisi olmadığına görə müştəriləri aldadır, daha baha qiymətlər deyir, düzgün münasibət göstərmir və s. Bax ona görə  də, bunun əsas səbəblərindən biri daim xidmət personalının olmamasıdır”. 

Millət vəkili əlavə edib ki, bunun bir səbəbi də müəyyən turizm obyektlərində ancaq mövsümi işlərlə bağlıdırsa, digərlərində isə xidmət personalına lazımi qədər əmək haqqının verilməməsidir:

“Professional təlim görmüş, turizm ədəb-ərkanına malik işçini işə götürmək üçün gərək ona yaxşı da əmək haqqı verəsən. Amma bir çox iş adamları, bax bu turizm obyektlərini işlədənlər xidmət personalına yaxşı əmək haqqı vermək istəmir. Necə gəldi işlədir, 3 gün birini, 5 gün birini, sonra gedir başqasını götürür. Təbii ki, orada xidmətdən, səviyyədən, keyfiyyətdən söhbət gedə bilməz”. 

R.Nurullayev hesab edir ki, bunun üçün də Azərbaycanda bəzi qaydalar sərtləşdirilməlidir:

“Bəzi məsələlərdə iş adamlarına, müəssisə sahiblərinə, turizm obyektlərinin sahiblərinə xidmətlər təklif olunmalıdır. Güzəştli şərtlərlə onlara tövsiyələr verilməlidir. Əgər bunu yerinə yetirmirsə, əməl etmirsə, o zaman artıq cəzalandırma metodları da gərək tətbiq olunsun. Mən bilirəm ki, elə obyektlər var ki, xarici vətəndaşı, xam bir insanı görəndə ona qiymət oxuyurlar. Taksilərimiz də, xidmət personalımız da, bəzi turizm obyektlərimiz də belədir. Amma bizim elə gözəl restoranlarımız, xidmət yerlərimiz də var ki, orada hər şey  menyu üzərindədir. Hər kəs menyuya baxır, sifariş verir. Sonra da menyuya uyğun da çeki ilə bütün lazımi prosedurları ilə onlara hesab gətirlir. Heç kim də narazı qalmır, çünki hər kəs qiymətin necə olduğunu, menyuda necə sifariş verdiyini də bilir. Mən elə gəlir ki, bununla bağlı çox ciddi nəzarətə ehtiyac var”.
Tarix: 26-07-2022, 09:12
Xəbəri paylaş





Xəbər lenti