Palçıq daxmada yaşayan qazi Bakıya gətirildi


Palçıq daxmada yaşayan qazi Bakıya gətirildi



44 günlük Vətən müharibəsindən sonra ölkə başçısı müharibə əlillərinin, iştirakçılarının problemlərinin həlli yolunda bir neçə sərəncam və fərman imzalayıb. 
Lakin hələ də problemi həll olunmayan, haqsızlıqla qarşılaşan müharibə iştirakçılarına rast gəlirik. Astaranın Səlivə kəndindən olan qazi Məlik Məlikov da həm güzəranının, ev şəraitinin yaxşı olmaması, həm də həyətyanı sahəsinin əlindən alınması ilə bağlı müraciət edib. Eyni zamanda, qazinin sosial şəbəkədə paylaşılan yaşadığı evin görüntüləri müzakirələrə səbəb olub. Fotolardan qazinin palçıqdan hörülmüş balaca daxmada ailəsi və atası ilə birgə yaşadığı görünür. 
Ev kimi təqdim edilən tikilidə yaşayan müharibə iştirakçısı ölkə başçısı tərəfindən igidliyinə görə, “Füzulinin azad olunması”, “Xocavəndin azad olunması” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. 
Məsələ ilə bağlı saytımıza danışan Səlivə kənd icra nümayəndəsi Əbülfəz Qüdrətov və kənd bələdiyyə sədri Mayıl Muradov qazinin yeni, ikimərtəbəli ev tikdirdiyini, ancaq tikintinin hələ başa çatmadığını bildiriblər. Astara rayon icra başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıqova bildirib ki, qazi Məlik Məlikov ev istəyir: 
"O evlər əllilliyi olan qazilərə verilir, bu qazimiz sığorta da almayıb. Çünki onun xəsarətləri yüngüldür, əlliliyi yoxdur. Amma biz əlimizdən gələn qədər ona və digər qazilərə yardımlar etmişik. Adi günlərdə ərzaq göndəririk, bayramlarda 100 manat pul verilir. Qazilərimiz bizdən razıdır. Bunu özləri də təsdiqləyə bilər. Onlar bizim baş tacımızdır, balamızdır". 
Cebhe.info-ya açıqlamasında Vətən müharibəsi iştirakçısı Məlik Məlikov bildirib ki, onlar evin tikintisinə müharibədən öncə başlayıblar: 
“Tikili yarımçıq qalıb, tikib bitirə bilməmişəm. İcra nümayəndəsi, bələdiyyə mənim torpağımı əlimdən alır, evi əmimin həyətində tikirdim. İcra Hakimiyyətindən heç kim qapımı açmayıb. Sizin sayta açıqlamada deyiblər ki, mən ikimərtəbəli ev tikirəm. Gəlib, görsünlər ki, mənim “villam” necədir”. 
Cebhe.info yenidən qazi Məlik Məlikovla əlaqə saxlayıb. Qazinin sosial durumu rəsmi orqanlara məlum olsa da, Vətən müharibəsi iştirakçısı bildirdi ki, xəbərlərin kütləvi yayıldığı dünəndən bəri onunla heç bir qurum nümayəndəsi əlaqə saxlamayıb:
“Bakıda xəstəxanadayam. Dünən dostlar gətiriblər, bu gün müalicəyə başlamışam. Yalandan Rayon İcra Hakimiyyətindən deyirlər ki, yardım ediblər. Bu iki il ərzində heç kim gəlməyib. Dünən də problem qabardılandan əlaqə saxlayan olmayıb. Əksinə, həmişə mən qəbula getmişəm. Nə şikayətimə baxıblar, nə də yaxına buraxıblar. Bir dəfə bir ay öncə qəbulunda olub, həyətyanı torpağımı əlimdən aldıqlarını demişəm. İndiyə kimi heç bir iş görmədilər, səbəbkar elə İcra Hakimiyyətidir. Qeyri-qanuni müqavilə ilə başqasına veriblər. Mən 30 il işğalda olmuş torpaqlar üçün vuruşdum, amma 30 ildən çox mənim olan torpağımı əlimdən alıblar”. 
Tarix: 27-07-2022, 13:38
Xəbəri paylaş





Xəbər lenti