Şahin Məmmədov görüntülərdən danışdı: “Ucuz şeylərin arxasınca qaçan deyiləm, bu, nə yaşıma, nə də tərbiyəmə yaraşar” - MÜSAHİBƏ - VİDEO


Prezidentin vəzifədən azad etdiyi icra başçısı:  Elə ucuz şeylərin arxasınca qaçan adam deyiləm
 
Prezident İlham Əliyevin iyulun 25-də imzaladığı sərəncamla Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Şahin Məmmədov Pravda.az-a müsahibə verib.
 
- Şahin müəllim, vəzifədən azad edilməyiniz barədə təəssüratlarınızı bilmək istərdik...
 
- Allah Prezidentimizi qorusun. Bir məmur kimi cənab Prezidentin tapşırıqlarını, tövsiyələrini icra etməyə çalışmışam. Nə dərəcədə nail olmuşam, onu camaatımız bilir. Fövqəladə heç nə etməmişəm.
 
- Masallıdan yola salınarkən lentə alınan videolarınız sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Dorğusu, hələ bu günə qədər belə müsbət ab-havada yola salınan icra başçısı müşahidə edilməyib. Deyirlər, Şahin Məmmədov kral kimi yola salınıb...
 
- Camaatımıza təşəkkür edirəm. Masallı sakinləri dəyərli insanlardır. İşlədiyim yerlərin hamısında insanlara böyük dəyər vermişəm. İstər Samuxda, istər Ağcəbədidə, istərsə də Masallıda... Təbii ki, doğulub boya-başa çatdığım Bərdə camaatı da mənim üçün dəyərlidir. Bərdə torpağı imam torpağıdır. Orda yaşayanlar da çox dəyərli insanlardır. Camaatımız böyüklük göstərib, məni bu cür dəyərləndiriblərsə, bu, qabiliyyətimdən daha çox, insanların böyüklüyüdür. Allah xalqımızı, Prezidentimizi qorusun. Allah Ulu öndərimizə qəni-qəni rəhmət eləsin. Şəhid ailələri məni yola salmağa gəlmişdilər. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər zaman çıxışlarında şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyir. Çünki onlar 200 ildən artıqdır torpaq itirən milləti torpaq qaytaran millətə çeviriblər. Bizi qalib millətə, qalib dövlətə çeviriblər.
 
- Bəziləri sizin görüntülərinizin reklam üçün çəkildiyini deyir. İddia edirlər ki, o cür yola salma mərasimini özünüz təşkil etmisiniz...
 
- Allah hər kəsin qəlbinə görə versin, elə ucuz şeylərin arxasınca qaçan adam deyiləm, bu, nə yaşıma, nə başıma, nə təcrübəmə, nə də tərbiyəmə yaraşar. Bir qrup insan var ki, onlar hər şeyi qara görürlər. Bu həqiqəti sizə deyəcəyəm. Sərəncam elan olunanda ölkəmizin rayonlarından birində dincəlirdim. Aradan iki saat keçdi. Bir şəhid qardaşı mənə zəng vurdu ki, atam sizinlə danışmaq istəyir. Soruşdum ki, məsələ nədir? Dedi ki, qardaşımın mövlud günüdür. Şəhid ailələri gələcəklər, onlar da xahiş ediblər ki, siz gəlib mövludda iştirak edəsiniz. Bir sakin kimi, Azərbaycan vətəndaşı kimi orda iştirak etmək istəyirdim. Masallıya qayıtdım, amma təhvil-təslim işlərinə görə gördüm ki, çatdıra bilmirəm. Köhnə sürücümdən xahiş etdim, şəhidin ailəsi ilə əlaqə qurub desin ki, başçı deyir, üzrlü hesab etsinlər, gələ bilmirəm. Görüşmək istəyirlərsə, qapım üzlərinə açıqdır. Bu gün rayondan çıxmağa hazırlaşırdım, saat 18:15-də mənə məlumat verdilər ki, şəhid ailələrinin 90%-i, əksəriyyəti həyat yoldaşları ilə birgə gəliblər. Mən onları həyətimdə qəbul etdim. Həmişə dediyim kimi, şəhid analarının alınlarından öpürəm. Şəhid ataları ilə qucaqlaşdıq. Ağlayanlar, kövrələnlər də oldu…
 
- Yaxşı, bəs bundan hansı vəzifəni icra etməyi düşünürsünüz, planınız nədir?
 
- Yeni Azərbaycan Partiyasının qurucularından biriyəm. Partiyanın üzvü kimi cənab Prezidentimizin, Ulu öndərin siyasətinin təbliği ilə məşğul olacağam. Heç bir vəzifə ummuram. Yaşlaşmışam, yaşım 63-ü keçib. Savadlı, xaricdə təhsil alan, bacarıqlı, qabiliyyətli gənclərimiz var. Meydan indi onlarındır. Mən də nəvələrimlə oynamağı düşünürəm. Allah bizə imkan versin Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Xankəndidə də Azərbaycanın üçrəngli bayrağının dalğalandığını görək. Biz millət olaraq hamımız bu yöndə köklənməliyik. Prezidentimizin yanında olmalıyıq. Vəzifələr gəldi-gedərdir, həyat davam edir. Hər birimiz Prezidentə dəstək olmalıyıq ki, o, daha ürəkli olsun. Onsuz da ürəklidir, cəsarətlidir. Nəyi nə vaxt, necə etmək lazım olduğunu bilir. Amma Azərbaycan balaca, dünya isə böyükdür və dünya biz düşündüyümüz kimi ədalətli deyil. Allah Prezidentimizi qorusun ki, o, Ulu öndərimizin tövsiyələrini, vəsiyyətlərini sona qədər icra etsin. Yenə getsin Ali Baş Komandan kimi atasının abidəsi önünə, hərbi formada salamlayıb, hesabatını versin. Desin ki, ata, mən Xankəndidə də bayrağımızı dalğalandırdım. Allah o günü bizə nəsib etsin…
 


Tarix: 28-07-2022, 15:17
Xəbəri paylaş





Xəbər lenti