Deputatın həyat yoldaşına vəzifə verilməsi müzakirələrə səbəb oldu


“Bakı Şəhəri üzrə Təhsil İdarəsində qohumluq, tanışlıq və dostluq zəminindəki təyinatlar barədə təkrar danışmağa dəyməz. Onsuz da Təhsil Nazirliyi strukturu bütünlüklə bu sindromdan əziyyət çəkir və bu barədə daha əvvəl ətraflı danışmışıq. Bir dəfə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadənin özəl kursdan birbaşa təhsilin keyfiyyətinə cavabdeh sahəyə rəhbər təyin edilməsini qınadıq. O və keçmiş kurs yoldaşları gəlib paylaşımın şərh hissəsində bizi qərəzli olmaqda ittiham etdilər. Biz hələ onun məhz BŞTİ müdiri ilə qohum olması barədə bir kəlmə yazmadıq, o isə təhsil üzrə böyük mütəxəssis olduğunu yazıb bizi borclu da çıxartdı…”
 
Pravda.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib.

“Xəyalə Əhmədzadə ailə münasibətləri zəminində nazirliyə tabe məktəbə director, bir müddət sonra Bakı kimi şəhərin təhsil idarəetmə orqanına müdir müavini gətirilib. Heç kim şübhə etmir ki, təyinat zamanı müsahibə mərhələsi mənzillərində həyata keçirilən bu şəxs tezliklə BŞTİ müdiri təyin ediləcək. Bu azmış kimi onun təhsilə bağlılığı naməlum olan qardaşı da artıq nazirin müşaviri postuna təyin edilib. O da heç kimə sirr deyil ki, nazirin müşaviri postu hərbiləşmiş qurumlardakı sərəncamda olmaq kimi bir şeydir. Yəni ya adamı yüksək vəzifəyə gətirmək üçün bir müddət müşavir saxlamaqla ona təhsil işçisi imici “qayırırlar”, ya da ki, heç bir vəzifə vermək istəməyəndə müşavir adlandırıb adamı bu vəzifə ilə yola verirlər. Lakin bu təyinatlarda, şübhəsiz ki, bu bacı-qardaşın daha yüksək vəzifələrə gətirilməsi hədəflənir...
 
Ümumtəhsil sahəsində heç bir fəaliyyəti olmayan, yalnız icra hakimiyyəti sistemində çalışan Günay Qurbanova (deputat Sadiq Qurbanovun həyat yoldaşıdır – red) birdən-birə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri təyin edilib. İşi-sənəti sosial şəbəkə hesabında öz selfilərini və deputat ərinin fotosessiyalarını qoymaq olan bu adamı birdən-birə təhsili inkişaf etdirmək kimi ciddi vəzifəyə təyin etməyin arxasında nə dura bilər? Göründüyü kimi, artıq qohum, dost və tanışlarını bitirib, dostlarının dostlarını, qohumlarının qohumlarını və tanışlarının tanışlarını vəzifəyə gətirilər... Vallah buna da etiraz etməzdik. Heç olmazsa belələrini mühüm əhəmiyyətli vəzifələrə gətirib xalqın genefondunu məhv etməyin!”, - ekspert bildirib.
Tarix: 1-08-2022, 18:14
Xəbəri paylaş





Xəbər lenti