Təhsil Nazirliyi və İnsan Resursları Mərkəzi şəhid bacısını qapılarda süründürür- RƏZALƏT


Nəzakət Cəfərova: “Mən indi dərk edirəm ki, əgər bir şəhidin bacısına qarşı bu cür “hörmət qoyulur”sa, deməli digər şəxslərə qarşı daha eybəcər yanaşma nümayiş etdirilir”
     Məlumdur ki, 19 iyun 2009-cu il tarixdə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi Milli Məclisin üçüncü oxunuşunda səsə qoyulur və az sonra qəbul olunur. Bu qanun layihəsi Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, həmçinin təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ-hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır. Faktdır ki, ölkəmizdə təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla hər bir vətəndaşın, bütövlükdə cəmiyyətimizin və dövlətimizin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir. O halda sual oluna bilər ki, görəsən 19 iyun 2009-cu il tarixdə qəbul olunmuş və hal-hazırda qüvvədə olan “Təhsil haqqında” Qanun layihəsindən irəli gələn tələblərə, bu gün aidiyyatı dövlət qurumlarında lazımınca əməl olunurmu? Əsla yox! Buna əsas səbəb, hələ də Təhsil Nazirliyinin tabeli sturukturlarında  süründürməçilik hallarının, bürokratik əngəllərin və s. baş alıb getməsidir. Məsələn, bu günlərdə xeberfakt.az xəbər portalının redaksiyasına Cəfərova Nəzakət Fikrət qızı tərəfindən müraciət daxil olub. Adı çəkilən bu xanım təqdim etdiyi müraciətində qeyd edir: “Mən 2004-cü ildə ADU-nun filologiya (fransız dili) fakultəsində ali təhsilimi uğurla başa vurmuşam və bu il isə, MİQ-in keçirdiyi imtahanda iştirak etmək üçun qeydiyyatdan keçdim. Qeydiyyatdan keçərkən şəhid ailəsinin üzvü olduğumu şəxsi səhifəmdə qeyd etmək istəsəm də, bu haqda səhifəmdə heç bir bildirişə, hansısa qeydə rast gəlmədim. O halda Nazirliyin “Qaynar Xətti” ilə əlaqə saxlayıb qəbula yazılmaq istədiyimi bildirdim. Qarşı tərəf hansı məsələ ilə bağlı müraciət etmək istədiyimi dəqiqləşdirmək istədikdə, mən şəhid bacısıyam, bunu şəxsi səhifəmin hansı hissəsində qeyd etməliyəm cavabını verdim. Çünki, şəxsi səhifəmin heç bir yerində buna aid qeydə rast gəlmədim. O halda sual oluna bilər ki, mənim şəhid ailəsinin üzvü olmağım necə müəyyən oluna bilər? Belə bir cavabımın qarşılığında onlar mənə “Heç də narahat olmayın, artıq sizi qeydiyyata almışıq. Hansısa problem əmələ gələrsə, o halda sizi İnsan Resurslarına yönləndəcəyik” deyə cavab verdilər. Bəli, “Qaynar Xətti”in əməkdaşları məni belə bir minvalla bu məsələdə arxayın saldılar. Elə ki, vakansiya seçiminin vaxtı gəlib çatdı, o halda gördüm ki, şəxsi səhifəmə heçnə gəlməyib. İyulun 30-u günü vakansiya seçimi başladı və həmin gün həftə sonuna təsadüf etdiyindən, TN ilə heç cür əlaqə saxlaya bilmədim. Qeyd edim ki, vakansiya seçimi 02 avqust 2022-ci il tarixdə saat 11:00-da başa çatırdı. Buna baxmayaraq, 01 avqust günü yenə də “Qaynar Xətlə” əlaqə saxladım. Təqribən bir saat xəttə gözlədikdən sonra, mənə xəttə gözləməyimi məsləhət gördülər və az sonra isə telefonu üzümə qapatdılar. Təkrar zəng edib problemin səbəbini dəqiqləşdirməyə çalışdıqda, onlar guya ki, göndərilmiş bildirişi qeyd etməmişəm deyib, mənə belə bir cavabı verdilər. Həmin vaxt heç bir bildirişin gəlmədiyini və bu haqda məlumat verdiyimi desəm də, qarşı tərəf bir daha danışığımızı yarımçıq qoyub telefonu üzümə qapatdı.
    Qeyd edim ki, üz-üzə qaldığım belə bir olayla bağlı 01 avqust günü, saat 17:00 qədər “Qaynar Xətlə” əlaqə saxlayıb, qarşı tərəfi bu haqda bir daha məlumatlandırdım və 02 avqust günü yenidən TN-nə getdim. Nazirlikdə bu problemlə bağlı məsul şəxslərlə görüşmək istəsəm də, məni bir kimsə qəbul etmədi, hətta üz-üzə qaldığım belə bir problemin Nazirliyə deyil, məhz İnsan Resursları Mərkəzinə aid olduğunu da bildirdilər. Elə ki, İnsan Resursları Mərkəzində oldum və bu qurumun səlahiyyətli şəxslərinə telefon vasitəsilə ümumi fikirlərimi çatdırdım, o halda onlar mənə bir kimsəni qəbul etmədiklərini bildirdilər. Yəni, Mərkəzin əməkdaşları “Artıq heç nə edə bilmərik və vakansiya vaxtı başa çatıb” deyib, məni yola verdilər. Bu gün kimə müraciət edəcəyimi, dərdimi kimə deyəcəyimi heç cür başa düşə bilmirəm. Gülünc doğuran hal odur ki, İnsan Resursları Mərkəzinin əməkdaşları yenidən TN-nə getməyimi məsləhət görürlər. Üz-üzə qaldığım belə bir problemlərin varlığı onu söyləməyə əsas verir ki, istər TN-nin, istərsə də İnsan Resursları Mərkəzinin əməkdaşları minbir rola girib məni ələ saldılar və vakansiya seçiminin 02 avqust 2022-ci il tarixdə, saat 11:00-da başa çatmasını gözlədilər.
    Daha biabırçı halın varlığı odur ki, TN-nin əməkdaşı mənimlə əlaqə saxlayıb “Eybi yoxdur, gələn il yenidən imtahan verərsiniz və şəhid ailəsinin üzvü olduğunuzu da qeyd edərsiniz” deyir. Mən indi dərk edirəm ki, əgər bir şəhidin bacısına qarşı bu cür “hörmət qoyulur”sa, deməli digər şəxslərə qarşı daha eybəcər yanaşma nümayiş etdirilir. Bildirim ki, 2009-cu ildə TN-də imtahan verib ehtiyat kadr olmuşdum. Buna baxmayaraq, bugünə kimi məni heç bir işlə təmin etmədilər. Sonrakı illərdə isə, digər ixtisaslar üzrə (uşaq birliyi, laborant) imtahan verib, hər imtahandan uğurla keçmişəm. Bir neçə dəfə keçirilən müsabiqələrə çağırılsam da, mənə heç bir elmi sual vermədən yola salıblar. Sonra da bəhanə olaraq “Sən şəxsi səhifəndə qeydiyyatdan keçməmisən” deyiblər. Bir sözlə, hər dəfə minbir haqsızlıqlarla üz-üzə qalmışam və bu kimi oyunların nəticəsidir ki, ötən 18 il ərzində diplomumdan heç cür istifadə edə bilməmişəm. Hal-hazırda üç övlad anasıyam və maddi vəziyyətim olduqca ağırdır. Sual edirəm ki, mən övladlarımı necə böyütməliyəm? Mən kimə müraciət etməliyəm ki, işsizliklə bağlı problemimi aradan qaldıra bilim?”.
   Bəli, bu bir Azərbaycan ziyalısının, bir ananın, bir şəhid bacısının acı fəryadıdır. O halda sual oluna bilər ki,  cənab Emin Əmrullayevin “gurultulu çıxışları” əsasında TN-yi tərəfindən həyata keçirilən yeniliklər, şəhid bacısı Cəfərova Nəzakət Fikrət qızını niyə belə bir duruma salınır? Qarşı tərəfi də dinləyə bilərik.
Mövzuya qayıdacağıq.




Tarix: 8-08-2022, 08:53
Xəbəri paylaş





Xəbər lenti