“İcra hakimiyyəti bütün küçələri zəbt edib” – Sabiq deputat


“Cüzi qazancdan ötrü özlərini təhlükəyə atırlar”.
Bu sözləri iqtisadçı-alim, sabiq deputat Nazim Bəydəmirli küçə ticarəti ilə bağlı Medianews.az-a açıqlamasında bildirib. O qeyd edib ki, icazəsiz küçə ticarəti qanunla qadağandır:

“Qanunsuz küçə ticarəti ilə məşğul olan şəxsləri ən çox metro çıxışlarında, yol kənarlarında görürük. Əsasən kənd məhsulları və gül satırlar. Həmin şəxslərin satdığı məhsulların keyfiyyəti və digər əlamətləri yoxlanılmadığı üçün alınmağı da risklidir. Vətəndaşlar həmin məhsulları aldıqdan sonra zəhərlənmə halları müşahidə oluna bilər. Bununla bağlı da heç kəs məsuliyyət daşımayacaq. Çünki məhsulu kimdən aldığınızı sübut edə bilməyəcəksiniz”.
Ekspert vurğulayıb ki, hökumət məsələnin sosial tərəfinə baxmır:
“Hökumət onları küçələrdən yığmaqla guya iş görür. Bir çox şəxslər bu cür ticarətlə məşğul olaraq cüzi qazanc əldə etməklə həyatlarını keçirməyi düşünür. O cüzi qazancdan ötrü həyatlarını riskə atırlar. Hakimiyyət həmin insanların həyat şəraiti ilə yaxından tanış olmalıdır. Onları bu cür təhlükəli işlərdə işləməyə vadar edən səbəbləri həll etməlidir. Hətta bu işlərə azyaşlı uşaqlar da cəlb olunur. Bunlar da Azərbaycan xalqının sosial müdafiəsinin zəif olmağından və nəzarətsizlikdən xəbər verir. Nəzarət edən orqanlar rüşvət alırlar və bu halların baş verməyinə icazə verirlər”.
İqtisadçı-alim küçə ticarətinin digər dövlətlərdə necə tənzimləndiyindən də söz açıb:
“Digər dövlətlərdə bələdiyyələrin ərazisində və ya xüsusi ayrılmış yerlərdə vətəndaşların məhsulunu satmağına şərait yaradılır. Sivil ölkələrdə küçə ticarəti bu formadadır. Azərbaycan hökuməti də bunu tənzimləməli və onlara yer ayırmalıdır. Bizdə xaricdən fərqli olaraq icra hakimiyyəti küçələri zəbt edib və müxtəlif tikinti şirkətlərinə verib. Bu səbəbdən yer tapmaq çətindir. Bazarlar da monopoliya altındadır. Qısaca desək, vətəndaşın fərdi təsərrüfatında yetişdirdiyi məhsulunu sata bilməyi üçün şərait yoxdur. Bu cür qanunsuzluğun başında məmur sahibkarlığı dayanıb”.
Tarix: 16-08-2022, 08:57
Xəbəri paylaş





Xəbər lenti