Alma məzlumun ahını, çıxar ahəstə-ahəstə...


Varlının pulu varsa, kasıbın da Allahı var, inancı var. Dünən haqsızlıq edən hakim bu gün məhkum olursa, bu, məzlumlar üçün bir təsəllidir. Təəssüf ki, ədalət bir çox halda yalnız təsəlli ilə yekunlaşır. Çünki zalımın zülmündən əziyyət çəkənlər bu ədalətin sonucunda itirdiklərinin qarşılığını ala bilmir. Yəni, it də gedir, ip də. Amma heç olmasa, həmin o hakimi-mütləq olan məmurun məzlum günə düşməsi onların yarasına az da olsa, məlhəm kimi gəlir.
Dərs ala bilmək qabiliyyəti gözəl xüsusiyyətdir. Tarixdən, faktlardan, dolayı deyilən sözlərdən, üzünə deyilənlərdən və ictimai rəydən nəticə çıxarmaq mühümdür. Bu səni yanlış yoldan saxlayır. Ayağını sürüşməyə qoymur...
İndi həbsxanalarımız ayağı sürüşkən məmurlarla doludur. Onlar yüzlərlə insanın haqqına giriblər. Və o haqqına girdiklərinin demək olar ki hamısı fağır adamlar olublar. Şikayətləri eşidilməyib. İçlərində qovrula-qovrula qalıblar. Yerdən əllərini üzüb göylərdə ədalət axtarıblar. 
Amma duymaq və doymaq hissini unudan bəzi məmurlar həm də analiz etmək qabiliyyətini itiriblər. Dağlar boyda dalğaların yanındakı həmkarını, qardaşını hansı səbəbdən süpürləyib apardığını, qələminin hansı səbəbdən qırıldığını, onurğasının əyən yükün nədən ibarət olduğunu ağıllarına gətirmirlər. Düşünmürlər ki, o da hər gün həmin yükləri çiyinlərinə yığmaqla məşğuldur. Bir gün o da özünü həmin dalğaların canavar ağzında görəcəyini xəyal edə bilmir. Reallıq hissini itirmək faciələrin birinci qapısıdır.
Onlar o zaman ayılır ki, özlərini başlarında qara torba dalğalıların qoynunda hiss edirlər. Ürəkləri bulanır, qaytarmağa başlayırlar.
Səlim Müslümovun qaytardığı kimi. Son xəbərə görə, dövlətdən oğurladığı pullardan 20 milyonunu geri qaytarıb. O Əmək və Əhalinin Sosial Müdafiəsi naziri idi. Yəni təqaüdçülərin dolanışığı, yaşayışı ondan asılı idi. O da həmin təbəqəyə çatan pulları qamarlayıb yemişdi. İndi qaytarır...
Deyirlər, Vilyam Hacıyev də qaytarıb. Digər həbs olunan məmurların da dövlətdən oğurladıqlarını geri qaytarmaları haqda xəbərlərə rast gəlirik. Amma vətəndaşlardan oğurlananlar haqda hələlik heç nə eşitməmişik.
Onu da xüsusi vurğulayım ki, həmin məmurların bəziləri bu ədalətsizliklərin əvəzini öz canları ilə ödəyib. Onlar həbsxanadan sağ çıxmadılar. Bu da ədalətin bir formasıdır.
Sanço Pansanı adyalın üzərində atıb tutduqları kimi indi başqa bir məmurumuz – Kəmaləddin Heydərov da dalğaların qoynunda atılıb düşür. O, belə bir tale ilə üzləşəcəyini heç düşünməzdi. Gərək düşünəydi. “Allah axırını xeyir etsin!” demək istərdim, amma qoy Allahın işinə qarışmayım. Necə məsləhətdir, elə də olsun. İlahi ədalət üçün...
Tarix: 17-08-2022, 13:44
Xəbəri paylaş





Xəbər lenti