"Varlılar məmnun olsun deyə, kasıbları özündən uzaqlaşdırmaq ən böyük zülmdür..."


O (s.ə.s), əsil lider idi...
"O, elə bil, hər şeyi bir televiziya ekranında seyr edirdi. Bəli, O, dediyi sözlərə hər zaman əmin idi..."
 

 
Peyğəmbərimizin bəşəriyyətə gətirdiyi ideya və bəyanların heç biri həyatla təzad təşkil etməmişdir. Həm də O, fikirlərini inamla, qətiyyətlə irəli sürmüş, heç vaxt tərəddüd və şübhə keçirməmişdir.
 
Söylədiyi sözlərdə Ərşdən fərşə, Cənnətdən Cəhənnəmə, ilk insandan qiyamətədək bir çox məsələnin şərh və izahı vardır. Xüsusilə, ümməti ilə əlaqədar hadisələri bəzən ad da verərək, bir-bir saymış və izah etmişdir. Elə bil hər şeyi bir televiziya ekranında seyr edirdi. Bəli, O, dediyi sözlərə hər zaman əmin idi.
 
Həzrət Adiy bizə belə bir hadisə nəql edir:
 
Allah Rəsulu ilə birlikdə oturmuşdum. İçəri bir nəfər girdi, quldurlardan şikayət etdi: “Karvanlar soyulur, mallar qəsb edilir, soyğunçuluq baş alıb gedir!”. Bir nəfər də: “Qıtlıq-quraqlıq hər yeri bürüyüb, hər tərəfdə insanlar aclıqdan tələf olur!” – dedi.
 
Bu vaxt Allah Rəsulu mənə dönüb belə dedi:
 
– Ey Adiy, sən Hirəni tanıyırsan?” Mən: “Xeyr, ya Rəsulullah! Ora heç getməmişəm. Lakin hansı tərəfdə olduğunu bilirəm” – dedim. Allah Rəsulu sözünə davam edərək:
 
– Əgər ömrün çatsa, çox yaxında bir qadının dəvə belində Hirəndən təkbaşına gəlib Kəbəni təvaf etdiyini görəcəksən” – buyurdu.
 
Mən içimdən “Tay haramıları yolda dura-dura, bu, necə mümkün olacaq!?” dedim. Rəsulullah sözünə davam etdi:
 
– Ey Adiy, ömrün çatsa, yenə görəcəksən! Bir gün Kisranın bütün xəzinələri mənim ümmətimin əlinə keçəcək.” Mən heyrətlə: “Hörmüzün oğlu Kisranı deyirsiniz?” – deyə soruşdum: “Bəli, Hörmüzün oğlu Kisranı” – buyurdu. Və Adiy sözünü belə tamamlayır: “Allaha and olsun ki, Allah Rəsulu o gün nə demişdisə, hamısına şahid oldum. Və bir də gələcəyə aid bir şey söylədi. Ümid edir və inanıram ki, onu da görəcəyəm.”[1]
 
Budur, Allah Rəsulu bəyanlarını, qeybi xəbərləri insanlara belə fövqəladə inamla təqdim edir və heç birisində zərrə qədər şübhə və tərəddüd əlaməti sezilmirdi. Onsuz da, xəbər verdiyi hadisələr vaxtı-vədəsi yetişincə Allahın inayət və kərəmiylə bir-bir zühur edirdi.
 
Varlıların imtiyaz istəməsi...
 
İslamın başlanğıcında Allah Rəsuluna iman gətirənlərin çoxu kasıb idi. Böyük əksəriyyəti də gənclər idi. Küfrün kəsavətinə bürünmüş qərəzli yaşlılar inadkarlıqdan əl çəkmək bilmirdilər. Nəhayət, “İnsanlar dəstə-dəstə Allahın dininə daxil olanda”[2] Allah Rəsuluna iman etməyə ehtiyac duydular. Amma ilk günlərdə Ona yalnız gənclər iman gətirmişdi. Həm də yoxsul gənclər!..
 
Özünü başqalarından üstün sayan bəzi müşriklər bundan heç də məmnun deyildilər. Tez-tez Allah Rəsuluna müraciət edib “Bizə xüsusi gün ayır” deyirdilər. Başqa müsəlmanlarla, xüsusilə, kasıblarla – Bilallarla, Ammarlarla, Yasirlərlə, Xabbablarla bir məclisdə olmağı özlərinə sığışdırmırdılar. Onlar Məkkənin ağaları idi, sadə camaatla bir yerdə oturmaq onlara yaraşmazdı. Bəlkə də, o dövrün cəmiyyətində belə şeylər adiləşdiyi üçün bunu ağlabatan və məqbul istək hesab edirdilər. Ancaq vəziyyət heç də onların təxmin etdikləri kimi deyildi. Onlar belə bir təklifin məmnuniyyətlə qarşılanacağını düşünməkdə olsunlar, Uca Allah (cəllə cəlaluhu) artıq Rəsulunu xəbərdar edib hazırlamışdı…:[3]
 
“(Ya Rəsulum!) Rəbbinin camalını (rizasını) diləyərək səhər-axşam Ona dua edənləri yanından uzaqlaşdırma. Sən onların əməllərinə görə məsuliyyət daşımırsan, sənin əməllərinə görə də onlar məsul deyil. Ki, (onları uzalqaşdırıb) zalımlardan olasan“.[4]
 
Yəni: Sən daha böyük işlərlə məşğul olmalısan! Kasıbları uzaqlaşdırıb müşriklərin hidayətini ummaq kimi xırda hesablarla məşğul ola bilməzsən. Çünki bu, zülmdür.. və Sən zülm etməkdən çox uzaqsan! Bəli, sırf müşriklər, varlılar məmnun olsun deyə kasıbları özündən uzaqlaşdırmaq ən böyük zülm idi.. və Allah ən böyük ədalət timsalı Rəsulunu ta başdan hifz edirdi.
 
Quran bunu elə bir dövrdə söyləyirdi ki, Allah Rəsulunun ətrafında bu üç-dörd kasıbdan başqa heç kim yox idi. Amma O, bu dövrdə də gələcəkdən arxayındı.. hər kəsin, hətta o inadkar fironların bir çoxunun yumşalıb İslamı qucaqlayacağına və Quranı baş tacı edəcəyinə inanırdı. Yəni əvvəl-axır gələcəkdilərsə, yoxsulları yanından niyə uzaqlaşdırmalı idi ki?!
 
Allah Rəsulu onları heç yanından uzaqlaşdırardımı?! Özü buyururdu: “Cənnət bu üç insana müştaqdır. Əli, Salman və Ammara…”[5]
 
Bəli, hər kəs Cənnət arzusunda, Cənnət isə onlara müştaqdır.. məşuqa həsrət aşiq, cəmala həsrət gözlər, rüyət (Allahın cəmalını görmə) hicranı ilə qıvrılan vicdan, Haqqa çatmaq arzusu ilə alışıb yanan qəlb kimi müştaqdır.
 
İki Cahan Sərvəri başına pərvanə olan bu ilklərin, bu kasıb insanların bir gün cahanşümul bir inqilaba imza atacaq heyət olduğunu yolun başından bilir və hər addımını ona uyğun atırdı. Şərqin də, Qərbin də bir gün mütləq Onunla göndərilən həqiqətlərə iman gətirəcəyinə zərrə qədər şübhə etmirdi… İlahi vədin gerçəkləşəcəyinə əmin idi.
 
Müşriklərin istəyini rədd etdi. Onlara iltifat da göstərmədi. Bu gücsüz və kasıb insanlara göz bəbəyi kimi baxdı və onları hüzurunun şərəfli sakinləri olaraq həmişə əziz tutdu...
 
(Davamı var)
 
Mənbələr: 
 
[1] Buxari, “Mənaqib”, 25; Əhməd ibn Hənbəl, “Əl-müsnəd”, 4/257; Hakim, “Əl-müs­tədrək”, 4/564.
[2] “Nasr” surəsi, 110/2.
[3] İbn Macə, “Zühd”, 7.
[4] “Ənam” surəsi, 6/52.
[5] Tirmizi, “Mənaqib”, 33.
 
Meneviyyat.az.
Tarix: 22-08-2022, 08:47
Xəbəri paylaş





Xəbər lenti