“Evdə olar, çöldə - yox!..” - azərbaycanlılar şortiki niyə sevmir?


İsmayıllı rayon sakinləri ilə turistlər arasında sonuncuların şortik geyinməsi üstündə yaranan münaqişənin görüntüləri qızğın müzakirələrə səbəb olub. Bununla bağlı “Baku TV” paytaxt sakinləri arasında sorğu keçirmək qərarına gəlib. Nəticələr isə çox gözlənilməz olub.
Belə ki, respondentlərin mütləq əksəriyyəti şortik geyinməyi Azərbaycan mentalitetinə və dini dəyərlərinə zidd hesab etdiklərini bildirib. Eyni zamanda, bir çoxları özləri şortik geyindiklərini etiraf ediblər, lakin küçədə deyil, evdə və ya tətildə.
Əlbəttə, qanunla bu geyimə qadağa yoxdur, şortik geymək hər hansı hüquqi məsuliyyət də yaratmır. Ancaq məgər hər şey qanunla tənzimlənir? Əlbəttə ki, cəmiyyətin yazılmamış qanunları da var.
Bundan əvvəl də ölkəmizdə dəfələrlə şortik qalmaqalları olub. Elə bu ayın əvvəlində sosial şəbəkələrdə Bakının Lökbatan qəsəbəsində yerləşən “Meyvəli bazarı”na şort geyinən şəxslərin girişinin qadağan olunmasını əks etdirən foto paylaşılmışdı. Qeyd edilmişdi ki, şort qadağası yalnız kişilər üçün nəzərdə tutulur. Bazarın direktoru Anar Novruzov olaya aydınlıq gətirərkən bildirmişdi ki, bazar ictimai yer olduğundan belə geyimlə bura gəlmək yolverilməzdir:
“Bəzən çimərlik paltarında bazara gəlirlər. Belə hal yolverilməzdir. Azərbaycanlıyıq, hamımızın anası-bacısı gəlir bazara. Kiminsə elə geyinməsi yaxşı hal deyil. Dənizdən alt paltarında çıxıb bura gələnlərin qarşısını almaq üçün bu bildirişi asmışıq. Elə də ciddi məsələ deyil”.
İki ay öncə isə Azərbaycan Tibb Universitetində (ATU) tələbələrə şortik qadağası qoyulduğu haqda məlumat yayılmışdı. “İctimai qaydalara uyğun olaraq, əsaslı kitabxanaya qısa şalvarda (şortikdə), maykada gəlmək qəti qadağandır”, - deyə yayılan paylaşımda qeyd edilmişdi. Məsələyə universitet rəhbərliyi cavab olaraq bildirmişdi ki, yayılan elanda qeyri-adi hal yoxdur: “Cəmiyyətin qaydalarına bir dəvətdir, qərardır. Hətta ictimai yerlərdə geyim qaydalarına uyğun olan normativlər var. Bura təhsil müəssisəsidir, daxili nizam-intizam qaydalarımız var. Bu qaydalara uyğun olaraq, müəyyən məsələlərin tənzimlənməsi normal haldır. Biz bu məsələyə tələbələrin dərsə davamiyyəti kimi baxırıq. Bir insanın azadlığı digərinin hüquqları başlayan yerə qədərdir. Yəni kiminsə hansısa geyimi özü üçün məqbul hesab etməsi digərinin etirazı ilə normal yanaşma həddinə qədərdir. Biz bir tələbə istədiyi kimi geyinsin deyə digər tələbələrin mövqeyini görməzdən gələ bilmərik”.
Bəs azərbaycanlılar şortiki niyə sevmir?

Qan Turalı: “Partiya rəhbərləri, ictimai xadimlər də şortik geyinsə, bu məsələ getdikcə sadələşəcək”
Tanınmış yazıçı, jurnalist Qan Turalı mövzuya bu cür şərh bildirdi: “Məsələn, bu günlərdə Şamaxıya getmişdim, şortik geyinmişdim, amma özümə qarşı bir aqressiya hiss etmədim. Amma bu o demək deyil ki, bu məsələyə qarşı qıcıq yoxdur. Ümumiyyətlə, kişilərə şortik qadağası qoyulması anlaşılan deyil. Şəhərə çıxırsan, baxırsan ki, qızlar şortik geyinir. Mən demirəm ki, qızlar şortik geyinməsin, amma oğlanların da şortik geyinməsini normal qarşılamaq lazımdır. Fikrimcə, bütün bunlar ötəridir. Əlbəttə ki, cəmiyyət dəyişikliyi dərhal qəbul etmir, buna zaman lazım gəlir. Vaxt var idi qızların şalvar geyinməsi yaxşı qarşılanmırdı, amma indi bu normal sayılır. Və yaxud bakembord, uzun saç saxlayan oğlana pis baxırdılar, indi isə normal qarşılanır. Beləliklə, şortik məsələsi də zamanla normal qarşılanacaq. Onu da nəzərə alaq ki, sonuncu şortik qalmaqalı Bakıda deyil, əyalətdə, İsmayıllıda baş verib. Bakının mərkəzində, Nizami küçəsində xeyli sayda adam şortik geyinir və bu, normal qarşılanır. Bir müddət əvvəl Lökbatandakı ”Meyvəlibazarı"na elan vurmuşdular ki, bura şortiklə gəlmək olmaz. Qardaş, sən meyvəni sat da, sənin nəyinə lazımdır ki, camaat bazara nə geyinib gəlir. Və yaxud dənizkənarı restorana elan vururlar ki, bura şortiklə girmək qadağandır. Şortik geyinənlər Amerikadan gəlmir ki, öz insanlarımızdır. Hesab edirəm ki, şortik məsələsinin cəmiyyətdə tam normal qarşılanması üçün insanlar daha çox şortik geyinməlidir. Məsələn, siyasi partiya rəhbərləri, ictimai xadimlər də şortik geyinsin, o zaman bu məsələ getdikcə sadələşəcək".

Əhməd Qəşəmoğlu: “Şortiki qıcıqla qarşılayan yerlərdə şortik geyinənləri daha çox qınayıram, nəinki oradakı əhalini”
Sosioloq Əhməd Qəşəmoğlu isə qeyd etdi ki, heç bir yerdə gərginlik yaradan hərəkətlər etmək arzuolunan deyil: “Əgər həmin yerin camaatı şortik geyinməyi qıcıqla qarşılayır, əhali arasında bu məsələyə pis baxılırsa, ”mən mədəniyəm, şortik geyinəcəm" deyib şortik geyinmək elə mədəni olmamaq deməkdir. Mədəniyyətli adam odur ki, haradasa gərginlik yaratmaqdan qaçsın. Ona görə də heç kim deməməlidir ki, mən bu cürəm, camaat məni başa düşməlidir. Bu işlər tədricən öz həllinin tapmalıdır, cəmiyyət buna öyrənməlidir. Beləliklə, bu məsələdə birbaşa əhalini günahlandırmaq düzgün deyil. Yüz illər boyu formalaşmış dəyərlər var, onları qəfil dəyişmək mümkün deyil. Ona görə də şortiki qıcıqla qarşılayan yerlərdə şortik geyinənləri daha çox qınayardım, nəinki oradakı əhalini".
Psixoloq Elnur Rüstəmov da bildirdi ki, hər bir toplumun, cəmiyyətin özünün milli-mənəvi, dini və digər dəyər sistemləri var ki, ona toxunmaq olmaz: “Həmin dəyərlər sisteminə hər zaman hörmətlə yanaşmaq lazımdır. Burada söhbət şortikdə gəzməkdən getmir, söhbət dəyər sisteminə toxunmaqdan gedir. Kimsə dəniz kənarda şortikdə gəzə də, daha rahat istirahət edə bilər. Amma bir kənd yerində artıq bu məsələyə diqqət etməliyik.

Elnur Rüstəmov: “Biz milli-mənəvi dəyərləri kökündən atıb, dünyaya inteqrasiya oluna bilmərik”
Ümumiyyətlə, bu cür məsələni müzakirə etmək üçün son dərəcə diqqətli olmaq lazımdır. İnsanların hisləri ilə oynamaq olmaz. Əgər orada kimsə həmin situasiyada buna qarşı öz etirazını bildirib, “siz geridə qalmısınız” ifadələrini işlədirsə, bu, yanlışdır. Baxmaq lazımdır ki, niyə məsələyə etiraz edirlər, etiraz edənlər neçə nəfərdir. Bəlkə, etiraz edənin evində 3 qızı var və bu məsələ ilə bağlı narahatçılığı var?
Qeyd edim ki, İsmayıllıda baş verən situasiya sosial şəbəkələrdə xeyli müzakirə olundu, buna ironiya ilə yanaşan da, normal qarşılayan da oldu. Biz dəyər sisteminə nə qədər hörmətlə yanaşacağıqsa, özümüz də cəmiyyətdə, həmçinin dünyada dəyərli olacağıq. Əgər biz dünyaya inteqrasiya olunmaq istəyiriksə, milli-mənəvi dəyərlərimizin üzərində yenilikləri qorumalıyıq. Yoxsa ki, milli-mənəvi dəyərləri kökündən atıb, dünyaya inteqrasiya oluna bilmərik. Məsələn, dünənə qədər əgər evdə qız uşağı var idisə, ata evdə mayka ilə gəzmir, bunu özünə ayıb hesab edirdi. Kimsə onu geridə, keçmişdə qalmış hesab edə bilər, amma bu mənim üçün bir dəyərdir".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
Tarix: 25-08-2022, 10:10
Xəbəri paylaş





Xəbər lenti