"Təhsili məktəbə qaytaraq ki, repetitorluğa son qoyulsun" - MİLLƏT VƏKİLİ

"Təhsili məktəbə qaytaraq ki, repetitorluğa son qoyulsun" - MİLLƏT VƏKİLİ"Repetitorluq ta qədim zamanlardan mövcud olub, maddi cəhətdən az-çox imkanlı insanların övladları üçün nəzərdə tutulan xüsusi təlim-tədris vasitəsi kimi yüksək səviyyəli elitaların yetişdirilməsində mühüm rol oynayıb. Çox təəssüflər olsun ki, hazırda müəyyən istisna hallardan başqa, bu qədim təlim-tədris vasitəsi bu gün öz tarixi mahiyyətini itirərək, bir qisim işsiz və ya cüzi əmək haqqı alan alim və müəllimlərimizin əsas ruzi mənbəyinə çevrilib. Repetitorluğu açıq-aşkar biznesə çevirmə halları da istisna deyil. Ancaq bu gün repetitorların bəlkə də əksəriyyətini bilavasitə şagirdlərin öz orta məktəb müəllimləri təşkil edir. Müəllim-şagird münasibətlərində yaranan bazar ticarətinin hədsiz dərəcədə qınanmalı fakt olduğunu qəbul etsək də, digər tərəfdən, cüzi maaş alan müəllimlərimizin buna məcburən sövq edildiyini də qəbul etməyə borcluyuq. Bununla belə, istənilən halda repetitorluq - təhsilin səviyyəsini aşağı salmaz, yalnız yüksəldə bilər və bayaq qeyd etdiyim kimi, əgər bu tədris vasitəsi də olmasaydı, bu gün təhsilimiz tamamilə iflasa uğrayardı"
Bu sözləri News24.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov dedi.
O, bildirdi ki, nəinki ölkəmizdə, postsovet ölkələrinin əksərində də təhsil sisteminin bugünkü durumu acınacaqlı vəziyyətdədir:
"Bunun səbəbləri kifayət qədər dərindir. Lakin bu da bir həqiqətdir ki, ölkəmizdə təhsil sisteminin bugünkü böhran vəziyyətinin sirlərini cəmiyyətimizin yalnız mövcud zəminində yox, həm də onun dünənki, əsasən keçən əsrin 70-80-ci illərdəki real qüsurlu məqamında axtarmaq gərəkdir. Danılmaz faktdır ki, orta məktəb şagirdləri dərsdən  sonra hazırlıq kurslarına, repititorlara müaciət etməsələr yaxşı nəticə əldə etmələri inandırıcı olmaz".
Ekspert qeyd etdi ki,  əslində təhsildə kütləvi şəkildə repititorluq  modeli son illərdə ortaya çıxıb:
"Təcrübə göstərir ki, ali məktəblərə qəbul imtahanlarında heç bir müəllim yanına getməyən şagirdlər də yaxşı nəticələr əldə edirlər. Bu şərtlə ki, şagirdə  həm valideyn ciddi nəzarət eləsin, həm məktəb dərsin keyfiyyətinə fikir versin.
Bundan başqa  şagirdlər seçdiyi qrup üzrə onlara lazım olan fənlərə daha çox zaman ayırır və repititor yanına da yalnız bu fənlər üzrə gedir. Bunun nəticəsində də şagirdlər elmi biliklərə birtəfəli qaydada yiyələnir. Beləliklə, şagirdlərin dünyagörüşləri zəif inkişaf edir. Bu da gələcəkdə onların iş fəaliyyətində problemlər yarada bilər".  
K.Əsədovun sözlərinə görə, repititor fəaliyyətinin leqallaşması, rəsmiləşdirilməsi üçün  bu sahəyə lisenziya sisteminin tətbiq edilməsi daha effektiv olardı:
"Çünki bu gün ixtisası uyğun olmayan şəxslər də repititorluq xidməti göstərirlər. Ona görə də Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi , Vergilər Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mövcud olacağı bir komisiya yaradıb orda təhsil xidmətləri göstərənlər yoxlanılmalı və fəaliyyət icazəsi verilməlidir". 
Kamran Əsədovdan fərqli olaraq repetitorluqdan narazılıq edən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, dəfələrlə bu məsələni tənqid edib:
"Mən hesab edirəm ki, bunun qarşısının alınması, repetitorluğun ləğv edilməsi və buna qarşı mübarizənin aparılmasıdır. Biz bəzən tənqidi fikirlər səsləndirəndə kimlərsə repetitorluğun dünyanın hər yerində olduğunu söyləyirlər. Dünyanın hər yerində var, amma heç bir yerdə bu qədər kütləvi deyil. Təəssüf ki, bu mübarizənin aparılması əvəzinə dah da artım görürük. Biz çalışmalıyıq ki, təhsili məktəbə qaytaraq və insanlarımız məktəbdə təhsil alsınlar və repititor yanına getməsinlər".
Tarix: 15-09-2023, 22:58
Xəbəri paylaş





Xəbər lenti