Şəhid və Qarabağ veteranı anası : "Mənim rüşvət verməyə 25 000 manatım yoxdur"


Tovuz rayon, Vahidli kənd sakini, Şəhid və Qarabağ veteranı anası Həsənova Ceyran Məhəmməd qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də Siam.az-a daxil olan müraciətdə deyilir:
"Bir daha yazıb nəzərinizə çatdırıram ki, artıq iki ildir aidiyyəti qurumlara minlərlə müraciət ünvanlayaraq bildirmişəm ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin ixtisası NEFT MÜHƏNDİSİ olan direktoru Rəşad Vahabzadənin tələb etdiyi 25000 manat rüşvəti verə bilmədiyimizə görə, peşəkar mütəxəssis, alim- aqronom, üç azyaşlı uşaq atası və himayəsində qoca və xəstə, daimi müalicəyə ehtiyacı olan şəhid və veteran anası yaşayan, Kənd Təsərrüfatı nazirliyinin əməkdaşlarına dərs keçmiş oğlum Həsənov Naməddin Tofiq oğlunun əmək müqaviləsinə müqavilənin müddətinin başa çatmasını əsas götürərək xitam veriblər. Bir daha qeyd edirəm ki, həmin təşkilatda yeganə Şəhid və Qarabağ veteranı qardaşı,peşəkar mütəxəssis oglum idi və onu da işdən azad edib, yerinə isə vətən müharibəsində iştirak etməyən, heç bir savadı və iş təcrübəsi olmayan, lakin Rəşad Vahabzadənin maraqlarını ödəyən birini təyin ediblər. Təkrar olaraq bildirirəm ki, Nazirlər Kabinetinin 14 yanvar 1994-cü il tarixli, 10 saylı qərarına əsasən Şəhid ailəsi üzvünü işdən azad etmək birmənalı olaraq yolverilməzdir. Eyni zamanda bildirirəm ki, Nazirlər Kabinetinin qərarında yazılanlara istisnasız əməl olunmalıdır, çünki Nazirlər Kabineti Azərbaycan Respublikası prezidentinin yuxarı icra orqanıdır və Ulu Öndərimiz Heydər Əliyevin sədrliyi ilə ümumxalq səsverməsi ilə qəbul edilmiş konstitusiyamızda da qeyd olunur ki, Nazirlər Kabinetinin qərarları dərc edildikdən sonra onların tətbiqi və icrası məcburidir. Həmçinin ölkə prezidenti cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında qeyd etmişdir ki, bütün qurumlarda, həm dövlət, həm də özəl qurumlarda Şəhid ailələrinə və müharibə veteranlarına diqqət, qayğı göstərilməlidir və hörmətlə yanaşılmalıdır. Cənab İlham Əliyev çıxışının sonunda qeyd edir ki, bu dövlət siyasətidir və mənim tələbimdir.
Lakin Aqrar Xidmətlər Agentliyinin dövlət büdcəsini rəsmən qarət edən(Hesablama Palatasının açıqlamasına əsasən qeyd edirəm),arpa ilə buğdanın fərqini bilməyən, çuğundurla ispanağı bir-birindən seçə bilməyən, gübrələri təsiredici maddədən fiziki çəkiyə çevirə bilməyən, taxılın sünbül fazasında torpaq analizləri aparan, televiziya ekranlarında savadsız çıxışları ilə özlərini biabır edən Cəfər Məhərrəmov və Rəşad Vahabzadə kimi məmurları nə cənab prezidentin tapşırıqlarına, nə də Nazirlər Kabinetinin qərarlarına məhəl qoymur və onları heçə sayırlar.
Hörmətli Sahibə xanım!
Hörmətli Millət vəkilləri!
Artıq çox yaxşı dərk edirəm ki, oğlumun işinə bərpa olunması üçün Rəşad Vahabzadənin 25000 manatını verməliyik və bizim isə həmin məbləği verməyə imkanımız yoxdur. Ona görə də bu məsələnin həll etmək üçün yeganə çarəmiz dilənməkdir və 25000 manatı 125 millət vəkilinin arasında bölsək, hər millət vəkilinə 200 manat düşür və millət vəkillərindən xahiş edirəm mən Səhid və Qarabağ veteranı anasının diləndiyini nəzərə alıb bizə kömək etsinlər, biz də həmin pulu Rəşad Vahabzadəyə verək ki, bizdən əl çəksinlər. Çünki, bu məsələnin başqa heç bir həlli yolu yoxdur".
Məsələ ilə bağlı bütün əlaqədar qurum və şəxsləri Siam.az olaraq dinləməyə hazırıq...
Tarix: 18-09-2023, 09:31
Xəbəri paylaş





Xəbər lenti