“ŞƏHİD, QAZİ AİLƏSİNİ ÇÖRƏK PULUNA HƏSRƏT QOYUBLAR” – Şikayət: “Sahə rəisi deyir ki, bizə aidiyyatı yoxdur, qazi ailəsizdir, ya nədir...”


Goranboy rayonu, Dəliməmmədli kənd sakini Ağayev Asif Şeybulla oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. A.Ağayev Goranboy rayonunun sahə rəisi, baş leytenant Vahid Əhmədovdan şikayətçidir:

"Mən, Ağayev Asif, 1979-1980-ci illərdə Əfqanıstanda döyüşmüşəm. 1989-cu ildə ermənilərə qarşı savaşda konüllü iştirak etmişəm. 2 şəhidim var. 1992-ci ildə Talış kəndində yaralanmışam.

Goranboy rayonunda məmurlar döyüşənlərə hörmət qoymur. Özüm xəstəyəm, iş qabiliyyətim yoxdur. Ailəmizi oğlum Vasif dolandırır. O, təkər təmiri ilə məşğuldur. Halal çörəyini qazanıb, ailəsini dolandırır. Ailəlidir, 3 uşağı var.

Sahə rəisi səbəbini demədən, məsələyə aydınlıq gətirmədən oğluma 100 manat cərimə yazıb. Xahiş etdim ki, cərimə yazma, onsuz da çətin dolanırıq. Bildirdi ki, “mənə yuxardan tapşırıq verilib, bizə aidiyyatı yoxdur, qazi ailəsidir, ya nədir”. Sözünü dedi, cəriməni yazdı, çıxdı getdi. Bu qədər haqsızlıq olar?

Goranboy Rayon İcra Hakimiyyəti şəhid ailəsinə 4 sot torpaq sahəsi vermir ki, ailəsini dolandırsın, evini tiksin.

Hörmətli redaksiya, xahiş edirəm, bizim səsimizi lazımi yerlərə çatdırın. Şəhid, qazi ailəsini 60-70 qəpik çörək puluna həsrət qoyurlar”.

Redaksiyadan: Yazıda adaları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
//Hurriyyet.az//
Tarix: 25-09-2023, 23:06
Xəbəri paylaş





Xəbər lenti