Polis rəisinin atası “Xocalı” Kiçik Müəssisəsinin hesabına Bakıda nələri, necə əldə edib?

Polis rəisinin atası “Xocalı” Kiçik Müəssisəsinin hesabına Bakıda nələri, necə əldə edib?
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu sentyabrın 20-də bir sutkadan da az vaxt ərzində Qarabağ məsələsini birdəfəlik həll etdi və bununla da Xankəndinə, Xocalıya üçrəngli bayrağımızın sancılmasına, bu şəhərlərdə də Azərbaycan dövlətinin konstitusion idarəetmə üsullarının tam tətbiqinə sayılı günlər qaldı.
Bu möhtəşəm zəfər həm də o deməkdir ki, ölkəmizdə məcburi köçkün statusu daşımağın yeri yoxdur, həm də o statusla, imtiyazla möhtəkirlik etməyə, “köçkünəm” deyib yer-yurd zəbt etməyə, zəbt etdiyi yeri boşaldıb təhvil verməməyə bəhanə qalmayacaq. Bu məsələ ilə ehtikarlıq edənlərdən biri də Xocalı rayonundan məcburi köçkün, 82 yaşlı Nəbiyev Əli İbad oğludur.
Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Bakı şəhəri, Nərimanov rayonu M.Əlizadə küçəsi-53 ünvanda yaşayan Əli Nəbiyev uzun illər məcburi köçkün statusundan, 2-ci qrup Qarabağ müharibəsi əlili, ehtiyatda olan zabit olmasından sui-istifadə edərək Nərimanov rayonu Ağa Nemətulla küçəsi 61A ünvandakı binanı de-fakto zəbt edib. Adını da qoyub ki, guya bina da, altındakı torpaq da onun sahibi olduğu “Xocalı” Kiçik Müəssisəsinə məxsusdur və bu sahiblik hüququnu ona Ulu Öndər Heydər Əliyev verib.
Qeyd edək ki, Əli Nəbiyev I Qarabağ müharibəsində əsir düşüb. Əsirlikdən qayıtdıqdan sonra özünü zərərçəkmiş kimi göstərərək K. Rəhimov küçəsi 3 ünvanda yerləşən 1720 kv.m sahə alıb. Sibirdəki həm yerlilərimizdən külli miqdarda borc alaraq onların da adını həmtəsisçi kimi rəsmiləşdirdiyi “Xocalı” kiçik müəssisəsini yaradıb və həmin ünvanda bina tikib. Nə qazanıb, özü yeyib, borc aldığı şəxslərə isə “atıb”. Nə borcunun əsas hissəsini qaytarıb, nə də əldə etdiyi gəlirlərdən devident ödəyib. Həmin inzibati bina 6 mərtəbəli olmaqla, 1-ci və 2-ci mərtəbələr təmirli, digər mərtəbələr isə təmirsiz olmuş və binada lift sistemi mövcud olmayıb.
Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli 2930 №-li Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün Tədbirlər Planı”na, eləcə də Bakı şəhərinin Baş Planına uyğun olaraq, Bakı şəhərində aparılan quruculuq abadlıq işləri, iri miqyaslı layihələrin və Dövlət Proqramlarının icrası ilə əlaqədar Nərimanov rayonu, K.Rəhimov küçəsində yerləşən bir sıra yaşayış və qeyri-yaşayış binalarının sökülməsi zərurəti yaranmışdır. Həmin abadlıq – yenidənqurma işləri ilə əlaqədar sökülməli olan “Xocalı” kiçik müəssisəsinin inzibati binası qiymətləndirmə komissiyası tərəfindən 3,5 milyon manat dəyərində qiymətləndirilib. Əli Nəbiyev dəcəllik edərək, qeyd olunan məbləğlə razılaşmayıb, əsassız olaraq təklif olunan məbləğdən təxminən 3 dəfə artıq olmaqla 10 milyon manat məbləğində kompensasiya tələb edib.
Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən rayonun iqtisadi cəhətdən inkişaf etmiş ərazilərindən biri olan Ağa Nemətulla küçəsində “Xocalı” kiçik müəssisəsinin inzibati binasının əvəzində onun əvvəlki sahəsindən 40% artıq olmaqla yeni inzibati binanın tikilib Ə.Nəbiyevə təhvil verilməsi təklif olunub. O, bu təkliflə razılaşaraq özünün iştirakı ilə memarlar dəvət olunmuş və istəyinə uyğun olaraq, 7 mərtəbəli (üstəgəl mansard) sahəsi 3340 kv.m olan müasir standartlara uyğun milli memarlıq üslubunda yeni inzibati bina layihələndirib və layihə Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılaraq 2011-ci ilin avqust ayında podratçı şirkət müəyyənləşdirilərək dövlət vəsaiti hesabına icrasına başlanılıb. Bina söküldüyü müddətdən 2013-cü ilin oktyabr ayınadək Ə.Nəbiyevə hər ay 4 min manat olmaqla Rayon icra Hakimiyyəti tərəfindən dövlət vəsaiti hesabına kirayə haqqı ödənilib. 2 il ərzində binada yüksək standartlara uyğun olaraq tikinti-quraşdırma və fasad hissəsində işlər tam başa çatdırılıb. Binada lift və mərkəzi istilik sistemi və digər kommunikasiya xidmətləri qurulub. Binanın inşası aparılan 2 il müddətində Ə.Nəbiyev dəfələrlə tikintiyə baş çəkərək aparılan işlərə görə öz təşəkkürünü də bildirib.
İşlər sona yaxınlaşanda Ə.İ.Nəbiyev müqavilə şərtlərini pozaraq podratçı təşkilatın nümayəndələrinin işlərinə dəfələrlə müdaxilə etmiş, tikintinin təyinatının dəyişdirilməsini, ofis binasının gələcəkdə beynəlxalq dərəcəli, son standartlara cavab verəcək mehmanxanaya uyğun rekonstruksiya edilməsini tələb etmişdir.
Mübahisə məhkəmə müstəvisinə çıxarılmış, işin bütün faktiki hallarına məhkəmə aktları ilə hüquqi qiymət verilmiş, nəticə etibarı ilə tərəflər arasında 09.01.2017-ci il tarixdə barışıq sazişi imzalanmış, barışıq sazişi üzrə bütün öhdəliklər yerinə yetirilmişdir
Rayon İcra Hakimiyyəti tərəfindən Ə.Nəbiyevə müraciət olunaraq “Xocalı” kiçik müəssisəsinin təsisçilərinin Rayon İcra Hakimiyyətinə dəvət olunması, müəssisənin nizamnamə kapitalına uyğun olaraq pay bölgüsünün aparılması bildirilib. Lakin Ə.Nəbiyev bunun hansı məqsədlə edildiyini sual edərək təsisçilərin Rayon İcra Hakimiyyətinə dəvət olunmamaları üçün müxtəlif bəhanələr gətirərək onların gəlmələrinə mane olub. Ə.Nəbiyevə izah edilib ki, təsisçilərin Rayon İcra Hakimiyyətinə dəvət olunmasında əsas məqsəd onların əmlakının nizamnamə kapitalında qeyd edilmiş pay bölgüsünə uyğun olaraq onlara təhvil verilməsi və sonradan təsisçilər arasında narazılığın yaranmaması, onların məhkəmə orqanlarına müraciət etməməsi üçündür.
Həmtəsisçilərin ortaya çıxmasını, pay bölgüsündən gəlir götürmələrini istəməyən Nəbiyev Əli İbad oğlu o vaxtdan yuxarı instansiyalara Nərimanov İcra Hakimiyyətindən yüzlərlə əsassız şikayətlər yazmaqla, teleqramlar vurmaqla guya ona ayrılmış milyonlarla manat kompensasiyanın mənimsənildiyini iddia etməklə məşğuldur. Faktiki olaraq Əli Nəbiyevin həmin binanın hamısına deyil, müəyyən qisminə sahiblik hüququ var. Buna baxmayaraq, təkcə binanın özünü deyil, yaxın həndəvərinə də nəzarəti ələ keçirib. İrad tutanları isə oğlu Zaur Nəbiyevin Xocalı rayon Polis Şöbəsinin rəisi olması ilə qorxudur, şərlətdirəcəyi ilə hədələyir, hətta qadınları belə təhqir eləməkdən çəkinmir. Məlumata görə, vətənpərvərlikdən dəm vuran Əli Nəbiyev yalnız bir qismini haqq etdiyi sözügedən binada “Xocalı” Xeyriyyə Cəmiyyətinə də sığınacaq vermək istəməyib.
Aktualinfo.orq
Siam.az olaraq məqalədə qaldırılan iddilarla bağlı qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
Tarix: 29-09-2023, 12:51
Xəbəri paylaş





Xəbər lenti