MÜASİR ŞEYX NƏSRULLAHLAR... - Keçmişdə din xadimlərimizin içində cahillər olmayıb...

MÜASİR ŞEYX NƏSRULLAHLAR... - Keçmişdə din xadimlərimizin içində cahillər olmayıb...

19-cu əsrin birinci yarısında Azərbaycanda qəribə hadisələr baş verirdi. Rusların qurduğu komendant üsuli-idarəsi ölkədə özgə cür əmin-amanlıq yarada bilmişdi. Dərəbəylik dövründən miras qalmış quldurluğun, qaçaqçılığın kökü amansızlıqla kəsilirdi. Rusiyaya birləşdirilmiş keçmiş xanlıqlarda beş əsas cəza növü tətbiq olunardı: Ekzekusiya, yəni günahkarı yerə sərib huşunu itirənə qədər şallaqlamaq; Sibirə, katorqaya göndərmək;  Yerindəcə edam; Hökumətin quldur, qaçaq alan etdiyi şəxsi gizlətmiş hər hansı bir kəndi tamam yandırıb, əhalisini şallaqlayıb başqa quberniyaya Köçürmək; "Postoy”, yəni camaatı günah işlətmiş kənddə, ya da qəsəbədə üç-dörd aylığa kazak bölüyü saxlamaq... Bütün milləti xəcil, başıaşağı edən ən dəhşətli, ən müdhiş cəza növü bax, bu idi!
Sovet hakimiyyəti illərində çarizmi mütəmadiyən tənqid edən tarixçilərimiz nədən danışsaydılar, belə məsələləri açıb ağartmazdılar, Allah eləməsin milli münasibətlər pozula bilər... "Postoy"a göndərilmiş kazak bölüyü yerləşdiyi məntəqədə hakimi mütləq sayılırdı, binəva müsəlman kəndlilərinin nəinki arpa-buğdası, mal-qarası, hətta gözəgəlimli qız-gəlini belə kazakların "halalca" malına çevrilirdi. Şikayət etməyə yer də yox idi... Üsyana qalxanlar, qisas naminə dağlara, meşələrə üz tutanlar amansızcasına, məhkəməsiz-zadsız məhv edilirdilər.
Beləliklə aylar, illər ötür, heysiyyəti tapdanmış xalq tədricən dilsiz-ağızsız qorxaq sürüyə dönür, taleyilə barışırdı. Qərinələr keçdisə, amma 1917-ci ilə kimi mündirinin metal düymələri parıldayan adi bir məmurun kəndə girməsi bəs idi ki, hamı acizanə tərzdə baş əyib "Ay yaranal, sənə canımız qurban!", "Amanın günüdür, qırma bizi!" deyə yalvarardı. Xanzadələrin, bəylik şəhadətnamələri ala bilmiş, rus imperatoruna can-başla qulluq edən kübarların isə dünya veclərinə deyildi. Neçəsi boyunlarından "Müqəddəs Anna" ordeninin qırmızı minalı xaçını asmağı nəinki özləri, hətta nəsilləri üçün də şərəf bilirdi.
Amma hamı belə deyildi. Əsas mətləbə keçməmişdən əvvəl onu da deyim ki, 1906-cı ildə görkəmli ziyalı Əhməd bəy Ağayevin rəhbərliyi altında yaranmış zəhmli "Difai" təşkilatı hamıya sübut elədi ki, Azərbaycanın qeyrətli kübarı da, rəiyyəti də, din xadimi də var və bu mərd insanlar millət, din-iman uğrunda ölümün gözünə baxmağı bacarırlar. Bu təşkilat barədə hələ kifayət qədər tədqiqat əsəri yazılmayıb. Amma, sağ olsun Sabir Rüstəmxanlı, o böyük zəhmət çəkərək “Difai” barədə sanballı bir əsər ortaya qoyub. Əlimdə ixtiyar olsaydı, onun comərd üzvləri, fəaliyyəti barədə dolğun, dəyərli kitablar yazdırıb orta məktəblərdə tədris etdirərdim.
"Difai'' bizim tariximizdə yeganə təşkilat idi ki, millətimizə, dinimizə, imanımıza qənim kəsilənləri cəhənnəmə vasil edəndən sonra xüsusi intibahnamə yayaraq, məsuliyyəti üzərinə götürməklə həm də günahkarın bütün bəd əməllərini cəmiyyətə bildirirdi. Bu yeganə milli təşkilat idi ki, bütün Qafqazda müsəlmanlar ancaq ona inanır, ancaq ona kömək, əlac üçün müraciət edirdilər. Bir neçə iri çinli, böyük vəzifəli çar məmuru və milli satqını məhv edildikdən sonra hökumət dairələri vahiməyə düşdülər. Həm çar polisi, həm də silahlı daşnak təşkilatının başçıları bilirdilər ki, Azərbaycanın kübarları namus, qan qisasını yerdə qoymayacaqlar. Onu da deyim ki, təşkilatın rəhbərliyində neçə-neçə məşhur din xadimi təmsil olunurdu. Dar ayaqda məhz onlar göz qırpmadan ölümə getdilər...
İndi deyəcəyim sözlər bəzilərinə qəribə gəlsə də, bu danılmaz həqiqətdir. Çar jandarmeriyasının arxivlərində nələr yoxdur? Məhz, təkzibedilməz arxiv sənədləri əsasında biz hadisələr, fərdlər haqqında fikir yürüdə bilərik. Yetmiş il ərzində bolşevik ideoloqlar, hərbgü ateist tarixçilər, partiya fəalları daha o çirkab qalmadı ki, din xadimlərinin üzərinə atmasınlar. Yazıçı və şairlər də onlardan geri qalmırdılar. Neçə nəsli inandıra bilmişdilər ki, Azərbaycanın din xadimləri içində qətiyyən əməli saleh adam olmayıb. Molla, axund deyəndə hamının gözü qarşısına Şeyx Nəsrullah gəlir. Halbuki, qərinələr boyu istər güneydə, istərsə də quzeydə istiqlaliyyət və vətən uğrunda gedən bütün savaşlarda şəhadətə çatan din xadimlərinin sayı-hesabı yoxdur. Məğlub və məğmun olmuş milləti mənəvi iflasdan namuslu, qeyrətli, din xadimləri xilas edə bildilər. İndi sözümün üstünə söz qoymaq fikrinə düşənlər unutmasınlar ki, tarixə maarifçilər kimi düşmüş böyük ziyalı dəstəsi nə etdisə, ancaq XIX əsrin son rübündə və  20-ci əsrin 10-15 ili ərzində etdi, yenə buna da şükür. Din xadimləri isə  mübarizəni çoxdan başlamışdılar, hərbgü "Allahsızlar ittifaqı" hakimiyyətə arxalanaraq millətin tarixini, keçmişini məhv edəndə ən dəhşətli zərbələri elə onlar aldılar. İndi bizim qürur mənbəyimiz əlyazmalar fondumuzdakı sərvətlər  məhz din xadimlərinin zəhməti sayəsində sağ-salamat bizim günlərə gəlib çıxıblar. El-oba içində nüfuz və hörmət qazanmış axundlar, şəcərəli seyidlər təqibləri, həbsləri gözlərinin altına alaraq minlərlə ziqiymət əlyazmanı, kitabı məhvdən, yandırılmaqdan qorudular. Din xadimlərimizin hamısı bizim danabaş alimnümaların dediyi kimi mürtəce və nadan deyildi. Müsəlmanların getdikcə zəlil,  keçmişindən bixəbər məzlum rəiyyətə dönməsini birinci olaraq məhz namuslu din xadimləri başa düşüb duymuşdular. 18, 19-cu əsrlərdə Rusiya imperiyasında baş vermiş bütün müsəlman üsyanlarının ilhamçıları və rəhbərləri cəfakeş din  xadimləri idi. Bu faktı dananlar elmdən tam bixəbər adamlardır.
Azğın pristavların, gecə-gündüz sərxoş olan mahal rəislərinin, adi uryadnikin özbaşınalığından boğaza yığılan Azərbaycan kəndlisi, ya da fəhləsi öz doğma bəyindən, ağasından çox nadir hallarda insani münasibət görürdü. İngilis lordu lakeyə, ya da qulluqçuya "Con, xahiş edirəm, nahar tədarükü gör!" deyirdisə, bizim bəy isə işi düşəndə bağırırdı: "Adə, a gədə, itin balası, apar bu çuxanı dəyişdir. Bir də belə qələt eləsən atanı gordan çıxararam!". Təhqir olunan, əzilən insanların yeganə təsəlli yeri məscid, dərdlərini ovunduran isə misilsiz mərsiyələr, növhələr və hələ də cırlaşmamış bakirə mənəvi irs, göz bəbəyi kimi qorunan, vergülünə, nöqtəsinə riayət edilən müqəddəs adət-ənənələr idi. Silah gücünə ram edilmiş milləti, müsəlmanı onun ziqiymət mənəvi irsi sınmağa qoymurdu. Bu dövrdə yazılmış mərsiyələrin, növhələrin, "sinəzən" adlanan əşarın hər beyti qan ağlayır, od püskürürdü. Mən hələ ən daş qəlbli insanı belə yerindən oynada bilən, qəsidələr¬dən, "məclis"lərdən danışmıram.
Bəli, bir tərəfdən mütərəqqi din xadimləri, digər tərəfdən də şərəf əzabının nə olduğunu bilən, əcdadlarının şanlı keçmişini hələ də unutmamış, amma sayca olduqca az əsilzadələr, təzə-təzə baş qaldıran milli kapitalist zümrəsi əl-ələ verərək, xalqın dadına çatdılar. M.Ə.Sabirin qələmindən çıxmış bu mərsiyəyə fikir verin, diqqətlə oxuyun, özünüz nəticə çıxarın:
Aldı düşmən səndən də kam,
Раmal olmuş bütün İslam!     
Gözünü aç, bax, ey ağam,
Bizi tapdar üdvan Əli,
Qoyub bizi ətşan Əli!
 
İslam olmuşdur paymal
 Qəlbim olmuşdur pürməlal
İslama yetmişdir zəval
Əyağa dur, oyan Əli!
Tapdar bizi cahan Əli!
 
Çağır baban etsin əlac
Üdvan qoyubdur bizi ac
Şahzadəsən qoy başa tac.
Olmuş gəda sultan Əli.
Qövmü-üdvan aman Əli!
Onda da yırtıcılar, əyyaşlar, xaçpərəstlər qarşısında quyruq bulayanlar kifayət qədər vardı. Amma əməli saleh adamlarla müqayisədə bunlar çox az idilər, el tənəsi, ümumxalq qınağı imkan vermirdi ki, belələri qol-qanad açsın. Cəmiyyətdə pak, imanında sabitqədəm olanlar üstünlük təşkil edirdilər. Hacı Zeynalabdin Tağıyev kimi adamın mülkü titulu general-leytenanta bərabər sayılırdı, mən daha onun sərvəti-samanından danışmıram. Elə bir kişi, hamının millət atası saydığı bu böyük şəxsiyyət ölənə qədər başında ən aşağı təbəqənin geydiyi "qazamat” adlanan papağı gəzdirirdi. Bununla belə Mirzə Cəlil rəhmətlik Hacını dəfələrlə tənqid atəşinə tutaraq, onun karikaturasını jurnalında vermişdi.
Din xadimlərindən danışırıq... İndi isə məqaləmi şahidi və iştirakçısı olduğum bir əhvalatı nəql etməklə bitirmək istəyirəm.
1989-cu il payızı təzə-təzə qədəmlərini Bakıya qoyurdu... "Azadlıq" meydanında hər iki gündən bir mitinqlər gedirdi, indi unutmuşam, bilmirəm nə üçünsə ruhanilər idarəsinə getmişdim. Şeyx cənablarını soruşdum, dedilər ki, idarənin balaca həyətində qonaqlarla çay içir. Məni dəvət etdilər, içəri-girib əlimi döşümə qovaraq ehtiramla başımı əyib Şeyx cənablarını salamladım. O, salamımı mehribanlıqla (biz çoxdan tanış idik, aramızda da həmişə səmimi münasibət var idi)  aldı və oturmaq üçün yer göstərdi. Mən ona hormətlə cavab verdim.
- Şeyx cənabları, vaxtınızı çox almaq istəmirəm... Cavabım onun xoşuna gəldi, gülümsündü və yanındakıları mənə, təqdim etdi:  Yoldaşlar bizim Oktyabr rayonunun və "qorkomun" məsul işçilərindəndir, şəhərdəki bu qeylü-qalla bağlı yanıma gəliblər...
Açığını deyim ki, partiya məmurlarının çox biədəb tərzdə plastmas kreslolarda yayxanıb oturmaları, qıçlarını ağayana tərzdə bir-birinin üstünə aşırmaları məni əsəbləşdirdi. Söhbətimiz çox çəkmədi, vidalaşmaq istəyirdim ki, partiya məmurlarından biri istehza ilə soruşdu: - O meydanda yığışmaqla heç nə edə bilməyəcəksiniz. Partiya var, o da hər şeyi qaydasına qoyacaq. Daha nə istəyirsiniz?
- Biz çox şey istəyirik, amma indi bir arzumu sizə deməliyəm. Ermənistanda istər Nazirlər Sovetinin sədri olsun, istərsə də, lap Mərkəzi Komitənin katibi, katalikos Vazqenin qəbuluna düşmək üçün neçə gün əvvəl xəbər verirdilər, onun icazəsini mütəcəsinə gözləyirlər. Biz də istəyirik ki, hər kiçik məmur gəlib Qafqazın Şeyxinin hüzurunda ayağının birini o birisinin üstünə aşırıb saymazyana oturmasın. Ona hörmət eləmirsə, müsəlmanları vecinə almırsa, heç olmasa başındakı əmmaməyə hörmət qoysun...
Partiya məmuru qıpqırmızı qızardı və daha dillənə bilmədi. İndi bilmirəm bizim hörmətli şeyx cənabları bu əhvalatı xatırlayır, ya yox.
Çox keçmədi aləmlər bir-birinə dəydilər. Rus irticası həm Bakı  küçələrini qana qərq etdi, həm də erməni giyenalarını silahlandırıb üstümüzə qısqırtdı. Ölkədə də əsl xaos başladı... Satqınların köməyi ilə (onları bir-bir tanıyıram) səlib dünyası Bakıya iki yüzə qədər sekta, missioner qrupu sala bildi. Və bu həngamədə biz bir dəfə də olsun həmişə müdafiə etdiyim Şeyx cənablarının hiddətli səsini eşitmədik. Bir tərəfdə onun qətiyyətsizliyi, bir tərəfdə də Ramiz Mehdiyevin planauyğun tərzdə şikəst etdiyi ideoloji aparatın simasızlığı cəmiyyəti mənən sındırdı.
Xalq kimlərin zəhməti sayəsində mənəvi fəlakətdən qurtula bildi – bu suala qələbə ilə bitən gedişat cavab verib.
Firuz HAŞIMOV
Tarix: 9-10-2023, 22:11
Xəbəri paylaş





Xəbər lenti