“Altı uşaqla ümidimiz o pula idi, artıq o da yoxdur” – Fotolar


“Bir il idi ailəmizə ayrılan ünvanlı dövlət sosial yardım dayandırılıb. 6 uşaqla ümidimiz o pula idi, artıq o da yoxdur. Hara müraciət edirəm, doğru-düzgün cavab verən, yönləndirən biri tapılmır”.
Bu şikayətlə “Qafqazinfo”ya Biləsuvar şəhər sakini Salman Mehdiyev müraciət edib.
41 yaşlı şəhər sakininin sözlərinə görə, 6 uşağının bütün xərcləri aldıqları sosial yardıma bağlı olub: “Uşaqlardan 3-ü məktəblidir, üçü isə azyaşlı. Böyüyünün 9 yaşı var, ən balacası isə 4 aylıqdır. Həyat yoldaşım evdə uşaqlara baxır, mən isə fəhləlik edərək çörək pulu qazanıram. Amma 6 uşağı dolandırmaq üçün bu bəs etmir. Bir də görürsən heç iş də olmur. Uşaqlar böyüyür, ehtiyacları da çoxalır… Əvvəl 5 uşağa görə 677 manat sosial yardım alırdıq.
Daha sonra müddəti tamam olduğuna görə yenidən müraciət etdik və bu dəfə 895 manat hesablandı. 6-cı uşaq olandan sonra isə yenidən müraciət etdik. Bu dəfə bizə imtina gəldi. Səbəb kimi də vergi borcumuzun olduğu göstərilirdi. Əslində isə biz vergiləri vaxtı-vaxtında ödəmişik. Sadəcə başa salan olmadı ki, ödənişi edəndə qəbzi də alaq. Noyabra qədər vergi ödənişini etmişəm. Amma vəziyyət düzəlmir. Demək olar, hər gün idarələrə gedirik-gəlirik, amma dəyişən heç nə yoxdur. Heç kəs məsələni həll etmir, bir-birlərinin üstünə atırlar”.
Şikayətlə bağlı Dövlət Sosial Müdafiə Fonduna müraciət etdik. Sorğumuzu qurumun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili belə cavablandırdı: “Biləsuvar rayon sakini Mehdiyev Salman Loğman oğlu ünvanlı dövlət sosial yardımla bağlı 14 avqust 2023-cü il tarixdə elektron qaydada müraciət edib. Ailə üzvü Salman Mehdiyevin məşğulluğu ona məxsus pay torpağı ilə bağlı olsa da, ardıcıl aylarda torpaqla bağlı məcburi dövlət sosial sığorta ödənişlərini etmədiyi üçün sosial yardımla bağlı müraciətinə imtina cavabı verilib”.
Məsələ ilə bağlı Dövlət Vergi Xidmətinə də sorğu ünvanladıq. Qurumun mətbuat katibi Şahin Məmmədov bildirdi ki, vətəndaşın məktubu müvafiq idarəyə göndərilib, araşdırıldıqdan sonra Salman Mehdiyevlə əlaqə saxlanılacaq.








Tarix: 10-10-2023, 21:45
Xəbəri paylaş





Xəbər lenti