Yaşı olmayan intiharlar: “Özlərinə verəcəyi bir sual qalmır, həyat onlar üçün maraqsızdır”



Çox vaxt cavanlar arasında rast gəldiyimiz intiharlar artıq yaşlı nəsilə də ayaq açıb. Son günlərdə bir neçə anoloji hadisə baş verib.  Göyçay rayonunda 73 yaşlı qadın kürəkəninin həyətində özünü asıb. Samuxda da 1968-ci il təvəllüdlü şəxs özünü asaraq həyatına son verib. 

Mövzu ilə bağlı Demokrat.az-a fikirlərini bölüşən klinik psixoloq Rövşən Nəcəfovun sözlərinə görə, intihar insanın özündə olmadığı hallarda baş verir. İnsan düşüncələrini tərk edəndə özünü tərk etmiş olur:

“İnsan psixologiyası qarışıqdır. İnsanlar bəzən davranışlarını və nitqini nizamlaya bilmirlər. Belə vəziyyət yarananda insan suallarına cavab axtarmağa çalışır. Tapa bilməyəndə isə ilk öncə özü ilə mənəvi, daha sonra fiziki sağollaşır. İntihar etmiş şəxs demək ki, artıq çoxdan mənəvi intihar edib. Düşünürük ki, intiharlar daha çox gənclər arasında baş verir, çünki çılğın bir qərardır. Etirazdır və cəsarət tələb edir. Gənclərin intiharı qəbul olunmadığı üçün hər zaman cəmiyyətə SOS siqnalı ötürür”.



Ekspert deyib ki, intiharın yaşı və şəxsiyyəti yoxdur:

“İntihar düşüncəsi var. Bu düşüncənin yaranmasına da bir səbəb olur. Səbəblər müxtəlif ola bilər. Yaşlı insan niyə intihar edir?

O, tənha ola bilər, xroniki xəstəlikdən, gecikmiş şizofreniyadan əziyyət çəkə bilər və ya mənəvi böhran içində ola bilər. İnsanın müəyyən yaşlarda keçirdiyi travmalar ahıl yaşa çatdıqda özünü daha çox büruzə verə və şəxsi qeyri-adekvat addımlar atmağa məcbur edə bilər. Yaşlı, qoca insanları intihara sövq edən səbəblərdən biri də artıq özlərinə verəcəyi bir sualın qalmamasıdır, həyat onlarçün artıq maraqsızdır, yaşamağa səbəbləri yoxdur”. 

Son olaraq R.Nəcəfov qeyd edib ki, insanların bir-birinə biganəliyi də intihara apara bilər:

“Doğmalarımızda suisidal düşüncələr yaranırsa, mütləq mütəxəssislərə müraciət etmək lazımdır. Çünki istənilən subyektiv səbəbin obyektiv cavabı var. Hansı yaşda olmadığından asılı olmayaraq insan gələcəyə baxmağı bacarmalıdır. İntihar həm də insanların bir-birinə olan biganəliyidir. Sevdiklərimizə diqqət və qayğını əsirgəməməliyik. İntihara səbəb olan düşüncəni dəyişməliyik. Düşüncən dəyişdiyi zaman həyatın da dəyişir - psixologiyada əsas yanaşma budur”.
Tarix: 11-10-2023, 18:06
Xəbəri paylaş





Xəbər lenti