Prezident tərəfindən 4 medalla mükafatlandırılan şəhidin anası çarəsiz vəziyyətdə - MÜRACİƏT

Prezident tərəfindən 4 medalla mükafatlandırılan şəhidin anası çarəsiz vəziyyətdə - MÜRACİƏT

Siam.az bildirir ki, Tovuz rayonu, Pələkli kənd sakini, şəhid anası Əliyeva Kübrə Qulu qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şəhid anasının məktubunu olduğu kimi dərc edirik:
"Cənab Prezident!
Mən, Əliyeva Kübrə Qulu qızı, yazaraq diqqətinizə çatdırmaq istəyirəm ki, oğlum Əliyev Aqil Faiq oğlu 44 günlük Vətən müharibəsində Şəhid olub.
Mən hazırda ucqar kənddə acınacaqlı şəraitdə yaşayıram. Himayəmdə 2 qüsurlu övladım var. Yaşadığım evdə müvəqqəti çöldə qalmamaq üçün yaşayıram.
Sizdən xahiş edirəm ki, şəhid balama və 2 qüsurlü övladlarıma xatir məni evlə təmin edəsiniz.
Evdə qaz yoxdur, aldığım təqaüd odun xərcini və xəstə övladlarımın iynə-dərmanını ancaq görür.
Qeyd edim ki, oğlum Əliyev Aqil 1999-cu il, yanvarın 10-da Tovuz rayonunun Pələkli kəndində anadan olub. 2005-ci ilin sentyabrında Pələkli kəndində Şəhid Rəhmanov Vaqif adına tam orta məktəbinə daxil olmuşdur. Atası Əliyev Faiq Çərkəz oğlu 2001-ci il avqustun 1-də uzun müddət sürən xərçəng xəstəlyindən dünyasını dəyişib.
Aqil 1 yaşından atasız böyüyüb. Uşaqlarımı tək böyüdüb, boya- başa çatdırmışam. Aqilin ən böyük arzusu futbolçu olmaq idi, lakin imkanımız yaxşı olmadığından onu bu arzusuna çatdıra bilmədik. Daha sonra hərbçi olmaq istədiyini bildirdi, bu səbəblə də 2017-ci il yanvarın 11-də həqiqi hərbi çağrışı ilə hərbiyə yollandı.
9 noyabr 2017-ci ildə hərbi hissə komandiri, polkovnik-leytenant Vilayət Quliyev tərəfindən dəfələrə "Fəxri Fərman”la təltif olunub.
2020-ci il yanvarın 21-də Mingəçevirdə kursa yollanmışdır. 17 martda doğma yurdu olan Tovuza qayıtmışdır.
Aprelin 14-dən etibarən N nömrəli hərbi hissədə qulluq edib. Tovuz döyüşlərində qəhramanlıqlar göstərmişdir. 15.10.2020-ci il tarixində Suqovuşan, Talış ərazisində gedən döyüşlərdə 21 yaşında qəhrəmancasına Şəhidlik zirvəsinə ucalmışdır.
Oğlum subay idi. Onun qəlbi daim Vətən eşqi ilə döyünürdü. O, hər dəfə Dağlıq Qarabağ işğalı barədə söz düşəndə "biz uduzan xalq deyilik " deyərək, qətiyyətli vətənpərvər mövqeyindən bir addım da geri çəkilmirdi.
Aqil Əliyev ölümündən sonra “Vətən uğurunda”, “Cəsur döyüşcü”, “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Cənab Prezident!
Sizdən xahiş edirəm ki, mənim bu müraciətimi cavabsız qoymayın”.
Jalə FAMİLQIZI
Tarix: 23-10-2023, 21:51
Xəbəri paylaş





Xəbər lenti