Şəhid xanımından nazirə ürəkparçalayan MÜRACİƏT


Şəhid xanımından nazirə ürəkparçalayan müraciət (əlaqə: 051 786 30 61)
Cənab nazir! 
Xocalı sakiniyəm, ailə üzvlərim ilə 28 gün erməni əsirliyində olmuşuq. Ermənilər mənim və övladlarımın gözü önündə həyat yoldaşımı güllələyib şəhid etdilər. 
Cənab nazir!
Yaşadığım faciəni geniş yazıb yaramın qaysağını qopartmaq istəmirəm. Bildirim ki, 84 yaşım var, birlikdə yaşadığım oğlum birinci qrup əlildir. Həmin bu oğlumun övladı yəni nəvəm uzun müddətdir ki, işsizlikdən əziyyət çəkirdi. Bu il Qarabağ Regional Təhsil idarəsi ilə müqavilə (63 nömrəli, 15.09.2023 cü il tarixli müqavilə) bağlayıb, Tərtər rayon Qaraqoyunlu kənd orta məktəbinin bufetini işlətmək istədi. Nəvəmin regional idarə ilə müqavilə bağlaması, direktor Yeganə xanımın ürəyincə olmadığından başladı problem yaratmağa ki, bəs mənim "xeyir - duamı" almadan niyə gedib regional ilə müqavilə bağlamısan?(!)... Belə başa düşürəm ki, şəhidin bir qrup əlil oğlunun övladından "xeyir - dua" tələb etmək nəinki təhsil, ölkəmiz adına, hətta prezidentimizin şəhid ailələrinə dəstək olun çağırışına hörmətsizlikdir... 
Cənab nazir!
Bu gün nəvəm direktorun "xeyir - dua" tələbindən regionalın yeni təyin olunmuş rəisi Anar Məcidovun qəbuluna gedib şikayət etsə də, yeni rəis tələb edib ki, ya şəhidin arvadı - yəni 84 yaşlı mən mütləq onun ayağına gedib şikayət etməliyəm ya da nəvəm özü gedib direktor ilə "dil" tapmalıdır...
Qeyd etdiyim kimi Xocalı soyqırımını yaşamış, 84 yaşlı şəhid xanımıyam. Ailəlikcə 28 gün erməni əsirliyində olmuşam, yoldaşımın şəhid məzarı belə yoxdur, çünki nəşi tapılmayıb. Bundan əlavə iki övladımı faciəvi şəkildə itirmişəm, bir övladım isə birinci qrup əlildir. İndi direktor Yeganə - rəis Anar Məcidov cütlüyü sanki məni dolayır! 
Cənab nazir!
Məni bu iki sual düşündürür. İstəyirəm ki, siz anlamağım üçün mənə köməklik edəsən. Xahiş edirəm bu iki suala şəxsən siz cavab verəsəniz:
1) Regional ilə müqavilə bağlanıbsa, direktorun "xeyir - dua" tələbi nə deməkdir?
2) Regional rəisinin "direktorla dil tap" deməklə, nə demək istəyir?

Kanal13.TV 
Tarix: 27-10-2023, 09:01
Xəbəri paylaş





Xəbər lenti