Misli-bərabəri olmayan FIRILDAQ... - ÖZBAŞINA QALIBLAR...


Azərbaycanda mərc bazarının əsas inhisarçısı Misli azerlotoreya şirnikləndirici reklamlarla insanların cibinə girməklə kifayətlənməyib, fırıldaqlara əl atmağa başlayır. Azadmedia.az 2 gündə 2 fakt ortaya çıxarıb...
Birində vətəndaş 2 kuponla 865 manat udsa da, Mislinin Qarayev məntəqəsində məbləği verməkdən imtina edir, işçinin əmsallarda səhv ertdiyini bildirirlər.
Azərlotereya ASC-nin rəsmi cavabını oxuyaq - (Qarşılaşdığınız halda bir neçə oyunun əmsalının qarışıq düşməsi halı yaşanmışdır (“səhv əmsal”). Oyun industriyasında belə hallar mümkündür. Buna görə də, qanunvericilik bu halı tənzimləyir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli 153 nömrəli qərarı ilə təsdiqlənmiş “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın 4.18-ci maddəsinə uyğun olaraq, oyun əmsallarında səhv varsa və bu səhvə uyğun olaraq mükafatın ümumi məbləği hesablanıbsa, Operator düzgün əmsalları tətbiq edərək uduşların ümumi məbləğini hesablamaq və iştirakçıya qazanılan mükafat kimi bu hesablamanın nəticəsində meydana gələn məbləği ödəmək hüququna malikdir. Yəni, məsələn, əmsal 19 kimi verilibsə, lakin əslində 1.9 olmalı idisə, qazanılan mükafat ilkin verilən yanlış 19 əmsalı ilə deyil, 1.9 əmsalı ilə hesablana bilər.
Bundan başqa, adı çəkilən Qaydaların 6.5-ci maddəsində qeyd edilir ki, proqramda elan olunan əmsallar başlanğıc əmsallardır və Operatorun riskin idarə edilməsi mərkəzi zəruri hesab edərsə, bunları dəyişdirmə hüququna malikdir.
Göründüyü kimi, Operator qanunvericiliyə uyğun hərəkət etmişdir).
İşçi 1 kuponda səhv etsin, hər iki kuponda "səhv etməsi" təsadüf sayıla bilərmi? Kuponların arxasında yazılıb ki, yekun əmsal kupondaki əmsal hesab olunur...

Misli-bərabəri olmayan FIRILDAQ...
Misli-bərabəri olmayan FIRILDAQ...

İkinci fakt canlı mərc proqramında statistikanı, hesabları səhv göstərməsidir. Təsəvvür edin, şirnikləndirici vədlərinə inanıb, bütün qazancını, hətta kredit kartlarındakı pulları uduzan sadəlövh vətəndaş uduzduğu pulları qaytarmağa həvəslənir, hesabı başqa mənbədən dəqiqləşdirmədən tələsik pul qoyuluşu edir. Fakt açıqlananda da adını texniki səhv qoyurlar. Bu "texniki səhvlər" nədənsə həmişə Mislinin xeyrinə səhvlər olur. Son günlər belə "texniki problemlər" dəfələrlə olur və maraqlıdır ki, şirkət bu problemi aradan qaldırmağa çalışmır...
Yerləşdirdiyimiz nümunədən göründüyü kimi, "Kolos" - "Dinamo" qarşılaşmasında hesab 1:1 olsa da, həmin vaxt "Misli" canlı proqramda qonaq komandanın 1:0 öndə olduğunu göstərir, özü də qələbə əmsalı fantastik. Tamahına yenik düşən vətəndaş da tələsik qələbəyə pul yatırır, bir də onda ayılır ki, uduzub...

Misli-bərabəri olmayan FIRILDAQ...
Misli-bərabəri olmayan FIRILDAQ...

Faktın ikisini yazdım. Bəlkə də belə faktlar minlərlədir.
Xatırlatma üçün “Misli”nin və “pozqazan”ların Azərlotereyanın gəlirlərinə təsirini təqdim edirəm.
“Azərlotereya”nın lotereyaların satışından və mərc oyunlarından cəmi gəlirləri 4 il ərzində belə sürətlə artıb.
2022 – 258.2 milyon manat
2021 – 43.9 milyon manat
2020 – 49.9 milyon manat
2019 – 59.3 milyon manat
2018 – 40.5 milyon manat
Büdcəsi 5 ildə 40 milyondan 260 milyonu keçən Azərlotereya ASC, pul gəldikcə, daha çox gəlməsini istəyirsiz, bircə ictimai tualetlərdə və mənzillərdə reklamınız yoxdu. Əksər medianı da verdiyiniz aylıq paketlərlə susdurmusuz. Amma irin-qanlıdı, göz yaşılıdır sadaladığım yollarla qazandıqlarınız. Bir gün mütləq hüquqi dövlətdə yaşayıb fəaliyyət göstərməyinizin fərqində olacaqsınız, İlahi ədalət də öz yerində.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nəhayət hərəkətə keçəcək. Səbrimiz böyükdü, biz gözləyək, gözləməyimiz vətəndaşların fırıldaqla aldadılması, uduzulan pullara görə ailələrin dağılması, intiharların baş verməsi hesabına olsa belə...
Elnurə Abuşova

www.AzadMedia.az
Tarix: 31-10-2023, 13:31
Xəbəri paylaş





Xəbər lenti