Qarabağda qiymətlər niyə bahadır? – Millət vəkili aydınlıq gətirdi


Xəbər veridiymiz kimi, tanınmış jurnalist İlham Tumas sosial şəbəkə hesabında Qarabağda iaşə obyektlərində qiymətlərin baha olmasından şikayətlənib. O, iddia edib ki, Laçına köçən insanlardan bəziləri artıq geri qayıdıb.


Məsələ ilə bağlı millət vəkili Fazil Mustafa Bakupost.az –a açıqlama verib.



F.Mustafa qeyd edib ki, indi əsas diqqət infrastrukturun qurulmasına yönəlib:

“Əslində bu çox üzücü bir məsələdir. İşğaldan azad olunmuş ərazilərdə daha çox şərait yaradılmalıdır ki, insanlar orada yaşamağa maraq göstərsinlər. İnsanlar üçün iş yerləri açılmalı, təsərrüfatla məşğul olmaları təmin olunmalıdır. Bu, tədricən yəqin ki, olunacaq. Çünki indi əsas diqqət infrastrukturun qurulmasına yönəlib. Buna görə də insanlar bir az səbirli olmalıdır. Restoran, market və bu kimi başqa məsələləri də anlamaq lazımdır. Deyək ki, əhali yoxdur, daimi müştərisi olmayan yerlər qiymətləri məcburi baha eləyir”.

Millət vəkili vurğulayıb ki, bu məsələ həll olunmalıdır:

“Daha əlverişli qiymətlərlə burada iaşə sektorunun qurulmasının mexanizmi tapılmalıdır. İlham Tumas müharibədə döyüşmüş bir şəxsdir və bu prosesləri çox yaxşı bilir. Onun qaldırdığı məsələ kifayət qədər ciddi məsələdir. Müvafiq qurumlar bunun üzərində düşünüb addımlar atmalıdırlar. Çünki başqa cür bunu həll etmək mümkün deyil”.
Tarix: 1-11-2023, 21:55
Xəbəri paylaş





Xəbər lenti