Azərbaycan əhalisi qocalır? - ilginc səbəblər, mümkün fəsadlar

 
Üzeyir Şəfiyev: “Gənc ailələrə sosial dəstək proqramları qəbul edilməlidir, yoxsa...”
Azərbaycanda gözlənilən orta ömür uzunluğu davamlı olaraq artmaqdadır. Musavat.com xəbər verir ki, 65 və yuxarı yaşda əhalinin sayı 2018-ci ilin əvvəlindəki 648,2 min nəfərdən 32,6 faiz artaraq, 2023-cü ilin əvvəlinə 859,4 min nəfərə çatıb.
Hesablamalara əsasən, 2050-ci ildə 65 yaş və həmin yaş üzərində olan şəxslərin əhali tərkibində xüsusi çəkisi 17,8 faizə yüksələcək. (Trend)
Qeyd edək ki, 2021-də bu göstərici 7,5 faiz olub, bu il isə 8,5 faizdir. 
Orta ömrün artması, əlbəttə, yaxşıdır. Lakin bu, Avropadakı kimi, əhalinin tədricən qocalması anlamına gəlmir ki? Prosesin hansı fəsadları ola bilər? Nə vaxtsa işçi (əmək bazarı), orduya çağırış problemi ola bilərmi?
Yeri gəlmişkən, Hesablama Palatasının İşsizlikdən Sığorta Fondunun 2024-cü il üçün büdcə layihəsinə rəyində də qeyd edilir ki, Azərbaycanda pensiya təminatı sisteminin dayanıqlığının təhlili zamanı nəzərə alınan elementlərdən biri də əmək qabiliyyətli yaşda (20-64 yaş) olan hər 100 nəfərə düşən 65 və yuxarı yaşda olan şəxslərin sayıdır. Yaşlı əhalinin əmək qabiliyyətli yaş qrupuna nisbəti kimi müəyyənləşdirilən, ölüm, doğum və miqrasiyadan asılı olaraq dəyişən bu demoqrafik göstərici əhalinin ümumi yaşı artdıqca qocalmış əhali ilə bağlı artan ehtiyacların dəstəklənməsində əmək qabiliyyətli əhalinin iştirak payını əks etdirmək məqsədi daşıyır.
“Nisbətin aşağı olması işçi qüvvəsindən asılı əhalini dəstəkləyə biləcək kifayət qədər insanın olduğunu göstərir. Aşağı nisbət eyni zamanda yaşlı insanlar üçün yüksək pensiyalar deməkdir. Nisbətin yüksək olması isə əksinə, asılı əhalinin daha çox hissəsinin işçi qüvvəsi tərəfindən dəstəklənməsinə zərurətin olduğunu göstərir ki, bu da nəticədə fondun gəlirlərinin daha çox hissəsinin əhaliyə ödənişlərə yönəldilməsi deməkdir”, - deyə qeyd edilir.
Palata müqayisə olaraq bir neçə ölkəni misal gətirir və 2020-ci il üzrə 65 yaşdan yuxarı hər 100 nəfərə düşən yaşı 65-i keçmiş pensiyaçılar üzrə ölkələrdən Azərbaycana bir qədər Türkiyə yaxındır. Türkiyədə bu faiz nisbəti 15.2%-dir. Şimal qonşumuz Rusiyada isə bu göstərici 25.3% təşkil edib.
Azərbaycanda bu göstərici 2020-ci ildə 10.4%, 2021-ci ildə 10.9%, 2022-ci ildə 11.5%, cari ildə isə 12.2% olub. Göründüyü kimi, ölkədə potensial işçi qüvvəsinin sayı azalır, pensiyaçıların sayı isə artır.

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin kafedra müdiri Üzeyir Şəfiyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, 10 il əvvələ qədər gənclər ölkə əhalisinin təxminən 29 faizini təşkil edirdi: “Hazırda isə bu göstərici 22 faizə yaxındır. Maraqlı cəhət odur ki, son illər doğum zamanı oğlanların sayı qızların sayından çox olur. Bu, təxminən 27 yaşa qədər belə davam edir, ancaq bundan sonra qızların sayında artım baş verir.  Ümumiyyətlə, əhalinin say tərkibinin dəyişməsi və ahıl şəxslərin sayının artması qlobal tendensiya ilə bağlıdır. Bu proses bütün dünyada olduğu kimi, Azərbaycanda da artıb. Statistikadan da göründüyü kimi, ahılların sayında ciddi artım var. Bu da əhalinin təbii artımındakı mənfi saldo ilə bağlıdır. 2013-cü ildə bu göstərici 35 faizə yaxın idi. Son proqnozlara görə, ölkədə ahılların sayının artımı bir neçə onillik ərzində davam edəcək”. 
Ekspert ahıl insanlar arasında qadınların sayının çoxalmasına da diqqət çəkib: “Ahıl əhali arasında orta yaş dövrü kişilər üçün 71, qadınlar üçünsə 76 yaşdır. Orta statistik hesablamalar əsasında onların pensiyaya çıxdıqdan sonra 12 il pensiya alacağı proqnozlaşdırılır. Ölkəmizdə 80, 90, 100, hətta ondan yuxarı yaşda vətəndaşlarımız da var. Amma onların çəkisi nisbətən azdır. Bu yaş hədləri ilə bağlı statistika diqqəti cəlb etmədiyi üçün ağırlıq 71-76 yaşlı insanların üzərinə düşür. 20-25 il əvvəl çoxuşaqlı ailələrin sayı kifayət qədər çox idi. Ölkəmizdə 7-8 uşaqlı, hətta 10-12 uşaqlı ailələr vardı. Amma hazırda bu göstərici ciddi şəkildə aşağı düşüb və bir ailədə ən yaxşı halda 3, nadir hallarda isə 4 və ya 5 uşaq olur. Artıq 1 uşaqlı ailələrin sayı da artmaqdadır. Bu da onu göstərir ki, ölkədə ailə planlaşdırılması düzgün aparılmır və bugünkü çətinliklər fonunda planlamada bəzi dəyişikliklər etməli olurlar”.
Ü.Şəfiyev onu da qeyd edib ki, beynəlxalq meyara görə, əgər əhalinin sayında ahılların çəkisi 7-8 faizdən çoxdursa, bu, əhalinin qocalması, qoca əhali anlamına gəlir: “Necə ki Avropa ölkələrində əhalinin sürətli qocalma prosesi gedir. Hətta Almaniya, Fransada əmək miqrantlarına ehtiyac yaranıb. Almaniya açıq şəkildə müxtəlif ölkələrə müraciət edib. Xüsusilə tibb sahəsində işçilərə ehtiyac yarandığına görə əmək miqrantlarına ehtiyac duyduğunu bəyan edib. İngiltərədə də bu proses gedir. Bu olmasın deyə şübhəsiz ki, gənclərlə ahıllar arasında nisbəti tənzimləmək lazımdır.
Bir sözlə, demoqrafik dəyişikliklər insanların həyat şərtləri ilə bağlıdır və sosial-iqtisadi vəziyyətin imkan verdiyi səviyyədə uşaqların sayının az olmasına üstünlük verilir. Bu ondan irəli gəlir ki, dövlətin demoqrafik artımı stimullaşdıran aktiv və praktiki sosial dəstək layihələri yoxdur. Gənc ailələrə sosial dəstək proqramları qəbul edilməlidir. Gənclərin ailə qurması üçün təşviqat işləri aparılmalıdır.  Gənclər niyə evlənmirlər, çünki onların mənzil şəraiti, məşğulluq məsələləri həll olunmalıdır. Güzəştli mənzillər verilməlidir ki, gənclər bu problem ucbatından evlənməkdən yayınmasınlar. Bir çox hallarda güzəştli mənzillər verilən zaman orada tələb olunan kriteriyalar hər kəsə uyğun olmur, bunlar aradan qaldırılmalıdır. Rayon yerlərində olan gənclər paytaxta axın edir. Niyə? Kənddə yaşayış şəraiti yaratmaq üçün onlara pay torpaqları verilməlidir ki, onlar özlərinin mənzil şəraitini, yaşayışını qura bilsin. Eyni zamanda kəndlərdə gənclərin mənəvi ehtiyaclarını ödəmək üçün müxtəlif layihələrin həyata keçirilməsinə ehtiyac var. Gənclər mənəvi ehtiyaclarını ödəmək üçün paytaxta üz tutmamalıdırlar. Bölgələrdə onlar işlə təmin olunmalıdırlar, müasir kitabxanalar olmalıdır, paytaxtdan kəndlərə incəsənət adamları çağırılmalıdır və onların tədbirləri təşkil edilməlidir. Kəndlərdə də mənəvi həyat qaynamalıdır. Mədəniyyət klublarının fəaliyyəti, əyləncə mərkəzləri olmalıdır. 
Hökumət sosial dəstək layihələrini işə salmalıdır ki, bu da demoqrafik artımı dəstəkləyə bilər. Cəmiyyətdə çoxuşaqlı ailələrin stimullaşdırılmasını təşviq edən layihələr işə düşərsə, yeniyetmə və gənclərin xeyrinə dəyişiklik müşahidə oluna bilər, hətta əhalinin qocalmasının qarşısını bu şəkildə almaq olar. Son illər nikahların sayında da azalma var, amma boşanmalarda kəskin artım tendensiyası müşahidə olunur ki, bu da təbii artıma təsir edir".
Tarix: 7-11-2023, 10:06
Xəbəri paylaş





Xəbər lenti